EUR USD RUB

Maraqlı

Avropa qadını kimdir?

  • 699 dəfə
  • Tarix 09 Yanvar 2018 / 14:50
Avropa qadını kimdir?

Avropa qadınları bizim qadınlardan fərqli olaraq daha sadə və təvazökardırlar. Daha sadə və diqqətçəkməyən tərzi seçirlər. Onlar sakit, gülərüz, mehribandırlar. Heç kimi yuxarıdan aşağı qəzəbli baxışlarla süzməz və heç bir halda “neçə yaşın var, niyə ərə getmirsən, uşağın niyə yoxdu, niyə belə arıqsan və ya köksən, nə qədər maaş alırsan?” kimi suallar vermirlər. Heç kimi günahkar çıxarmağa və ya birbaşa tənqid etməyə çalışmırlar. Tənqidi belə, çox incə və nəzakətlə etməyə çalışırlar. Münasibətlərdə çox sərbəstdirlər. Evlilik, ailə onlar üçün ikinci plandadır...

Bunlar bir çoxlarının avropalı xanımlar haqqında fikirləridir.

 

“Kimdir avropa qadını: çox tərbiyəli, çox humanist, tolerant, gözüaçıq, səmimi, gülərüz, çalışqan, fədakar, dünyanı geniş görən, dostcanlı, ailəsi və uşağı üçün fədakarlıq edən kimi tanıyıram”. Bu sözləri isə 20 ildir Niderlandda yaşayan həmvətimiz Afaq xanım Mürsəl deyir.

 

Gəlin bir qədər araşdırma edib türklər demiş “önyarqılardan” uzaq nəticəyə gələk:

 

Kimdir Avropa qadını?

 

P.S. Burada daha çox ümumi Avropa qadını obrazından danışılır. Təbii ki, istisnalar vardır.

Avropa qadınları həyata daha sadə baxırlar. Perfoksionist deyillər, hər şey mükəmməl olmalıdır və ya hər şeyin ən yaxşısı onların olmalıdır deyə düşünmürlər. Onlar hər şeyi və hər kəsi olduğu kimi, təmkinlə qəbul edirlər.

 

Avropada qadınlar həmişə funksional və rahat olanı seçirlər. Bu, onların daha feministləşmiş və azad olmalarından irəli gəlir. Əgər işə tələsirlərsə, makiyaja və saçı düzləşdirməyə vaxtları yoxdursa, bu, onlar üçün problem deyil. Asanlıqla saçını “at quyruğu” yığıb, makiyajsız evdən çıxıb velosipedləri ilə yola düzəlirlər. Çünki onlar düşünürlər ki, təbii gözəlliyi vurğulamağa ehtiyac yoxdur, onlar hər halları ilə gözəldirlər. Həm də həyat çox qısadır, belə xırda şeylərə görə vaxt itirməyə, problem yaratmağa nə ehtiyac var? Həyatdan zövq almaq lazımdır. Kompleksiz, çərçivəyə sıxılmadan, sərbəst və rahat ...

 

Nə qədər az olsa, bir o qədər yaxşıdır!

 

Avropa xanımları makiyajı o qədər də sevmirlər. İtaliyalı xanımların şux və diqqətçəkən makiyaj sevdasından fərqli olaraq, İsveç və Niderlandda makiyajlı xanım tapmaq çox müşkül məsələdir. Avropalı qadınların devizi budur: “nə qədər az olsa, bir o qədər yaxşıdır”. Buna görə də orada gəzərkən əsasən ya az makiyajlı, ya da makiyajsız xanımları görmək olar.

 

Rahat və funksional

 

Tərzə gəlincə isə, onlar geyimləri ilə seçilməyi sevmirlər. Nədənsə bizə elə gəlir ki, Avropada qadınlar podiumda göstərilən kolleksiyalardakı kimi geyinir. Bu, heç də belə deyil. Onlar çox sadə, əsasən sport və basic (beyzik) tərzində geyinməyə üstünlük verirlər. Son zamanlar dəbə düşən kapüşonlu balaxonlar avropalı xanımların ən sevimlisidir. Gənclərin slenqində “kenquru” adlanan bu köynəklər daha çox Almaniya, Belçika, Avstriya və Finlandiyada məşhurdur. Bu geniş, rahat və ucuz geyimdə onlar asanlıqla hər yerə gedə, velosipedlə rahat hərəkət edə bilirlər. Məsələn, Niderlandda yaşayan həmvətənimiz Afaq xanım da bunu vurğulayır ki, məktəb qarşısında övladlarını gözləyən analara diqqət etdikdə bunu asanlıqla görmək olur: “Hündür, arıq, sarışın və ağbənizli xanımlar. Onlar çox bənzəyirlər. Maddi vəziyyətlərindən asılı olmayaraq, bu, belə olur. Seçilməyi sevmirlər”.

 

Hündürdaban yoxsa, sport ayaqqabı?

 

Bizim xanımlarımızdan fərqli olaraq, Avropada qadınlar gündəlikdə hündürdabanlıdan istifadə etmirlər. Bu ayaqqabıları onlar ancaq xüsusi günlərdə: toy, ziyafət və s. geyinirlər. Avropalıların gündəlik ayaqqabıları sport ayaqqabı, ked, makasin, sandalet, kroks ola bilər. Amma heç bir halda əziyyətə dözərək hündürdabanlıda gəzintiyə çıxmırlar. Təbii ki, İtaliya xanımları istisnadır.

 

Dağınıq və təbii

 

Əgər Avropada olmusunuzsa, o zaman orada qadınların saç rənginin daha çox təbii saç tonlarında olduğuna fikir vermisiniz. Ümumiyyətlə, onlarda gənc xanımlar çox az hallarda saçlarını boyadırlar. Təbiiliyi sevdiklərindən bu, onlara qəribə gəlir. Saç düzümləri də əsasən təbii olur. Yəqin ki, “Təmiz yuyulmuş saçlar artıq saç düzümüdür!” ifadəsini eşitmisiniz. Bu ifadə Parisdə formalaşıb və elə burada da səliqəsiz saç düzümləri dəbi yayılmağa başlayıb. Təbii qurudulmuş, tələsik yumaq edilmiş və ya səliqəsiz hörülmüş saçlar Avropa qadınlarının ən sevimli saç formalarıdır. 

 

Ekoloji təmiz və sağlam seçim

 

Avtomobilə gəlincə deyə bilərik ki, avropalılar sağlam həyat tərzinə üstünlük verdiklərindən daha çox velosipedlə hərəkət edirlər. Bu, hamıya məlumdur. Bir ailənin yalnız 1 avtomobili ola bilər. Onu da çox uzaq məsafələrə səyahət etdikləri zaman ailəvi istifadə edirlər. Amma gündəlik iş, məktəb və digər işləri onlar velosipedlə həll edirlər. Yuxarıda qeyd etdiyimiz kimi, qadınlar sadə geyim seçdiklərindən velosipedlə rahatlıqla işə və ya başqa gündəlik işləri həll etmək üçün gedə bilirlər. Saçlarının buruqları korlanmasın və ya hündürdaban ayaqqabıda işə gedə bilmək üçün taksi sifariş etmirlər. Geyimlərini velosipedi rahat idarə edə bilmək üçün seçirlər. Bu məqama diqqət etmək lazımdır.

 

Evlilik

 

Avropa qadınlarının evlilik haqda təsəvvürləri tamam fərqlidir. Onlar ailə qurarkən maddi cəhətdən kişidən asılı olmağı ağıllarına belə gətirmirlər. Onlar üçün əsas məqsəd həyatı bölüşə biləcəkləri yol yoldaşını tapmaqdır. Avropada ailədə hər şey bərabər bölünür: maddi, mənəvi bütün öhdəliklər və vəzifələr. Avropalı qadınlar üçün ailə heç də 2-ci planda deyil. Onlar ailələrini - ərlərini və uşaqlarını çox sevir, qoruyur və fədakarlıq edirlər. “Çox ailəcanlı, uşaqları, ərləri üçün fədakarlıq etməyi bacaran, sadiq bir xanımlardır. Bu 20 ildə bir dəfə olsun xəyanət eşitmədim. İstər qadın, istərsə də kişi. Fərq etmir. Boşanırlar, sonra kənar əlaqədə olurlar. Rəsmi olaraq ayrıldılar və yalnız bundan sonra başqa münasibət düşünürlər. Çox hörmət var ailəyə”. Bunu 20 ildir Niderlandda yaşayan Afaq xanım deyir.

 

Burada uşaqlara münasibət də fərqlidir. Analar uşaqları ilə çox vaxt keçirər, tez-tez gəzintiyə çıxarlar. Uşaqlara geyim seçərkən də əsas məqsəd uşağın sağlamlığı, təhlükəsizliyi və rahat olmasıdır. Geyimi ona rahat hərəkət edib, “dünyanı tanımağa, kəşf etməyə” mane olmamalıdır. Hər hərəkətdə panikaya düşməz, çox sakit tonla hər xırdalığı uşağa izah edərlər. Və ən əsası Avropa anaları insanlar və uşaqları fərqləndirməyə çalışmazlar. Yəni “pis və ya yaxşı” uşaq anlayışı yoxdur onlar üçün. Millətindən, irqindən, cinsindən və sağlamlığından asılı olmayaraq, bütün uşaqların birgə yaşaya biləcəyini aşılamağa çalışırlar. Onlar belə düşünür: “Dünya çox böyükdür, mənim övladım isə onun kiçik bir parçasıdır. Mən ona dünyanın necə geniş, böyük və fərqli olduğunu göstərməliyəm. Qoy böyüyəndə dünyanın mərkəzində onun durduğunu düşünməsin!”.

Və “ən önəmlisi, insan heç kimi puluna və paltarına görə qiymətləndirməməlidir. Bu zamanlar çoxdan keçib, dünya başqa cürdür. İnsan insanı içindəki insana görə salamlamalı, danışmalı və qəbul etməlidir”.

Güman ki, yazılanlar sizin Avropa xanımları haqqında təsəvvürünüzü formalaşdıra bildi.

 

Aysel Babayeva

 

SİZİN REKLAM BURADA