Əkiz gözləyən hamilələrə HƏKİM XƏBƏRDARLIĞI

Aile.lent.az Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim  edir.

 

Ana bətnində iki və ya daha artıq rüşeymin (körpənin) formalaşdığı hamiləliklərə çoxdöllü və ya əkiz hamiləlik deyilir. Bütün doğuşların yalnız 3%-ni çoxdöllü və ya əkiz hamiləliklər təşkil edir və bu nisbət günü-gündən artmaqdadır.

Süni mayalandırma zamanı bətn daxilinə köçürülən embrion sayının artması çoxdöllü və əkiz hamiləliklərin sayının artmasının əsas səbəblərindəndir. Çoxdöllü və əkiz hamiləliklər vaxtından qabaq doğuş və körpənin inkişaf problemləri kimi müxtəlif risklər daşıyırlar. Bu səbəbdən hamilə ananın çoxdöllü və ya əkiz körpə daşıdığı məlum olduqdan sonra hamiləlik və körpənin inkişafına nəzarət üçün perinatoloqa (riskli hamiləliklərə nəzarət edən ginekoloq) müraciət etməsi məsləhətdir.

 

Çoxdöllü - əkiz hamiləliyin daşıdığı risklər nədən ibarətdir?

 

Vaxtından qabaq doğuş: Əkiz hamiləliklərin yarısı, çoxdöllü hamiləliklərin isə demək olar ki, hamısı hamiləliyin 37-ci həftəsindən əvvəl doğur, yəni çoxdöllü və əkiz hamiləliklər əsasən vaxtından qabaq doğuşla nəticələnir.

Hamiləlik hipertenziyası: Çoxdöllü və ya əkiz hamiləlikli analarda hamiləlikdən asılı yüksək təzyiqin rastgəlmə tezliyi normal hamiləliklərə görə 3 dəfə daha çoxdur.

Anemiya (qansızlıq): Çoxdöllü və ya əkiz hamiləlikdə hamilə qadında anemiyanın rastgəlmə tezliyi 2 dəfə artmışdır.

 

Anadangəlmə qüsurlar: Körpədə sinir borusu deffekti, ürək və həzm sistemi anomaliyalarının rastgəlmə tezliyi çoxdöllü və əkiz hamiləliklərdə normal hamiləliklərlə müqayisədə təxminən 2 dəfə çoxdur.

 

Düşüklər: Çoxdöllü və ya əkiz hamiləliyin düşüklə nəticələnməsi riski normal hamiləliklərə nisbətən daha çoxdur.

 

Fetal (döl) anomaliyası: Əlillik riski, döllərdə qüsurun yaranma riski yüksəlir

 

Transfuziya sindromu:  Döllərin cifti tək olarsa, o zaman ciftin içində hər iki döllərin damarların arasında “körpü” damarlar əmələ gəlir və birindən o birisinə qanın kontrolsuz axmasına səbəb ola bilər. Bunun nəticəsində qanı qəbul edən döl həddindən artıq qana, digəri isə çox az qana sahib olur. Hər iki döl üçün çox böyük təhlükə yaranır. Bəzi hallarda döllərin vəziyyətini yaxşılaşdırmaq üçün ana bətnindəcə cərrahi müdaxilə oluna bilər.

 

Fetoreduksiya - döl qurtarma əməliyyatı: Hamiləlikdə döl sayının artması ilə erkən doğuş və ya düşük ehtimalı ciddi dərəcədə artar. Bunun qarşısını almaq üçün birinci trimestrdə ikidən artıq döllü hamiləliklərdə ultrasəs müayinəsi altında döllərin sayını ikiyə və ya təkə endirməklə bu risklər xeyli azalmış olur. Bu prosedura ana bətndə döllərə cərrahi müdaxilə sayılır və mütləq təcrübəli mütəxəssis tərəfindən aparılmalıdır.

 

Çoxdöllü və əkiz hamiləliyi olan ana nələrə diqqət etməlidir?

 

Qidalanma: Çoxdöllü hamiləliyi olan qadının zülala, kaloriyə və dəmirə olan ehtiyacı daha çoxdur.

 

İstiqamətləndirmə: Çoxdöllü hamiləliyi olan qadın xüsusi testlər və ətraflı ultrasəs müayinəsi üçün perinatoloqa yönləndirilməlidirlər.

 

Doğuşdan əvvəl müayinə sayının artırılması: Çoxdöllü hamiləliklərdə mümkün ola biləcək ağırlaşmaları vaxtında müəyyən etmək üçün həkim tərəfindən təyin olunan görüş sayı artırılmalıdır.

 

İstirahət: Hamilə qadının evdə və ya xəstəxanada yataq rejimində istirahətinə ehtiyac ola bilər.

 

Ən əsası isə, əkiz hamiləliklərlə təcrübəsi olan mütəxəssisin daimi müşahidəsi altında olmaq və məsləhətlərini bütün incəliklərinə qədər yerinə yetirməkdir.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017