Hamilələrin nəzərinə: Doğuşun yaxınlaşdığını göstərən 6 ƏLAMƏT

Yaxınlaşan doğuşun müjdəçiləri - orqanizmin uşağın dünyaya gəlməsinə hazırlaşdığını göstərən əlamətlərdir.

 

Aşağıda sadalanan simptomlar müxtəlif səbəblərdən qaynaqlana bilərlər: uşaqlıq boynunun hazırlığı, dölün yerdəyişməsi, hormonal yenidən qurmalar - lakin onların hamısı bir şeydən xəbər verir: sizin hamiləliyiniz yavaş-yavaş sona çatır və tezliklə siz öz körpənizlə tanış ola biləcəksiniz.

 

Doğuş müjdəçiləri nə vaxt meydana gəlirlər?

 

Müjdəçilər doğuşa nə qədər müddət qalmış ortaya çıxırlar? Orqanizm doğuşa hələ bir neçə ay qalmış hazırlaşmağa başladığından, yaxınlaşan doğuşun ilk əlamətlərini diqqətli ana hələ hamiləliyin 36-37 həftələrində hiss edə bilər. Yaxınlaşan doğuşun digər müjdəçiləri doğuşdan bir gün qabaq və doğuş günündə meydana gəlir.

 

Beləliklə, aşağıdakı əlamətlər doğuşun yaxınlaşdığını göstərir:

 

1. Qarnın aşağı düşməsi

 

Sizin gələcək körpəniz doğuş üçün ən rahat mövqeyə keçir. Dölün başı kiçik çanağa endiyi anda siz qarının azacıq aşağı düşdüyünü hiss edəcəksiniz.

Qarın nə vaxt aşağı düşür? Adətən ilk dəfə uşaq doğan qadınlarda qarın hamiləliyin 34-36 həftəsində aşağı düşür, təkrar doğuş keçirənlərdə isə bu doğuşdan bir neçə gün əvvəl və ya artıq doğuş fəaliyyətinin başlaması ilə baş verir.

Qarnın aşağı düşdüyünü necə bilmək olar? Siz daha asan nəfəs almağa başlayırsınız, sinə və qarın arasında ovucunuzu yerləşdirə bilirsiniz, sidik kisəsinə təzyiq artır və siz tualetə daha tez-tez getməyə başlayırsınız. Qıcqırma daha az-az baş verir və ya ümumiyyətlə keçib gedir.

 

2. Selikli tıxacın aralanması

 

Selikli tıxac bütün hamiləlik dövrü ərzində uşaqlıq boynunun kanalında yerləşən selik yığınıdır. Selikli tıxac müxtəlif cür görünür: bəzən bu rəngsiz maye ifrazatlardır, bəzən isə çəhrayi və ya qəhvəyi rəngdə selikdir.

Selikli tıxac nə vaxt aralanır? Tıxac doğuşdan bir neçə həftə əvvəl - hamiləliyin 36-37 həftəsində aralana bilər, bəzi hallarda isə o doğuş fəaliyyətinin başlamasından bir gün qabaq – 38-39-40-cı həftədə aralanır. Bundan başqa, tıxac bir neçə dəfə, hissə-hissə aralana bilər.

 

3. Çəkinin azalması

 

Qadın hamiləliyin bütün dövrü ərzində çəkidə artmağa davam edir və doğuş anınadək 11-dən 16 kq-dək toplaya bilər və bu tamamilə normaldır.

Doğuşa bir neçə gün qalmış qadın çəki artımının dayandığını və hətta 1-1,5 kq “arıqladığını” hiss edə bilər. Çəkinin azalması yaxınlaşan doğuşun müjdəçilərindən biridir və bu şişlərin çəkilməsi və embrion ətrafı suların miqdarında azalma hesabına baş verir.

 

4. Məşq sancılarının tez-tez baş verməsi

 

Brekston Hiks sancıları (yalançı, məşq sancıları) doğuşdan əvvəlki günlərdə daha tez-tez baş verə bilər. Belə sancı zamanı qarın ağırlaşır və sanki daşlaşır. Adətən məşq sancıları ağrı vermir, lakin doğuşa bir az qalmış onlar bel nahiyəsində və qarının aşağı hissəsində sızıldayan ağrılarla müşahidə olunurlar.

Məşq sancılarının əsl sancılardan əsas fərqi ondan ibarətdir ki, onlar müntəzəm deyil və bədənin vəziyyətini dəyişəndə keçirlər. Lakin hamilə qadına yadda saxlamaq lazımdır ki, bir gün məşq sancıları həqiqi sancılara keçə bilərlər, buna görə də, onları lazımi qədər qiymətləndirməmək olmaz.

 

5. Həzm pozğunluğu

 

Doğuşa bir neçə gün qalmış hamilə qadın ürəkbulanma, qusma, qarında ağrılar və diareya kimi simptomları hiss edə bilər. İshal doğuşdan bir neçə gün əvvəl meydana gələ bilər. Həzm pozğunluğunun yaranmasının səbəbi, başqa orqanlarla yanaşı bağırsaqlara da təsir edən hormonal dəyişikliklərdir.

 

6. “Yuva qurma” instinkti

 

Hamiləliyin son dövrlərində hamilə qadınları əldən salan güclü yorğunluq gözlənilmədən evi təmizləmə işlərinin aparılmasına və ya bütün günü plitənin yanında keçirmək istəyinə çevrilə bilər. Bunu “yuva qurma” instinkti adlandırırlar. Əgər siz körpə ilə görüşə hazırlaşmaq istəyirsinizsə bu normaldır, lakin çalışın ki, həddindən artıq taqətdən düşməyəsiniz, çünki yaxın günlərdə sizi çoxlu güc tələb edən iş gözləyir.

 

Doğuş müjdəçiləri olmayanda nə etməli?

 

Siz hamiləliyin artıq 40-41-ci həftəsindəsiniz, doğuş müjdəçiləri isə hələ də yoxdur? Ruhdan düşməyin, bu hələ o demək deyil ki, sizin orqanizm doğuşa hazırlaşmır. Yadda saxlayın ki, hər bir hamiləlik unikaldır və siz öz hisslərinizi tanışlarınızın və ya rəfiqələrinizin hissləri ilə müqayisə etməməlisiniz.

Müjdəçilərin olmaması heç bir halda o anlama gəlmir ki, sizin hamiləliyiniz vaxtından artıq çəkəcək, doğuş isə başqalarından daha çətin keçəcəkdir. Daha yaxşı şeylərə köklənin, çünki uşağınızla görüşünüzə saylı günlər qalıb! (Ginekoloq.az)

 

LENT

26 May 2017
25 May 2017
24 May 2017
23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017