EUR USD RUB

Kosmetologiya

Silikonları çıxarmaq istəyən azərbaycanlı qadınlar artıb - SƏBƏBLƏR

  • 1665 dəfə
  • Tarix 11 Yanvar 2018 / 11:39
Silikonları çıxarmaq istəyən azərbaycanlı qadınlar artıb - SƏBƏBLƏR

Son 25-30 ildə tibbin ən sürətlə inkişaf edən sahəsi kosmetologiya, yəni estetik təbabətdir. Azərbaycanda, eləcə də dünyada qadınlar estetik, plastik əməliyyata tez-tez müraciət edirlər. Daha çox edilən plastik əməliyyatlar silikondan istifadə ilə müəyyən nahiyələrin böyüdülməsidir. Silikondan daha çox sinənin, dodaq və ya yanağın böyüdülməsi məqsədilə istifadə edilir.

 

Maraqlıdır, bəs silikon qoyduranlarla yanaşı sonradan çıxarmaq istəyənlər də olurmu? Silikonların çıxarılma prosesi necədir? Bunun üçün həkimə müraciət edən qadınlar varmı?

 

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, cərrah-həkim Vaqif Qələndərli Modern.az-a bu mövzuda danışıb: “Silikonlar cürbəcürdür. Biri var silikon gel… Bu, zərərlidir və mən ondan istifadə etmirəm. Biri də var implant. Onun tərkibi xüsusi jelatinoz maddədi, amma onun kapsulu var ki, o, orqanizmə sovrulmur. Ona görə implantları qoymaq olar. FDA sertifikatı var. Dünyada onun istifadəsi üçün xüsusi komissiya icazə verir. Gel kimi vurulanlar isə olmaz. Zərərlidir. Dodaqların böyüdülməsi üçün müxtəlif gellərdən istifadə olunur. Gellər tez və gec sorulan olur. Təbii gellər bir neçə aydan bir ilə qədər olan müddətdə orqanizmdən tamamilə sorulub xaric edilir. Ümumiyyətlə, dodağa, yanağa gel şəklində vurulan silikonları çıxarmaq bir qədər çətin olur. Hətta bəzən o silikonları bir dəfəyə deyil, iki-üç mərhələyə çıxarmaq mümkündür. Məhz bunun üçün müraciət edən qadınlar da var. Sinəyə qoyulan implantlar isə xüsusi kapsulanın içində olduğu üçün bədənə ziyanı olmur. Gellər birbaşa toxuma ilə təmasda olduğu üçün çox təhlükəlidir və fəsadları ola bilir”.

 

V.Qələndərli qeyd edib ki, silikonlar adətən hara qoyulubsa, elə həmin yerdən də çıxarılır: “Bu baxımdan silikon çıxarılan zaman sonradan hər hansı iz yaranmır. Sinəyə silikon qoyduran qadınlar problem yarandığı üçün yox, yenidən silikon qoydurmaq üçün müraciət edirlər. Eləsi var ki, silikonu çıxarıb yerinə böyüyünün qoyulmasını istəyir. Problem mənasında çıxaranlar isə çox azdır. Dodağa, yanağa vurulan silikonlar problemlərə səbəb olduğu üçün bu istiqamətdə müraciətlər daha çoxdur”.

 

Həkim bildirib ki, orqanlara keyfiyyətli gelin vurulması bir neçə dəfə təkrarlana bilər. Belə əməliyyatların dəfələrlə edilməsi orqanizm üçün heç bir fəsad yaratmır: “Ötən illərlə müqayisə edən zaman qadınların silikon çıxarmaq üçün müraciətləri artıb. Lakin bu, təkcə Azərbaycanda belə deyil, bütün dünyada belədir. Ümumiyyətlə, hər yerdə silikon qoydurmaq istəyənlər, çıxaranlar, yenidən silikon qoyduranlar kifayət qədərdir.

Əgər düzgün implantdan istifadə edilirsə, onu çıxarıb yeni silikonun qoyulmasında hər hansı problem yaranmır. Lakin maye şəklində olan silikonlar qeyd etdiyim kimi, təhlükə yarada bilir”.

 

SİZİN REKLAM BURADA