Almaniya vətəndaşı Bakıda ürək əməliyyatı etdirib

Bakıda daha bir xarici vətəndaş cərrahiyyə əməliyyatı olunub. Bu, 1969-cu il təvəllüdlü Almaniya vətəndaşı Holger Zimmermanndır. H.Zimmermann Mərkəzi Klinik Xəstəxanada 4 damar aorta-koronar şuntlama əməliyyatı keçirib. Əməliyyat ürək-damar cərrahı, Mərkəzi Klinikanın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən həyata keçirilib.

 

K. Musayev Aile.lent.az-a açıqlamasında bildirib ki, ürək-damar cərrahiyyəsi intensiv terapiya şöbəsindəki 2 günlük müalicədən sonra xəstə kafi vəziyyətdə stasionar şöbəyə - palataya köçürülüb: “Holger Zimmermann sinədə göynədici, sıxıcı ağrı şikayətləri ilə müraciət etmişdi. Xəstə qəbul olunaraq ilkin müayinələr aparılıb, klinik şikayətləri nisbi stabilləşdirildikdən sonra spesifik olaraq kardioloji müayinələr məsləhət görüldü. Kardioloqlar tərəfindən ürəyin tac damarlarının angioqrafiyası müayinəsi olunarkən ciddi darlıqlar aşkarlandı. Xəstəyə aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində kəskin miokard infarktı, şəkərli diabet II tip diaqnozu qoyularaq açıq ürək əməliyyatı - aorta-koronar şuntlama cərrahiyyə əməliyyatı məsləhət görüldü. Artıq xəstənin bütün şikayətləri tamamilə aradan qaldırılıb”.

 

Artıq evə yazılan xəstə özünü çox yaxşı hiss edir və azərbaycanlı həkimlərə onun həyatını qurtardıqları üçün minnətdarlığını bildirir. Qeyd edək ki, beynəlxalq dərəcəli sığortaya sahib olan alman vətəndaşının Bakıda, Mərkəzi Klinikada uğurlu açıq ürək əməliyyatı olunması ölkəmizdə ürək-damar cərrahiyyəsinin və ümumiyyətlə, səhiyyənin inkişafının ən gözəl göstəricisidir. Artıq öz vətəndaşlarımızla yanaşı, hətta xarici ölkələrin vətəndaşları və beynəlxalq sığorta şirkətləri də Azərbaycan səhiyyəsinə və azərbaycanlı həkimlərə öz sağlamlıqlarını əminliklə etibar edirlər.

LENT

26 Aprel 2017
25 Aprel 2017
24 Aprel 2017
22 Aprel 2017
21 Aprel 2017
20 Aprel 2017