Azərbaycanlı müğənni: “Pişiyimin İnstagramda səhifəsi var” - FOTOLAR

“Hər biri canlıya sevgim var. Hərdən cansız əşyalara da sevgim olur. Mən insanlara, heyvanlara, əşyalara, yerlərə, məkanlara çox öyrəşirəm, onlar mənə əziz olurlar. Uşaqlıqdan evimizdə heyvan görmüşəm. 10 yaşım olandan pişik saxlayırdım. Həmin pişik 10-15 il bizim evdə yaşadı. Dovşanımız da var idi. Amma sonra onlar bir yerdə yaşaya bilmədilər və dovşanı bağa apardıq”.

 

Bunu Aile.lent.az-a açıqlamasında Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımov deyib. Heyvansevər məşhurlar sırasında olan Eldar Hazırda pişik saxlayır. Sfinks cinsindən olan pişik dişidir. Pişiyi haqqında sevə-sevə danışan müğənni onun sosial şəbəkələrdə də məşhur olduğunu açıqlayıb: “Pişiyimin adı Goozydir. Çox ağıllıdır. Həm də müasir dövrlə ayaqlaşır, onun İnstagramda “goozycat” adlı səhifəsi var. Bir dəfə dostlarımdan biri soruşdu ki, pişiyin İnstagram profilini kim idarə edir? Bu sual mənə çox maraqlı gəldi və zarafatyana cavab verdim ki, özü. Dedim, mənim vaxtım yoxdur, ora-bura qaçıram”.

 

Bu pişiyi əldə etmək Eldar Qasımova asan başa gəlməyib. Eldarın çətinliklə əldə etdiyi pişik 5 aydır ki, onunladır. Goozy artıq müğənninin ailə üzvünə çevrilib və onlar bir-birini çox sevirlər: “Goozy ilə Kiyevdə tanış oldum. Gətirmək istəyirdim, amma mümkün olmadı, çünki belində “chip”i yox idi. Bunsuz isə onu sərhəddən keçirmək mümkün deyildi. Mən də onu incitmək istəmirdim. Çünki pişiyin boynuna iynə vurmalıydılar, “chip” salınmalıydı. Amma başqa cür də onu gətirə bilməzdim. Kiyevdən qayıtdım, oradakı dostlarım isə pişiyin Bakıya gətirilməsi üçün bütün işləri gördülər. Bir həftə sonra menecerim Goozyni mənə göndərdi”.

 

E. Qasımov pişiyinə özü qulluq edir. Lakin müğənni bunun məsuliyyətli olduğunu da etiraf edir. Eldar vaxtlı-vaxtında onu qidalandırdığını, gigiyenasına qarşı diqqətlə yanaşdığını, peyvənd və dərmanlarını etdirdiyini bildirib: “Pişik və ya başqa heyvan telefon deyil ki, oynadıb qırağa atasan. Onların da öz istəkləri, kaprizləri, həyəcanları, oyunları var. Bunlarsa bəzən sənin vaxtınla üst-üstə düşməyə bilər. Məsələn, sən yatmaq istəyirsən, o isə oynamaq. Yanından o tərəf-bu tərəfə qaçır, tullanır. Darıxdığı üçün sahibi ilə oynamaq istəyir. Mən evə gələndə Goozy açarların səsini eşidir və məni qapıda qarşılayır. Üzümə baxır və sanki məni gözlədiyini deyir”.

 

Eldar hər kəsi heyvanları sevməyə və qorumağa çağırır. Çünki onlar insanla dost ola biləcək hissə və ağıla sahibdirlər: “O canlı mənim evimə girən kimi özümə söz verdim ki, mənə etibar etməlidir. Ona heyvan demək istəmirəm. Çünki bizim dilimizdə heyvan sözü pis söz kimi işlənir. Mən bunun səbəbini bilmirəm. Heyvanlarsa buna layiq deyillər. Heyvanlar, hətta bəzi insanlardan daha vəfalı, ağıllı və həssasdırlar. Mən istəməzdim ki, heyvanları pis, kobud insanlarla müqayisə edək. Çünki heyvanlar həqiqətən də çox gözəl canlılardır”.

 

 

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
25 Mart 2017