Psixiatr: “İntihar edən insanda gizli depressiya olur” - VİDEO

“İntihar səbəbləri arasında bir neçəsini göstərmək olar. Ən sıx görülən səbəb ani bir hadisənin baş verməsidir. Bu, ailə-məişət hadisəsi, çözüm yolu tapa bilmədiyi durum ola bilər. Ailədaxili münaqişələrdə ər-arvadın ayrılması, ani xəyanətlərin öyrənilməsi, böyük borcu qaytara bilməmək düşüncəsini ani səbəblər kimi göstərmək olar. Qeyd edək ki, ölümlə nəticələnən və nəticələnməyən intiharlar olur. İntihara cəhdlər intiharın özündən 15 dəfə çox olur. Bir insanın intihara cəhd etməsi normal qəbul ediləcək hal deyil. Bu həddə çatması üçün müəyyən mərhələyə çatması lazımdır”.

 

Bunu uzman psixiatr Azər Bağırov Ailem.az-a müsahibəsində deyib. Onun sözlərinə görə, intihar riskini artıran səbəblər arasında şəxsin tək olması, ailə bağlarının, yaxınlarının olmaması, evli olmamaması, boşanması var. Ancaq ağır, xroniki, müalicəsi olmayan xəstəlik diaqnozu qoyulması da intihar riskini artıran səbəbdir: “İntiharın şəxsin asosial olması ilə əlaqəsi yoxdur. Böyük ətrafı olan insanlar da intihar edir. Amma intihar edən insanların psixiatrik xəstəliyinin olması gözdən qaçır. Əsas məqam budur. Bir insanın depressiyada olduğu, intihara meylli olduğu vaxtında aşkarlanıb yardım edilsə, qarşısı alına bilər. İnsanlar intihar səviyyəsinə çatmazdan əvvəl depressiv vəziyyətə düşürlər. Depressiv vəziyyət insanın əhval-ruhiyyəsinin bir neçə saatlıq, bir neçə günlük pozulması deyil. Bu, iki həftədən çox çəkən haldır – kefsizlik, istəksizlik, heç nədən zövq almamaq, heç nə etmək istəmir, işləmək, yemək, harasa getmək istəmir və s. Ətrafdakılar dəyişikliyi görə bilir. Çünki şən, ünsiyyətcil adam özünə qapılır. Bu zaman mütəxəssisə müraciət etmək lazımdır”.    

 

Mütəxəssis deyir ki, impulsiv intihar cəhdləri daha çox qadınlarda görülür. Bir münaqişədən, öyrəndikləri hansısa xəbərdən sonra qadınlar özlərini çıxılmaz, hər şeyin sonu gəlibmiş kimi hiss edirlər: “O sırada intihar cəhdlərinə əl atırlar. Çox zaman dərman içirlər. Bu cəhdlərin çoxu ölümlə nəticələnmir. Kişilərdə intihar cəhdləri daha ciddi görünür. Odlu silahla, çox yüksək miqdarda dərman içməklə, özünü asmaqla intihar hallarına rast gəlinir. İntihara cəhd halları qadınlarda kişilərdən 2 dəfə artıqdır. Ölümlə nəticələnən intiharlar isə kişilərdə qadınlara nisbətən 4-5 dəfə çoxdur. Bəli, qadınların çox dözümlü varlıq olduğunu qəbul etmək lazımdır. Ancaq kişinin intihara cəhdini stressə dözməmək kimi qəbul etmək doğru deyil. Hamının həyatında stress olur. Amma hamı intihara cəhd etmir. Bu, stress faktorunun şiddətiylə əlaqəlidir. Güclü, çıxılmaz hiss etdirən stress faktoru intihara apara bilər. İntihar edən insanda çox zaman gizli şəkildə gedən depressiv hal olur. Məsələn, ailədaxili münaqişə dedikdə bunun özü də xroniki müddətdir. Bunu intihar olan gün baş vermiş münaqişə kimi görməmək lazımdır. Yəni aylar, illər öncəsinə gedən ailədəki soyuqluq, münasibət var. Bunu dözümsüzlük kimi görməkdənsə psixoloji vəziyyətin olub-olmaması araşdırmaq daha faydalıdır”.

 

A.Bağırov qeyd edir ki, burda ölkənin mental xüsusiyyətləri də rol oynayır: “Bizim kimi mədəniyyətlərdə kişilər ailəni dolandıra bilmədikləri, yaxud üzərlərinə düşən məsuliyyəti yerinə yetirə bilmədikləri üçün kişiliklərinə xələl gəldiyini düşünmə səbəbilə çıxışı intihar cəhdlərində arayırlar. Ona görə stress halları, cəmiyyətdəki sıxıntılı vəziyyətlərin kişilər üzərində təsiri daha çoxdur. Qadınlar üzərində isə ailə içi, məişət zəminində ikili münasibət daha çox təsir edir”.   

 

Psixiatr kişilərin içkiyə meyl etməsi məsələsinə də toxunub: “İçki heç bir şəkildə müalicəedici üsul deyil. İçkinin təsirilə sərxoşluq halı yarananda müəyyən müddət mənfi düşüncələrdə azalma ola bilər. Amma səhəri gün içkinin təsiri getdikdə şəxs özünü daha da pis hiss edir. Birincisi, o miqdarda içki qəbul etdiyi üçün özünü peşman və işəyaramaz hiss edir. İkincisi, içkinin özünün xroniki istifadəsinin depressiya üzərində mənfi təsiri var. Yəni heç nəyi həll eləmir, problem olduğu kimi qalır. İçkili şəkildəki davranışları ətrafı tərəfindən qınandığı üçün özlərini daha pis, işəyaramaz, sevilməyən, diqqətə alınmayan insan kimi hiss etmələrinə səbəb olur. Bir insan problemli dönəmə girdikdən sonra içkiyə meylinin artdığını gördükdə, mütləq yardım etmək, mütəxəssisə yönləndirib, içkiyə meyl etmə səbəblərini tapmaq lazımdır”.    

 

 

LENT

30 Mart 2017
29 Mart 2017
28 Mart 2017
27 Mart 2017
25 Mart 2017