EUR USD RUB

Dəb

Yeni ilin dəbindən xəbərdar olun: muncuqlu parçalar, kobud ayaqqabılar, qızılı rənglər...

  • 1567 dəfə
  • Tarix 12 Yanvar 2018 / 17:43
Yeni ilin dəbindən xəbərdar olun

İllər dəyişdikcə xanımları bir sual maraqlandırır: Görəsən, bu il hansı geyimlər, hansı rənglər və akseSsuarlar dəbdə olacaq? Dəblə ayaqlaşmaq hər nə qədər çətin olsa da, xanımlar bunun üçün hətta mübarizə aparmağa belə hazırdırlar. Hər bir xanım istəyir ki, səliqəli, baxımlı və gözəl görünsün. Bunun üçün dəbi izləmək və onun arxasınca getmək istəyi qaçılmaz olur. Xanımlarımız dəblə geyinməyə önəm verir, il ərzində ən populyar rənglər və geyimlərdən yararlanmağa çalışırlar.  Yeni ilə qədəm qoyar-qoymaz, qarderobunu yeniləyən xanımlar da az deyil. Ancaq qarderobunuzu yeniləməmişdən əvvəl 2018-ci ilin dəbindən xəbərdar olmanızda fayda var. Moda ekspertləri deyir ki, son illər keçmişdən ilhamlanaraq yaradılan geyim tərzləri 2018-ci ildə də fərqli toxunuşlarla önə çıxacaq.

 

Muncuqlu parçalar, kobud ayaqqabılar, qızılı rənglər...

 

Modelyer Şəlalə Maqsudova 2018-ci ildə müxtəlif rənglərin moda aləminə hakimlik edəcəyini bildirdi: "Bu il moda aləmində göy və zoğalı-qırmızı, eyni zamanda qızılı rənglər dəbdə olacaq. Xüsusən də parıldayan qızılı rənglər gündəmi zəbt edəcək. Qeyd etdiyim rənglərdən əlavə, həmişə olduğu kimi, ağ-qara rənglər də favoritlərin sırasında yer alacaq. Çünki bu rənglər klassik rənglər hesab edilir. Geniş və bədənə yapışmayan geyimlər daha çox istifadə ediləcək. Bu il ən çox istifadə edilən parça seçimlərindən toxunma və dəri ilə sintezlər üstünlük təşkil edəcək. Bundan başqa, muncuqlu parçalar geyimlərdə öz əksini tapacaq”. 

 

Xanımı cazibədar göstərən detalın aksessuarlar olduğunu deyən modelyer, çantaların geyimə uyğunlaşdırmasını vacib hesab edir: "Bu il iri və dəri üzərinə tük əlavə olunmuş çantalar dəbdə olacaq. Ayaqqabılara gəlincə isə, nazik dabanlı ayaqqabılarla bərabər, bir qədər kobud ayaqqabılar da gündəmdə olacaq”. 

 

Ş.Maqsudova bu il qısa geyimlərin dəbdən düşəcəyi və uzun geyimlərlə əvəz olunacağı məsələsinə də aydınlıq gətirdi: "Bu fikirlər yanlışdır. Çünki həm qısa, həm uzun geyimlər paralellik təşkil edir. Düzdür, bu il uzun ətəklər dəbdə olacaq, ancaq bu o demək deyil ki, qısa geyimlər sıradan çıxacaq. Zövqlər müxtəlifdir. Xanım var ki, ona yalnız qısa geyim yaraşır”. 

 

"Tək geyimlə də dəbli görünmək mümkündür”

 

2 ildir ki, fəaliyyətini Türkiyədə davam etdirən azərbaycanlı dizayner-modelyer Ləman Süleymanova "Kaspi”-yə açıqlamasında dedi ki, 2018-ci ildə yaşıl, sarı, bənövşəyi, qəhvəyi tonlar dəbdə olacağını bildirdi. Dizayner qarşıdan gələn ilin ünsürü hesab edilən heyvanın tüklərinin rənglərinə uyğun dəbinin təyin edilib-edilmədiyi barədə də danışdı: "Dünya ekspertləri bunlara çox böyük önəm verirlər. Bu il də torpaq ünsürü, iti ili olduğu üçün öncədən təyin olunmuş müəyyən rənglərə önəm verilir. Belə ki, yaşıl, sarı, qəhvəyi əsas rənglərdən hesab edilir. Bundan başqa, əlvan rənglər də çox aktualdır”. 

 

Müsahibimizin sözlərinə görə, geyim seçərkən təkcə rənglərə önəm vermək yox, geyimləri dəstləşdirib stil yaratmaq daha həssas mövzulardandır: "Geyimləri rənglərə uyğun dəstləşdirmək çox önəmlidir. Ayaqqabılara gəlincə isə, bu mövsüm idman qəlibli daha kobud ayaqqabılara üstünlük veriləcək. Daha sərt və qabarıq cizgiləri olan ayaqqabı formalarına üstünlük veriləcək. Təbii ki, klassik qəlibli ayaqqabılar da aktuallığını itirmir”. 

 

Modelyerin sözlərinə görə, xanımları cazibədar göstərən onların geyimidir: "Bu il  xanımlar geyim seçərkən, ilk növbədə, naxışlı parçalara üstünlük verəcəklər. Keçən ildən fərqli olaraq, bu il xanımlarımızın geyimlərində fərqli dəstləşdirmələr də aktual olacaq.  Ümumiyyətlə, bir neçə stillərin dəstləşdirilib istifadə edilməsi daha aktualdır. Geyim seçərkən xanımlarımız sadə və gözəl görünməyə çalışmalıdırlar. Bunu hər zaman xanımlarımıza məsləhət görmüşəm. Əgər harasa gedirsinizsə və nə geyinəcəyinizə qərar verməyibsinizsə, tək bir rəng seçməklə  və yaxud cins şalvarla sadə bir köynək geyinməklə dəblə ayaqlaşa bilərsiniz. Ən önəmlisi odur ki, hər bir qadın öz bədəninin gözəl olmayan tərəflərini yaxşı bilir. Çalışmaq lazımdır ki, o artıq piy və ət olan hissələri gizlətsinlər və geyim seçərkən bütün bunlara diqqət etsinlər”. 

 

O ki qaldı xanımların bədən quruluşlarına uyğun şəkildə geyim seçməməklərinə, modelyer deyir ki, elələrinin dar geyimlərə üstünlük vermələrinin tərəfdarı deyil: "Ümumiyyətlə, dar geyim daha çox vücudu gözəl formada olan, daha zərif və incə qadınlar üçün nəzərdə tutulub. Bu ilin geniş tərzli dəbi xanımların əksik nöqsanlarını gizlətmək üçün ən ideal vasitədir desəm, yəqin ki, yanılmaram. Ona görə də xanımların gözəl görünmələri üçün sadəcə, doğru seçim etmələri kifayət edir”.  

 

"Qara rəngdən az istifadə edin” 

 

Stilist Vəfa İsazadə qeyd etdi ki, 2018-ci ildə boz, ağ, pudra, qum rəngləri dəbdə olacaq: "Bu rənglərə zoğalı,  hava rəngini də əlavə edə bilərəm.  Bu il sari rəngli it üzərində təhvil verilir. Ona görə də qum rəngi aktual olacaq. Xanımlara məsləhət görürəm ki, dəblə maraqlansalar da, özlərinə yaraşanı geyinsinlər. Belə ki, bədən dillərinə uyğun paltarın uzunluğunu və ölçüsünü seçsələr, daha gözəl və baxımlı görünərlər. Bundan başqa, xanımlar seçəcəkləri paltarın rənginə mütləq önəm verməlidirlər. Ümumiyyətlə, yaşından asılı olmayaraq hər bir xanım əlvan rənglərə üstünlük versə, daha gözəl görünər. Gənc xanımların isə qara rəngə üstünkü vermələrinin tam əleyhinəyəm. Koko Şanel deyir ki, hər bir xanımın qarderobunda yalnız bir qara kokteyl ətək olmalıdır, bütün qarderobu qara geyimlərdən ibarət olmalı deyil. 

 

Türk moda mütəxəssisləri 2018-ci ilin rəngarəng bir il olacağını deyirlər. Onların proqnozlarına görə, bu ildə rəngli, zərli və bəzəkli corablar tez-tez qarşımıza çıxacaq. Bu corabları açıq və hündür ayaqqabılarla yanaşı, idman ayaqqabıları ilə də geyinmək mümkün olacaq. İlin ən dəbdə olan parçasının isə məxmər olacağı proqnozlaşdırılır. Bu parçadan hazırlanan müxtəlif növdə və rəngdə  geyimlər 2018-ci ildə qadınların qarderoblarını bəzəyəcək. Üst geyimlərdə isə qalın, olduqca geniş və ya qolları geniş olanlar üstünlük təşkil edəcək. Qolu geniş üst geyimlər isə 1980-ci illərin dəbini xatırladacaq. Bu geyimləri isə müxtəlif yazılar, naxışlar və qollarını saxta xəzlər bəzəyəcək. Türk moda mütəxəssisləri qırmızı rəngin bütün tonları ilə ilin ən populyar rəngi olacağını iddia edirlər. Onun ardınca isə bənövşəyi, sarı və çəhrayı rənglərin gələcəyi bildirilir. Digər illərə nisbətən, bu ilin qışında al-əlvan rənglərin dəbdə olacağı da ehtimal olunur. İlin çanta modası rəng kodlu, gümüşü və daşlı corablarla zəngin olacaq. 

 

Əziz xanımlar, moda mütəxəssisləri də qeyd edirlər ki, əgər bədən quruluşunuzda hər hansı qüsur varsa, onu ört-basdır etməkdənsə, daha da dar geyimlərə üstünlük verərək onu büruzə verməyin. Bu, həqiqətən də kənardan xoş görüntü yaratmır. Ekspertlərimiz dönə-dönə vurğuladılar ki, xanımlar geyim seçərkən, mütləq güzgü qarşısında çox olsunlar, özlərinə tənqidi yanaşsınlar, nəyin yaraşıb, nəyin yaraşmadığını ayırd edə bilsinlər. Dəbdir deyə, hər libası geyinib yaraşıqsız görünmək, xoş olmayan təsir bağışlamaq yaxşı hal deyil. Düzgün seçim etsəniz,  daha  gözəl və baxımlı görünərsiniz.  

 

Azərbaycan xanımları tarixən də, indi də çox gözəl olublar. Atalarımız "gözəllik ondursa doqquzu dondur” deyib.  Siz də bu donlardan yerində istifadə edin. 

 

 

SİZİN REKLAM BURADA