Valideyn diqqətsizliyinin nəticəsi: üz eybəcərləşir, oynaqlar sıradan çıxır...

Uşaqlarda yanıqlar müalicəsinin çətinliyinə, fəsadlarının rast gəlmə tezliyinə, qalıq əlamətlərinin çoxluğuna görə fərqlənir və sosial-iqtisadi problem xarakteri daşıyır.

 

Bir sıra hallarda yanıqlar vətəndaşlar tərəfindən düzgün olaraq qavranılmır və ya  anlaşılmaq istənilmir. Bununla gündəlik praktiki fəaliyyətimizdə rastlaşırıq. Belə ki, valideynlərlə söhbət zamanı cansız predmetlərin yanması anlaqlı şəkildə qarşılansa da, təhlükəli dərəcədə yanmış uşağın vəziyyətinin izahı çox tez-tez əks  reaksiyalarla müşahidə olunur. Bu isə hansı yanıqların təhlükəli və fəsadlı, hansı yanıqların qalıq əlamətləri xarakteri daşıdığını izah etməyə zərurət yaradır. 

 

Uşaqlarda termiki yanıqlara daha çox rast gəlinir. Xüsusilə 1-4 yaşlar arasında qaynar   mayelərin (su, çay, yağ, süd, şor bişirmə, mürəbbə, bulyon) yanıqları çoxluq təşkil edir. Uşaq yanıqlarının təxminən 48-52%-i məhz bu səbəbdən baş verir. Yanıq səthinin sahəsi 10%-dən yüksək olan səthi yanıqlar belə, ciddi müalicə tələb edir. Yanıq səthinin sahəsi 20%-dən yüksək olarsa, bu, artıq həyat üçün real təhlükə yaradır. Bununla yanaşı, yaraların dərinliyinin önəmi ciddi əhəmiyyət kəsb edir.

 

Bilmək lazımdır ki, dəri 3 qatdan ibarətdir. Birinci (epidermis) və ikinci (derma) qatı ilə yanaşı, 3-cü qatı da (dərialtı piy qatı) yanığa məruz qalarsa, bu, dərin yanıq deməkdir. Dərin yanıqlarda dermanın öz təbii quruluşunu tam bərpa etmək heç zaman mümkün olmur və mütləq qalıq əlamətləri qalır. Yəni bu və ya digər dərəcədə çapıqlara mütləq olaraq rast gəlinir. Baş – üz, boyun, döş nahiyəsində olan dərin yanıqlar üzün  eybəcərləşməsinə gətirib çıxarır. Oynaq nahiyələrdə olan çapıqlar oynaqların  hərəkətinin pozulması və məhdudlaşması ilə müşayiət olunur. Bu əlamətlər uşaq böyüdükcə daha da kəskin formada ortaya çıxır. Bunlardan əlavə, nazik (atrofik) çapıqlar bir sıra hallarda alalıqla (depiqmentasiyalarla) müşahidə edilməklə yanaşı, tez-tez yaralanmağa meylli olur. Qalın (hipertrofik) çapıqlar uzun müddətli ağrı və qaşınmalarla gedir və ciddi müalicələr tələb edir. Xüsusilə allergik uşaqlarda  rast gəlinən kelloid çapıqlar çox təhlükəlidir. Müalicəyə çox çətin tabe olması ilə yanaşı  şiddətli qaşınmalarla, sürəkli ağrılarla, yuxu pozuntuları ilə və eləcə də sinir sisteminin  pozğunluqları ilə gedir.

 

Onu da bilmək lazımdır ki, bədən səthinin 20%-dən çox olan dərin yanıqlarından sonra  uşaqlarda xüsusilə qaraciyərin, böyrəklərin, həzm yolları orqanlarının, qan-damar sisteminin, sinir sisteminin bərpası prosesi uzun zaman alır.

 

Yuxarıda göstərilənlər adi bir diqqətsizlik, səhlənkarlıq ucbatından gələcəyimiz olan  uşaqların yanması nəticəsində baş verir. Bəzən uşağın üzünün eybəcərləşməsi, oynaqlarının sıradan çıxması, normal inkişafına əngəl törədən daxili orqan pozuntularının baş verməsi hansı dərəcədə ağır yanıq xəsarəti almasını göstərir. Böyüdükcə bədəndə olan çapıqların xüsusilə qızlarda ağır sinir komplekslərinin yaranmasına gətirib çıxarmasının çox şahidi oluruq. Belə nəticələr biz həkimləri də incidir.

 

Aydın görünür ki, yanıqlar çox ciddi sosial-iqtisadi problem xarakteri daşıyır. Sonda  valideynlərə bildirmək istəyirik ki, bu mövzuda çox ciddi olsunlar, körpələri isti  mayelərdən uzaq tutsunlar, qoruyucu tədbirləri hər zaman əldə tutsunlar və uşaqları göz bəbəkləri kimi təhlükədən qorusunlar.

 

Tibb elmləri namizədi Həmzə Əzizbəyov, Ülviyyə Zeynalova

 

LENT

25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
22 Mart 2017
21 Mart 2017
20 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017