Keçəlliyin çarəsi: saç əkimi necə həyata keçirilir? – TÜRK MÜTƏXƏSSİSDƏN EKSKLÜZİV MÜSAHİBƏ

İstanbulun Superplast Estetik Cərrahiyyə Mərkəzinin estetik-plastik və rekonstruktiv cərrahı, saç əkimi üzrə mütəxəssis Ali Duman Aile.lent.az-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

 

- Saç əkimi nədir?

 

- Saç əkimi başın sağlam saçlar olan hissəsindən tüklərin götürülərək olmayan hissəsinə köçürülməsi əməliyyatıdır. Əməliyyat ağrısız, qansız, yerli keyitmə ilə həyata keçirilir. Başın saç tökülmüş hissəsi kimi, anadan gəlmə tük olmayan hissəsinə də tük əkilə bilər. İnsan bədəninin istənilən hissəsinə tük əkmək mümkündür. Biz başda tökülmə şansı sıfır olan saçları götürürük.

 

- Kimlər saç əkdirə bilməz?

 

- Səhhətində mütəmadi narahatçılığı və saçların tökülməsinə səbəb olan xəstəliyi olan insanların saç əkimi etdirməsi məsləhət görülmür. Misal üçün, qansızlığı, dəmir əskikliyi, zob xəstəliyi, hormonol problemləri olan qadın və kişilərin saç əkdirməsi məsləhət görülmür. Bu insanlara saç əkilsə də, tükün başda qala bilməməsi kimi bir ümidsizlik var. Saç əkiləcək hissədə yara, dermotoloji narahatlığı və ya dəri problemi olan insanlar da saç əkdirə bilməz. Çünki bizim əkdiyimiz saçlar başın arxasından götürülür və tökülməməsinə əmin olduğumuz saçlardır. Əgər həmin saçlar töküləcəksə, saç əkməyin mənası yoxdur.

 

- Keçəl və saçları tökülən insanlar hər zaman olub. Amma saç əkimi son illər dəb halını alıb. Bunun səbəbi nədir?

 

- Əvvəllər saç əkimi uzun, çətin  və ağrılı bir proses idi. Başın arxa hissəsindən bir nümunə çıxarılırdı və ondan qıl kökləri ayrılaraq əkilirdi. Nə həkimlər bu əziyyətə girmək istəyirdi, nə də insanlar. Amma indi mikromotor üsulu ilə bu proses çox asanlaşıb. İstədiyimiz qədər saçı kökləri ilə bərabər çıxarırıq (mindən 4 minə qədər saç tükü) və başın saç olmayan hissəsinə nəql edirik. Ən əsası, bu iş qısa zamanda həyata keçirilir. Saç əkimi çox bahalı və nəticəsi uğursuz ola biləcək əməliyyat deyil. Əkilən saçın başda ömürlük qalmasına zəmanət verilir.

 

Bu işdə önəmli bir məqam da var: mən nə qədər şəkil göstərsəm də, qəzetə, internetə elan versəm də, insanlar həqiqətən saçı əkilmiş insanı görmək istəyirlər. Əgər yaxşı saç əkirsənsə, bir insan öz dost-tanışına deyir, o digərinə deyir.

 

- Bir insanın saçlarını digər insanın başına əkmək olarmı?

 

- Həmin adam digər adama böyrəyini verə bilərsə, yəni aralarında bu uyğunluq varsa, saçlarını da əkə bilərik. Çünki hüceyrə uyğunluğu böyrək, beyin, ürək və saçda eynidir. “Saç önəmsiz bir şeydir, verilə bilər”, - kimi düşüncələr yanlışdır.

 

- Saç əkdirmədən öncə insanlar nəyə fikir verməlidirlər?

 

- İnternetdə “saç əkimi” sözünü axtarışa versəniz, qarşınıza çox adlar çıxacaq. Bu proseslərin bir qismi xəstəxanalarda həkimlər tərəfindən, bir qismi isə həkim olmadan hansısa binanın aşağı mərtəbəsində həyata keçirilir. İnsanlar əvvəlcə saç əkdirəcəkləri məkana diqqət etməlidirlər. Bu işin başında peşəkar həkim və lazımi tibbi avadanlıqlarla təchiz olunmuş məkan durmalıdır. Çünki bu proses kiçik cərrahiyyə əməliyyatıdır və yerli keyitmə ilə həyata keçirilir, yəni insana narkoz verilir. Əməliyyat zamanı və sonra müxtəlif reaksiyalar, allergiya ola bilər. Baş verəcək gözlənilməz hala müdaxilə edilə biləcək şərtlər, imkan və şərait olmalıdır. Biz saç əkimi əməliyyatını üç nəfərlik heyətlə həyata keçiririk – mən, anestezioloq və köməkçimiz.

 

- Əməliyyat nə qədər davam edir?

 

- Bir gündə bir saç əkimi əməliyyatı edirik. Çünki bu iş gözəl, xüsusi və doğru-düzgün edilməlidir. Saç əkimi ən kiçik əməliyyat olsa da, 6-8 saat davam edir. 3 saatda bitən saç əkimindən yaxşı nəticə gözləməyin. Bu əməliyyat zamanı xüsusi, Avropada lisenziya alan ən son model lazer cihazlarından istifadə edirik. Saçların tökülmə səbəbi həmin hissədə tənbəlləşmənin olmasıdır. Oradakı hüceyrələr əvvəlki kimi aktiv olmurlar. Ona görə də saçlar zamanla tökülür. Həmin lazer oradakı heceyrələri aktivləşdirir. Başın arxa hissəsindən saçı götürüb ön hissəsinə əkdikdə 3 günə öz yerini tutur. Bu müddətdə yüz kökdən 80-i yaşayır. Lazer müdaxiləsi edildikdə isə tüklər 2 günə öz yerini tutur. Bizim saç əkimi üçün istifadə etdiyimiz lazerin bir az güclüsü göz əməliyyatı üçün istifadə edilir. O qədər həssas və kiçik bir lazerdir. Saçı nöqtə boyda ucu olan kiçik boru ilə, zədələmədən, qıl kökü ilə çıxarırıq və olmayan yerə götürdüyümüz kimi əkirik. Əkdiyimiz 100 kökün 96-sı yaşayır.

 

- Saç əkimi əməliyyatı zamanı xəstə 6-8 saat eyni vəziyyətdə durmaq məcburiyyətindədir?

 

- Xeyr. Önəmli olan həkimin xəstəyə rahat formada müdaxilə edə bilməsidir. Əməliyyat müddətində xəstələr istədikləri kimi otura, uzana və ya onlara rahat olan formada dura bilərlər. Onların qarşısında televor olur. İstəsələr, mahnı dinləyə, telefonla danışa, kitab oxuya, ya da yata bilərlər.

 

- Xəstəni əvvəldən əməliyyata necə hazırlayırsınız?

 

- İndiki görüşünü və ola biləcək görünüşü ilə tanış edirik. Kompüter vasitəsilə saçları əkildikdən sonra hansı görünüşdə olacaqsa tanış edirik. Əməliyyatın ağrısız olacağı haqqında məlumat. Əvvəl saç kəsilir. Sonra yerli keyitmə həyata keçirilir. Lazer tətbiqindən sonra əməliyyat başlanır. Damar daxili dərman verilir. 2-3 dəqiqə  yuxulu olur. Həmin müddət saç çıxarılacaq yerə yerli keyitmə edirik. Xəstə heç nə hiss etmir. Xəstə özünə gələndən sonra mənə lazım olan hissə keyiyir. Əvvəlcə üzü üstə yatır. Bəzi xəstələr həmin müddət yatır, bəziləri ilə söhbət edirik, bəziləri mahnı dinləyir. Mən də tək-tək saç köklərini götürürəm. Sonra saç əkiləcək hissəni keyləşdiririk və saçlar əkilməyə başlayır. Arada yemək yeyə və təbii ehtiyaclarını ödəyə, çay içə, gəzə bilər. Əməliyyatdan sonra da saç çıxarılan və əkilən yerlərdə heç bir ağrı hiss edilmir. Elə xəstələr var ki, saç əkilən yerlərə civzə çıxır, qabıqlayır. Bizdə belə hallar olmur. Çünki istifadə etdiyimiz cihazlar peşəkardır, İngiltərədə istehsal olunur.

 

- Qaş da əkilə bilər?

 

- Bəli. Saçın arxasından götürdüyümüz tükləri qaşa əkirik.

 

- Saç əkimi əməliyyatı neçəyə başa gəlir?

 

- 8 min lirədən (təxminən 3 min manat), 15-20 min lirəyədək (təxmini 7-8 min manat) arta bilər.

 

- Saçın tökülməməsi üçün insanlara nə məsləhət görürsünüz?

 

- Saç tökülməsi kişilərdə 85 faiz genetikdir. Saçın tökülməməsi üçün ilk növbədə saç üçün istifadə edilən jele, gel, krem, lakların azaldılması lazımdır. Xüsusən də kişilər başlarını hər gün şampunla yumamalıdırlar. Hər gün saçı yumaq olar, amma hər gün şampun vurmaq olmaz. Saç kəsimi, boyama da önəmlidir. Amma əgər genetikada saç tökülməsi problemi varsa, saç böyük ehtimalla töküləcək. Saçların tökülməsinin qarşısını almaq üçün şampunlar da var. Lakin şampun hər kəsdə eyni reaksiya vermir. Bunun qarşısını almaq üçün edilə biləcək tək şey Səhiyyə Nazirliyi tərəfindən lisenziya almış dərmanlardan istifadə etməkdir. Kimsə düşünə bilər ki, saçlarım tökülməsin deyə ömür boyu dərman atacam? Bəli, atmaq məcburiyyətindəsiniz.

 

LENT

23 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018
17 Aprel 2018