Pediatr: "Balıq yağının immuniteti artırdığı təsdiqlənməyib" - VİDEO

“Fəsil keçidlərində orqanizmdə bir sıra dəyişikliklər baş verir. Fəsil dəyişikliklərinə adaptasiya deyilən bir məqam da var. Uşaq orqanizminin adaptasiya xüsusiyyəti zəif olduğu üçün uşaqlar fəsil dəyişikliklərinə daha həssas olurlar”. Bunu Ailem.az-ın canlı yayımında qonaq olarkən pediatr Günay Rəsulova bildirib.

 

Həkim deyir ki, uşaq orqanizmində bir sıra xəstəliklər məhz fəsil dəyişikliklərində meydana gəlir. Məsələn, qışda uşaqlar üst tənəffüs yolu xəstəlikləri, resperator infeksiyalara tutulursa, yazda bu xəstəliklərin intensivliyi azalır: “Bu xəstəliklər öz yerini allergik xəstəliklərə, anemiyaya, bir sıra xroniki xəstəliklərin kəskinləşməsinə, qızdırmaya verir. Allergiyası olanlarda kəskinləşmə, vitamin əskikliyi meydana gələ bilər. Bu xəstəliklərin olmaması üçün fəslə uyğun qidalanma, düzgün həyat tərzi önəmlidir”.

 

Həkimin sözlərinə görə, uşağın immunitetini artırmaq üçün konkret müalicə üsulları yoxdur: “Valideynlər çox vaxt soruşurlar ki, uşağa nə verim immuniteti artsın? İmmuniteti hər hansı dərman preparatı, sirop, vitamin kompleksi, balıq yağı məhsulları ilə artırmaq mümkün deyil. Əgər bu, mümkün olsaydı, əvvəlcədən hansısa siropu verərdik, uşaq da xəstələnməzdi. Onda heç tibb də olmazdı. İmmuniteti artırmaq üçün sadəcə xəstə insanla təmasdan uzaq durmaq lazımdır. Müəyyən ortamlara, sıxlıq olan yerlərə uşaqları götürməməlidirlər. Və uşaqların qidalanmasına fikir verməlidirlər. Uşaqlara meyvə-tərəvəz bol yedizdirilməlidir. Xüsusən mövsümündə. Qışda uşağa şaftalı, gilas vermək olmaz. Bir də yuxu çox önəmlidir. Immunitet dedikdə valideynlərin ağıllarına ilk növbədə qidalanma gəlir. Amma yuxu da önəmli faktordur. Vaxtında yatıb-durmaq, düzgün yuxu rejimi uşağın sağlam təməllərindən biridir”.

 

Pediatr valideynlərin uşaqlara özbaşına vitamin, balıq yağı preparatı verməsi mövzusuna da toxunub: “Özbaşına müalicə bizdə baş alıb gedir. Bunun fəsadları çoxdur. Adi vitamin kompleksi kimi baxırıq, amma ciddi ağırlaşmalara, allergik reaksiyalara səbəb ola bilir. Hətta adi siropdan belə, anaflaktik şoka girən uşaqlar olub. Düzdür, televiziyalarda reklamları çox gedir deyə valideynlər balıq yağlarına can atır. Sanki bunu uşağa verməyi özlərinə borc bilirlər. Ancaq onların əsaslandırılmış xüsusi effekti yoxdur. Balıq yağlarının, immuniteti artıran siropların immuniteti artırması tibbi əsasını, təsdiqini tapmayıb. Əgər valideyn uşağın immunitetinin hansısa virusa qarşı dirəncli olmasını istəyirsə, o zaman onun profilaktik peyvəndlərini vaxtlı-vaxtında vurdursun. Uşaq həyətdə oynayanda hansısa travma alırsa, o zaman açıq yaradan titanus xəstəliyinə tutula bilər. Bağçada, məktəbdə qızılca, suçiçəyi, difteriya, göy öskürək kimi xəstəliyə yoluxma ehtimalı yüksəkdir. Niyə bu peyvəndlər 2 aydan sonra başlayır? Çünki körpə uşaqların bu infeksiyaya yoluxması və yoluxduqda ağırlaşıb tələf olması riski yüksəkdir. Ona görə də peyvənddən imtina etmək doğru deyil. Bunu edən valideyn birinci növbədə vicdanı qarşısında cavab verməlidir”.        

 

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017
19 İyun 2017