Xalq artisti: “Qızım geyimimi bəyənmir” - FOTOLAR

Xalq artisti Nəzakət Teymurova illərdir səhnədə olsa da, sanki zaman ona heç təsir etməyib. Sənətçi həmişə gənc və təravətli görünür. Bəs bunun sirri nədədir? Aile.lent.az-a açıqlama verən N.Teymurova bunu ilk növbədə daxili və mənəviyyatı ilə əlaqələndirir: “İnsan ilk növbədə daxilən gözəl olmalıdır, insanın içi gözəl olmalıdır. Çox xoşbəxt adamam ki, hər zaman daxili gözəlliyimi qoruyub saxlamışam. Hər şeyə gözəl baxmaq, hər şeyin yaxşısını görmək istəyirəm. Mənəvi cəhətlər məndə üstünlük təşkil edir. Həm də Allah verən bir simadır. Şükür ki, əlimiz-ayağımız sağ-salamatdır”.

 

N. Teymurova özünə qulluğa biganə yanaşdığını etiraf edir. Kosmetoloqa tez-tez müraciət etməyən xalq artisti ev şəraitində hazırlanan müxtəlif maskalardan da uzaqdır. Xanəndə bunu həvəs və vaxt qıtlığı ilə əlaqələndirir: “İldə bir dəfə vacib prosedurlar üçün kosmetoloqa gedərəm. Bəzi şeylər var ki, insan yaşa dolduqca onlardan bəhrələnməlidir. Evdə heç nə etmirəm. Kosmetoloqlar mənə deyir ki, qulluq etməməyinə baxmayaraq, dəri yaxşıdır, təravətini itirmir. Məsləhətlər verirlər, ancaq heç birisini edə bilmirəm, çünki hövsələm yoxdur. Bacım səhərdən-axşamadək üzünə maskalar edir, ona deyirəm, elə bil xalq artisti sənsən (gülür). Özümə onun kimi qulluq edə bilmirəm. İnsanın içində həvəs olmalıdır. Yayda bacım müxtəlif maskalar edir, 1-2 dəfə ona baxıb etdim, amma 5 dəqiqə sonra hamısını silib təmizləyirəm. Əslində gənc, təravətli qalmaq üçün dəriyə qulluq etmək lazımdır. Tamaşaçıların qarşısına gözəl çıxmaq lazımdır. Səhnə adamı baxımsız olanda tamaşaçılar onu bəyənmir”.

 

Hər zaman təravətli görünən xanəndə bunun genetika ilə bağlı olduğunu deyir. N. Teymurova çox vaxt makiyajını da özü edir: “Üzümdə nə var özümə məxsusdur, təbiidir (gülür). Mən anama oxşamışam. Onun da siması belədir. 83 yaşı var, amma o qədər də çox qırışı yoxdur. Gözəllik salonlarında vaxt keçirməyə hövsələm çatmır. Özünüz bilirsiniz, makiyaj üçün gərək saatlarla oturasan. Mən də istəyirəm ki, tez başa gəlsin. Çox vaxt özüm makiyaj edirəm. Yalnız bəzi çəkilişlərdə vizajistə müraciət edirəm. Bu gün sizin üçün özüm bəzənmişəm. Hərdən saçlarımı dəyişmək istəyirəm. Amma sənətimə, özümə yaraşmayan rənglər etdirməyə risk etmirəm. Bilirsiniz ki, muğam ifaçıları ciddi sənət sahibləridir. Ona görə də hər şeyə fikir verməliyik. Başqa rəng qoysam da, mənə yaraşmaz. Sarı rəngli saçlar mənə yüz faiz yaraşmaz" (gülür).

 

Zövqlü geyimi də diqqətdən yayınmayan sənətkar geyim seçiminə xüsusi əhəmiyyət verdiyini açıqladı. Onun brend asılılığı olmasa da, keyfiyyətə önəm verir: “Əsas odur ki, aldığım paltar mənə yaraşsın və maddi baxımdan büdcəmə uyğun olsun. Mənim üçün əsas zövqlü geyinməkdir. Bəzən hansısa geyimi alıram, soruşurlar ki, məsələn, sən “Armani”nidən geyinirsən? Deyirəm, mən heç bilmirəm geyindiyim “Armani”dir, ya yox? Yəni brend arxasınca qaçmıram. Nəyə gücüm çatırsa, ona qane olan insanam. Arada paltar tikdirirəm, onda peşəkarlarla məsləhətləşirəm. Düzdür, bəzən mənim fikrimi tuta bilmirlər, istədiyimi ala bilmirəm. Hər zaman deyirəm ki, bir paltarı neçə dəfə geyinərəm, utanmaram. Ona görə ki, qonşudan borc almıram, özümündür. Səliqəli geyinməyi xoşlayıram. Bir paltarı neçə il geyinirəm, amma hər dəfə geyinəndə elə bilərlər təzədir”.

 

Xanəndə çox vaxt qızı ilə məsləhətləşdiyini də etiraf edir. Tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedən xalq artisti çoxlarından fərqli olaraq alış-verişə üstünlük vermədiyini də deyir: “Hərdən qızımla məsləhətləşirəm. Bir də görürsən, hansısa geyimimi bəyənmir. Deyirəm, ay bala, mənim yaşım o yaş deyil. Sözsüz ki, o, gəncdir. Gənclər çılğın olurlar, hər şeyə başqa cür baxılar.

Xarici ölkələrə gedəndə bəziləri tarixi məkanlara, bəziləri alış-verişə qaçır. Mən də oteldə otururam (gülür). O qədər yorğun oluram ki, beynimi sakitləşdirirəm. Xaricə gedəndə mənim üçün əsas səhnəmdir. Səhnəmi düşünürəm ki, ilk növbədə yaxşı oxuyum. Sonra isə alış-veriş, gəzmək olar”. 

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017