Uşaqlarda xroniki qəbizlikSİMPTOMLARI və MÜLAİCƏSİ

Aile.lent.az tibb elmləri üzrə fəlsəfə doktoru, pediatr Şəhla Rüstəmovanın məqaləsini təqdim edir.

 

Uşaqlarda qəbizlik – çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) delikat problemdir. Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.

 

Qəbizlik nədir?
 

- Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması

 

- Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu 
 

- Bağırsağın natamam boşalma hissi,
 

- Quru, bərk nəcisin xaric olunması. 
 

Əgər bu simptomların ən azı ikisi minimum üç ay müddətində müşahidə olunursa, deməli, uşağınızda xroniki qəbizlik sindromu var.

 

Defekasiyanın yaş normativləri: 
 

0-4 ay – gündə 1-7 dəfə
4 ay - 2 yaş – gündə 1-3 dəfə
2 yaşdan böyük - gündə 2 dəfədən iki gündə 1 dəfəyə qədər

 

Qəbizliyin əsas yaranma səbəbləri:
 

1) Rasionda bitki liflərin və suyun miqdarının az olması ilə qeyri-rasional qidalanma, 
 

2) Antibiotiklərin qəbulu nəticəsində disbakretiozun yaranması
 

3) Qida allergiyası
 

4) Qurd-parazit xəstəlikləri
 

5) Mədə-bağırsaq xəstəlikləri zamanı yaranan ferment defisiti
 

6) Yoğun bağırsağın anadangəlmə inkişaf qüsurları (dolixosiqma, meqakolon, Hirşprung xəstəliyi) və sairə.

Qəbizliyi necə müalicə etmək lazımdır?
 

Qəbizlik - diaqnoz deyil, hər hansı bir səbəbdən yaranan sindromdur. Müalicənin effektivliyi üçün qəbizliyi yaradan səbəbi aşkar edib, aradan qaldırmaq lazımdır.

 

Xroniki qəbizliyin müalicə prinsipləri:
 

1) Rasionda lifli meyvə-tərəvəzlərin (qara gavalı, əncir, alma, mandarin, apelsin, kələm, yerkökü, köbələk, çuğundur, pomidor, xiyar və s.) bol olması. 
 

2) Qəbul olunan mayenin miqdarının artırılması. Gün ərzində qəbulan olunan suyun miqdarı uşağın yaşından asılı olaraq 1,1-2 litr təşkil etməlidir.
 

3) Bir sıra ərzaqların və meyvələrin rasiondan çıxarılması (əzgil, nar, heyva, zoğal, un məmulatları, düyü və sairə)
 

4) Fiziki aktivliyin artırılması. Müalicəvi idman, massaj, gimnastika, üzgüçülük, piyada gəzinti xroniki gəbizliyin müalicəsinin ayrılmaz hissəsidir.

 

Əgər uşağınızda qəbizlik müşahidə olunursa, mütləq həkimə müraciət edib, müayinədən keçmək məsləhətdir.

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017