136 uşağı zəhərləyən infeksiyadan necə qorunmalı? - VALİDEYNLƏR, DİQQƏT

Sumqayıtda zəhərlənən 136 uşaqda aşkarlanan virusun adı açıqlanıb. Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə rotavirus infeksiyası aşkarlanıb. Bəs rotavirus infeksiyası nədir? Onun əlamətləri və müalicəsi nədir?

Ailem.az pediatr Günay Rəsulovanın uşaqlarda rotavirus infeksiyası haqda yazısını təqdim edir.

 

Rotavirus uşaqlarda ishala səbəb olan infeksiyalardan biridir. Bu virus infeksiyasını uşaqlar daha çox ilk 2-3 yaşda keçirirlər. Uşaqlar arasında ən sıx ölümə səbəb olan ishal mikrobudur. Xüsusilə uşaqlarda virusun A ştamı xəstəlik törədir. Yoluxuculuğu çox yüksəkdir. Xəstə uşaqdan sağlam uşaqlara keçir. Yoluxuculuqdan qorunmaq üçün xüsusilə bağça və ya başqa kollektivdə olan uşaqları ishal bitənə qədər ortamdan uzaqlaşdırmaq mütləqdir. Bundan başqa şəxsi gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Əllər tez-tez yuyulmalı, viruslu xəstə uşaq olan evdə digər uşağı qorumaq üçün ətrafdakı əşyalar spirtlə silinib təmizlənməlidir.

 

Virus bir uşaqdan digərinə keçdikdən sonra inkubasiya dövrü 2-4 gündür. 4 gün sonra əlamətlər üzə çıxır. İlk əlamət adətən qusma olur.


- 1-3 günə qədər davam edə bilən qusma
- Qızdırma
- Qusmadan 12-24 saat sonra başlayan ishal
- Qusma, ishal səbəbilə susuzlaşmaya bağlı ümumi halsızlıq, gözaltında çökmə, dil quruluğu və s.

 
Rotavirus infeksiyasında ishal 7-10 günə qədər davam edə bilər. Rotavirus ishalı gündə 8-10 dəfə qansız, seliksiz, sulu olur.
 

Rotavirus infeksiyasından qorunmaq üçün peyvənd vardır. Heç bir yan təsiri olmayan bu peyvəndin ilk dozu 12 həftəyə qədər, son dozu isə 8 aya qədər olunmalıdır. 2, 4, 6 aylarda cəmi 3 doz edilməlidir. Körpələrinizi bu virusdan qorumaq üçün peyvəndlərə laqeyd yanaşmayın.


MÜALİCƏSİ

 

Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Məqsəd su və elektrolit itirilməsinin qarşısını almaqdir. Xəstə körpədirsə, sıx-sıx əmizdirilməlidir. İshal və qusması olan uşaqlara oral rehidratasiya məhlullarından vermək lazımdır. Əgər uşaqda su itirmə əlamətləri - yuxululuq, hər qidalanmadan sonra qusma, saatda 1-2 dəfə ishal, gözaltında çökmə varsa, vaxt itirmədən mütləq mütəxəssisə müraciət etmək lazımdır

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017