EUR USD RUB

Fauna

At da qaçışda bu heyvanı ötüb keçə bilmir - FOTO

  • 844 dəfə
  • Tarix 10 Yanvar 2018 / 12:22
At da qaçışda bu heyvanı ötüb keçə bilmir - FOTO

Səyahətçi fotoqraf Arif Ələkbər Uqandada konqonilərin fotolarını çəkib. Ailem.az həmin fotoları və fotoqrafın maraqlı qeydlərini diqqətinizə çatdırır:

 

- Konqoni, adi bubal, inək antilopu və ya çöl bubalı - sözün düzü, ilk dəfədi rastıma çıxırdı. Qəribə kəllə forması vardı, sanki hər iki tərəfdən rəndələnmişdi.

 

- Bədəninin uzunluğu 2-2,5 metrədək, boyu 130 sm, çəkisi isə 100-200 kq-dək olur. 70 sm-dək uzunluğu olan xudmani buynuzları da var.

 

- Lap əvvəllər konqoni çox geniş bir ərazidə yayılmışdır: Afrikanın quraq səhralarından tutmuş ta Aralıq dənizi sahillərinədək. Rəvayətə görə, Fələstində də olub. Hazırda isə sayları azalaraq, daha kiçik arealda yaşayırlar.

 

- Konqonini ilk dəfə 1891-1892-ci illərdə E.Svayne Somalidə görüb, dünyaya car çəkmişdi. Minlərlə antilop sürülərini ictimaiyyətə təqdim edən Svayne 1905-ci ildə onların sayının 880 fərdə düşdüyü barədə həyəcan təbili çalır. Saylarının belə azalmasına da əsas səbəb taun xəstəliyi olub. Bundan sui-istifadə edən somalilər taqətdən düşmüş antilopları əziyyət çəkmədən tutub, dərilərini soyurmuşlar.

 

- Sürü halında yaşayırlar. Qabaq və arxa ayaqlarının fərqli uzunluqlarına görə bir qədər qəribə görünürlər. Amma buna baxmayaraq, qorxanda saatda 80 km sürətlə qaçırlar. Antiloplar arasında ən sürətlə qaçanlardandırlar. Hətta bəzən atlar belə, onları ötüb keçə bilmirlər.

 

- Dişi konqonilər və körpələr erkək fərdlərdən ayrı yaşayırlar. Böyük sürülərdə nadir hallarda rast gəlinirlər. Adətən, 10-20 fərddən ibarət olan sürülərdir.

 

- “Subay” konqonilər birləşib 100 fərddən ibarət sürüdə gəzirlər. 4 yaşa çatanda hər biri sürüdən ayrılıb, təkbaşına özlərinə ərazi seçib, digər erkək antilopları əraziyə buraxmırlar. Ərazi üstə dava zamanı yanaqlarını bir-birilərinə sıxaraq, rəqiblərini yan tərəfə yıxmağa çalışırlar. Ardınca isə buynuzlarını işə salırlar. 
8 yaşında artıq taqətdən düşür, ərazini tərk edir, təkbaşına dolanır və çalışırlar ki, digər erkəklərlə üz-üzə gəlməsinlər.

 

- Dişi konqonilərə yanaşma prosesləri digər antiloplardan fərqlənir. Görəndə ki, ərazilərinə hansısa dişi gəlib, dərhal ona sarı hərəkət edirlər. Sonra geriyə, ərazilərinin mərkəz hissəsinə bir neçə addım atırlar ki, bu da öz dillərində “gəl dalımca, quraq qoşa ailə” deməkdir. Dişinin də əhvalı yaxşı olsa, təlimata uyğun onun arxasınca gedəcək.

 

- Hamiləlik dövrü 8 ay çəkir. İl ərzində yalnız bir 9 kiloqramlıq bala anası olurlar. Balalar analarıyla 2,5 yaşınadək olurlar.

 

- 20 ilədək yaşayırlar. Daha doğrusu, yaşaya bilərlər. Amma, adətən, 10 ildən artıq yaşamırlar. Buna da səbəb quraqlıq və xəstəliklərdir. Və, əlbəttə ki, onları ovlayan insanlar. Hazırda Əlcəzair, Liviya, Lesoto, Misir, Somali, Tunis, Mərakeş ərazilərində konqonilər ümumiyyətlə yoxdurlar. Onların qorunub saxlanması üçün konkret proqram da hazırlanmayıb.

 

SİZİN REKLAM BURADA