EUR USD RUB

Sağlıq

Məşhur həkim: "O infeksiyalar uşaqlarda böyrək çatışmazlığı yaradır" - MÜSAHİBƏ

  • 6641 dəfə
  • Tarix 09 Yanvar 2018 / 14:18
“O içkilər genefondu dağıdacaq”

Ailem.az-ın müsahibi tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımidir.

 

- Mircəlal həkim, Azərbaycanda yeganə həkim komandasısınız ki, orqan transplantasiyası həyata keçirirsiniz. Neçə-neçə xəstəyə yenidən həyat bəxş etmisiniz. Seçdiyiniz peşənin çətinliklərinin öhdəsindən necə gələ bilirsiniz?

 

- Hər bir ixtisas vacibdir və hamısı çətinliklə əldə olunan peşələrdir. Amma onların içərisində bir neçə ixtisas var ki, xüsusi yetişmə və fədakarlıq tələb edir. Bunlardan biri də həkimlik peşəsidir. Həkimlik peşəsinə digər ixtisaslara nəzərən daha gec yiyələnirlər. Bunun tədrisi üçün müəyyən müddət lazımdır. Təsəvvür edin ki, Azərbaycan təhsil sistemini götürəndə 11 illik orta məktəb, 6 illik universitet təhsili və ondan sonra əgər ixtisaslaşma gedəcəksə, ən azı 3-4 və ya 5 illik ixtisasdan asılı olaraq tədrisə ehtiyac olur. Müxtəlif ölkələrdə bu, tamam fərqlidir. Məsələn, ən çətin həkim ixtisasına yiyələnilən ölkələrdən biri də Amerikadır. Orada bütün bunlardan əlavə, ən az 5 il  ümumi cərrahiyyə ixtisası, ondan sonra isə ixtisasdan asılı olaraq, 3-5 il müddət ərzində daha dar ixtisasa yiyələnirlər. Mən ümumi cərrahiyyə və orqan transplantasiyası üzrə 5 illik ümumi cərrahiyyə təhsili, sonra 3 illik orqan köçürülməsi, ardınca da orqan transplantasiyası tədrisi almışam.

 

- Yəni deyirsiniz ki, həkimliyə, xüsusilə də cərrahiyyəyə yönələn insanlar zamanlarının çoxunu bu yolda qurban verirlər?

 

- Məsələ burasındadır ki, tibb təhsili içərisində ən çətini cərrahiyyə ixtisasıdır. Cərrahiyyə ixtisasının sizdən tələb etdiyi xüsusi nüanslar var. Bu nüanslardan biri odur ki, gərək öz sosial həyatınızdan müəyyən parçanı kəsib, bu peşəyə qurban verəsiniz. Eyni zamanda ictimaiyyət, qohum-dostlar arasında ən az görünən ixtisas sahibləri də həkimlər olur. Məsələn, dostlarımız, yoldaşlarımız zarafatla deyirlər ki, hətta sizi ildə bir dəfə görsək də, bizim üçün böyük nemətdir. Həyatımız elə qurulub ki, biz mütəmadi olaraq bu işin içindəyik. Cərrahiyyə ixtisası üzrə bunun tədrisinə ayrılan vaxt və ondan sonra bizim işimizə ayrılan vaxt tamamilə fərqli olur. Tədris prosesi zamanı biz sırf tədrislə məşğul oluruq. Burada da sosial həyatdan təcrid olunmuş şəkildə olursan. Daim mütaliə, tədris, cərrahiyyə və ondan sonra xəstələrin baxımı. Bunlar hamısı vaxt tələb edən şeylərdir. Hazırda professional həyatımızda da bu, davam edir. Yəni siz cərrahsınızsa, əməliyyatdan qabaqkı mərhələdə xəstələrlə mütəmadi sıx kontaktda olursunuz. Xəstələrin həyatından gəlib keçən xəstəliklər barədə bütün məlumatları toplamaq, əməliyyatın özünü icra etmək, əməliyyatdan sonrakı müddətdə xəstəxanada keçirdiyiniz vaxt - bunlar hamısı sizin professional həyatınıza təsir edir. Xüsusilə də mənim məşğul olduğum orqan köçürülməsi sahəsi cərrahi ixtisaslar içərisində ən çətini, ən məsuliyyətlisidir.

 

- Bu illər ərzində nə qədər orqan transplantasiyası əməliyyatı icra etmisiniz?

 

- Bu günə qədər 110 qaraciyər, 396 böyrək köçürülməsi əməliyyatı həyata keçirilib. Bunu 500 xəstə üzərindən hesablayırlar. Amma nəzərə alsaq ki, biz canlı qohum donorlardan istifadə edərək orqan köçürülməsi əməliyyatını icra edirik, bu o deməkdir ki, sırf orqan köçürülməsi 1000-dən artıq insana icra edilib. Analoji olaraq onların da donorları var. Qarşı tərəf də toplandığında bu, 1200-1300 civarında xəstə sayıdır.

 

- Yəqin ki, bu qədər sayda xəstə qəbul edib, yola salmaq elə də asan məsələ deyil və gətirdiyi müəyyən məsuliyyətlər də var...

 

- Təbii ki, insanlar çeşid-çeşid olduğu kimi, xəstələr də fərqlidir, xəstəlikləri də müxtəlifdir. Hər bir orqanizmin, insanın psixoloji olaraq xəstəliyə cavab reaksiyası da müxtəlifdir. Bunun özünün tibbi və sosial olaraq gətirdiyi yük və çətinliklər var. Tibbi olaraq bu, böyük bir əməliyyatdır. Xəstənin qaraciyəri və ya böyrəyi dəyişdirilir, başqa orqan ilə əvəz olunur. Əməliyyat prosesi özü də uzundur. Ortalama 6-8 saatlıq bir əməliyyatdan söhbət gedir. Burada ikili məsuliyyət var. Bir - xəstənin, iki - onun donorunun məsuliyyəti. Çünki əməliyyat ediləcək xəstənin donoru sağlam fərddir. Təsəvvür edin, sağlam, hər hansı şikayəti olmayan adamı əməliyyat edirsiniz. Və bunun nəticəsində o donora zərər verməmək lazımdır. Bizim üzərimizə düşən başqa bir məsuliyyət odur ki, respublikada fəaliyyət göstərən və sırf azərbaycanlı həkimlərdən ibarət olan yeganə komandayıq.

 

- Niyə xəstə sayı bu qədər artıqdır?

 

- Xəstələrimiz ağırlıq dərəcəsinə görə ağır xəstələrdir. Çünki zamanında əməliyyat üçün müraciət etmirlər. Zamanında müraciət edən insanların vəziyyəti nisbətən daha yüngül olur və reabilitasiyaları daha qısa olur. Ancaq ağır vəziyyətdə müraciət edən xəstələrin təbii ki, əməliyyatdan sonrakı prosedurası və toparlanmağı da bir az çətin və ağır olur. Bunun da bizim üzərimizə psixoloji yükü var. Çünki xəstə yaxşı olmalı, tez toparlanmalıdır. Bizim işimiz tək cərrahiyyə ilə xəstəxanada bitmir. Xəstəxanadan sonra bazar günləri, bayram günləri mütəmadi olaraq onlara xidmət edirik. Qeyri-iş günü olsa belə, komandanın bir və ya iki üzvü gəlib xəstələrə baş çəkir. Əməliyyatdan sonrakı müddətdə isə xəstələr evə getdiyi zaman bu əlaqə kəsilmir. Onlar ən adi problemində, dişi ağrıdıqda, qrip olduqda belə, bizimlə əlaqə saxlayıb məsləhət alırlar. Bizim telefonlarımızın bağlı, ya da əhatə dairəsi xaricində olması bir az müşkül məsələdir.

 

- Pasientləriniz arasında heç unutmadıqlarınız var?

 

- Xəstələrimizin hamısını demək olar ki, adbaad bilirik. Bütün hekayəsini, hansı rayondan gəlməsini və sair. Bunların içərisində bizim xüsusi diqqətimizdə olanlar uşaqlardır. 3-6-10 yaşında əməliyyat olunmuş, orqan köçürülmüş xəstələr var. Onlar uşaq olduqlarına görə bizim diqqətimizi daha çox çəkiblər. Onlar cəmiyyətdən tamamilə təcrid olunmuş vəziyyətdə olurlar. Məktəbə getmirlər, təhsil almırlar. Ən yaxşı halda təhsillərini evdə davam etdirirlər. Uşaqların uşaq yaşında təcrid olunmuş halda yaşaması asosial olmalarına gətirib çıxarır. Yəni sosial fərd olmurlar və gələcək həyatlarını rahat qura bilmirlər. Əməliyyat etdiyimiz xəstə uşaqlara həm böyrək, həm qaraciyər köçürmüşük. Artıq onlar həmyaşıdları ilə oynayır, parta arxasında oturub təhsillərini alırlar.

Qeyd edim ki, xəstələrimizin içərisində hər peşənin nümayəndəsi var. Çox sevindiricidir ki, əməliyyat etdikdən sonra onlar öz peşələrini davam etdiriblər. Biz yalnız insanları sağaltmaqla məşğul deyilik, həm də cəmiyyətə faydalı insanları həyata qaytarırıq. Dolayısı ilə bizim də cəmiyyətə faydamız olur.

 

- Məlumdur ki, orqan transplantasiyası çox bahalı bir əməliyyatdır və ehtiyacı olan hər kəsin də bu əməliyyatı etdirməyə imkanı yoxdur...

 

- Bilirsiniz, bu problem dünyanın hər yerində var. Məsələn, bizim üçün ən üst təbəqədə dayanan ABŞ səhiyyəsidir. Oradakı insanların 35-40 faizinin tibbi sığortası belə yoxdur və oradakı xidmət bizim ölkəmizdəkindən 10 qat daha bahadır. Təbii ki, bizim xəstəxanamız da ödənişli əsaslarla xidmət göstərir. Özü-özünü maliyyələşdirən tibb müəssisəsidir və əməliyyatlar ödənişlidir. Amma xəstələrimizin bir qisminin xərci dövlət tərəfindən həyata keçirilib. Bir qisminin əməliyyatı üçün yardımlar edilib. Digər qismi isə ödənişli əsaslarla əməliyyat olunub.

 

- Orqan transplantasiyası sahəsində donor qıtlığı problemi var. Bu problemi aradan qaldırmaq üçün hansı alternativ variantlardan istifadə etmək olar?

 

- Orqan köçürülməsi sahəsində donor qıtlığı bütün ölkələrin ortaq problemidir. Təəssüflər olsun ki, xəstələrin sayı getdikcə artır. Bunun müəyyən səbəbləri var. Məsələn, diaqnostikanın, səhiyyənin inkişafı, müəyyən qidaların keyfiyyətinin aşağı olması, ekoloji pozğunluq, stress və digər səbəblər. Bütün dünyada olduğu kimi, bizdə də xəstələrin sayı ilə donorların sayı tərs mütənasibdir. Bütün dünyada bunun həll yolları axtarılır. Çalışırlar ki, alternativ donor hovuzları yaradılsın. Müəyyən ölkələrdə meyit orqanlarından istifadə edilir və mən inanıram ki, yaxın gələcəkdə Azərbaycanda da bu olacaq.

 

Hazırda praktikamızda yalnız və yalnız canlı qohum donorlardan istifadə edirik. Amma meyit orqanlarından da istifadə etdiyimiz zaman bir alternativ donor hovuzu yaranacaq. Yəni xəstənin hansı donordan istifadə etməsi üçün seçimimiz olacaq. Çünki hər müraciət edən xəstənin donoru var deyə bir qayda yoxdur. Yaxud da ola bilər ki, ailə daxilində insanların münasibəti o dərəcədə yüksək deyil ki, ailə üzvlərindən hər hansı biri orqanlarından birini xəstəyə bağışlasın. O cümlədən təcili hallar olur. Qida, göbələk, toksik zəhərlənmələr olur, onda təcili əməliyyata ehtiyac duyulur. Bunlara canlı donor çatdırmaq, hazırlamaq bir az müşküldür. Amma meyit orqanları olarsa, təbii ki, müraciət olunacaq alternativ bir donor hovuzu olar. Bu cür alternativ hovuzlardan biri də çarpaz orqan transplantasiyasıdır. Artıq bir xəstəyə bunu icra etmişik. Çarpaz orqan transplantasiyası o deməkdir ki, özlərinin donorları xəstələrə uyğun gəlməyən xəstələr, qarşı tərəfdə uyğun gəlirsə, donorları bir-birləri ilə dəyişdirirlər. Məsələn, biz də bunu etdik. Qan qruplarına görə həyat yoldaşlarının böyrəkləri xəstələrə uyğun gəlmirdi. Lakin bu xəstələr öz aralarında donorlarını dəyişdirərək sağlamlıqlarına qovuşdular.

 

- Mətbuatda bəzi məşhur şəxslərin vəfat etdikdən sonra orqanlarını bağışlamaları ilə bağlı məlumatlara rast gəlirik. Bu, orqan qıtlığını aradan qaldırmağa kömək ola bilər?

 

- Bildirim ki, orqanlarını bağışlamaq istəyənlər təkcə məşhur insanlar deyil. Bizə çox şəxslər zəng edərək, ölümlərindən sonra orqanlarını bağışlamaq istədiklərini deyirlər. Əslində bu, çox gözəl addımdır. Lakin bunun mexanizmi tam işlənib hazırlanmayıb. Yəni bir təlimat olmalıdır ki, kimlərdən orqan alına bilər, beyin ölümü diaqnozu necə qoyulmalıdır? Bu konsepsiya tam hazır deyil.

 

- Yuxarıda qeyd etdiniz ki, uşaqlara da orqan transplantasiyası etmisiniz. Uşaqlarda böyrək, yaxud qaraciyər çatmazlığını yaradan səbəblər hansılardır?

 

- Uşaqlarda orqan çatmazlığının iki səbəbi var. Anadangəlmə və qazanılan. Anadangəlmə genetik səviyyədə pozğunluq olduğu zaman, hamiləlik dönəmində ananın keçirdiyi müəyyən xəstəliklər zamanı və sair şərtlərdən yaranır.

Qazanılan isə doğuşdan sonrakı müddətdə yaranır. Bunların içərisində qida, toksik zəhərlənmələr var. Digər tərəfdən ən sıx rastlanan səbəblərdən biri sidik yolu infeksiyalarıdır. Tez-tez qayıdan sidik yolu infeksiyaları uşaqlarda böyrək çatışmazlığı yaradır. Xəstəxanada nefroloq tərəfindən adicə bir sidik testi ilə diaqnoz qoymaq olar ki, uşaqda sidik yolu infeksiyası var, yaxud da yoxdur. Çünki gələcəkdə təkrarlanan sidik yolu infeksiyası böyrəklərin sıradan çıxmasına birbaşa zəmin yaradır.

 

- Səhv etmiriksə, böyrək və qaraciyər çatmazlığından əziyyət çəkən insanlar daha çox şəkər xəstələridir.

 

- Bəli, şəkər xəstəliyi ciddi bir problemdir və əksəriyyət insanlarda ikili tip şəkər xəstəliyi olur. Bəzən adi pəhriz vasitəsilə problem həll yolunu tapa bilir. Məsələn, kilolu insanlar var ki, çəki verməklə onlarda diabet öz həllini tapır, yəni xəstə sağalıb gedə bilir. Lakin artıq çəki ilə şəkərli diabet davam edərsə, xəstələrdə həm böyrək, həm də qaraciyər çatmazlığına gətirib çıxara bilir. Qaraciyərin yağlanması, qaraciyər çatışmazlığı qaraciyər serrozu yaradan başlıca amillərdən biridir. Şəkərli diabet də, eyni zamanda, böyrək çatışmazlığına və sıradan çıxmasına səbəb olur. Bizim əməliyyat edərək böyrək köçürtdüyümüz xəstələrin böyük əksəriyyəti şəkərli diabetə görə böyrəyini itirmiş xəstələrdir. Şəkərli diabet haqqında belə bir fikir var ki, əməliyyat etmək olmaz. Amma xeyr, bu, belə deyil. Şəkərli diabetin varlığı əməliyyata əks göstəriş deyil.

 

- Azərbaycanda səhiyyə və sağlamlıq mədəniyyətinə necə əməl olunur?

 

- Ümumiyyətlə, insanlarda səhiyyə və sağlamlıq mədəniyyəti olmalıdır. Necə ki geyinmə, danışıq, yemək mədəniyyəti var, sağlamlıq mədəniyyəti də eləcə. Bu nə deməkdir? Ən azı şəxsi gigiyenaya nəzarət etmək lazımdır. Xüsusilə şəxsi gigiyenaya nəzarət etməyən insanlarda sidik yolları infeksiyasına tez-tez rast gəlinir. Bundan əlavə, xəstələndiyimiz zaman xəstəxanaya müraciət etmək lazımdır, ara həkimlərinə deyil. Məsələn, təzyiqim var deyib qonşunun istifadə etdiyi dərmandan içmək olmaz. İxtisaslı, işinin professionalı olan həkimlərlə məsləhətləşmək lazımdır. Zamanında xəstəliyin qarşısı alınarsa, ciddi fəsadlardan da qorunmuş oluruq.

 

- Sağlamlıq mədəniyyəti demişkən, çox rast gəlirik ki, bəzi həkimlər xəstələrə rəva görmədikləri halda özləri içki içir, siqaret çəkirlər...

 

- Bizim komandamız təxminən 10-a yaxın həkimdən ibarətdir. Tam bir təsadüfdür ki, komandanın bütün üzvləri nə siqaret çəkir, nə də spirtli içki içir. Təbii ki, bu, çox gözəl haldır. Bütün insanları bu zərərli vərdişlərdən imtina etməyə mən də səsləyirəm. Siqaret, alkoqollu içkilərlə yanaşı, son zamanlar gənclər arasında enerji içkiləri bir dəb halını alıb. Bu içkilər ciddi mənada insanların gələcəyinə zərbə vuracaq, genefondu dağıdacaq bir şeydir. Maksimal dərəcədə ailələr də, ətraf çevrə də bu zərərli vərdişin qarşısını almağa borcludur. Vərdiş yaradan hər bir şey insana zərərlidir, o cümlədən enerji içkiləri...

 

 

SİZİN REKLAM BURADA