Məşhur həkimdən peyvəndlər haqqında ƏN QISA YAZI

Ailem.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın peyvəndlər haqda məqaləsini təqdim edir. 

 

Azərbaycan uzun müddət “dəmir pərdə” arxasında yerləşdiyi üçün insanlarımızın dünyada gedən proseslərdən xəbəri az olurdu. SSRİ öz xalqını xarici təsirlərdən – istər yaxşı olsun, istərsə də pis – qoruyurdu. Azərbaycan müstəqillik qazanandan sonra dünyadakı məlumatlar daha əlçatan oldu. Ağıllı insanlar dünyadakı ağıllı şeylərə diqqət etməyə başladılar. Amma axmaqlığın da azadlıq haqqı vardır – axmaq insanlar dünyada sərbəst dolaşımda olan axmaq fikirləri öyrənməyə və onları yaymağa başladılar.

Peyvəndlər zərərlidirmi?

Peyvəndlər lazımdırmı?

Yoxsa peyvəndlər beynəlxalq “dərman mafiyasının” uydurmasıdır?

Heç uzağa getməyəcəyəm. Uzun da yazmayacağam.

Peyvəndlərlə qarşısı alına bilən xəstəliklərin statistikasının tarixi müqayisəsi haqqında məqalə paylaşacağam.

 

Roush və yoldaşlarının JAMA-da dərc edilmiş peyvəndlərin istifadəsinin tarixi haqqında məqaləsinin icmalı

 

Peyvəndlərin istifadəsindən əvvəlki dövrlərdə peyvəndlərin önləyə bildiyi xəstəliklərin statistikası sizə maraqlıdırmı?

Görəsən peyvəndlərin ucdantutma istifadəsi bu xəstəliklərin qarşısını nə qədər ala bilib?

Yaxın oturun!

 

Peyvəndlərin istifadəsinin xəstəliklərin görülmə sıxlığı və fəsadları üzərində təsirini göstərən cədvəl

 

Difteriya: Rutin peyvənd praktikası 1928–1943-cü illər arasında aparılmışdır. Peyvənd kampaniyasının təsirinin başlanmasından əvvəl ABŞ-da ortalama olaraq ildə 21 000 insan difteriya ilə xəstələnir, bunlardan 1 822-si vəfat edirmiş. Peyvənd kampaniyası sayəsində artıq ABŞ-da difteriya halları və dolayısıyla difteriyaya bağlı ölüm heç görülmür.

 

Qızılca: Rutin peyvənd kampaniyası 1963, 1965 və 1968-ci illərdə aparılmışdır. Bundan əvvəl ortalama olaraq illik yarım milyon insan qızılca xəstəliyinə tutulur, bunlardan 440-ı vəfat edirmiş. İndilərdə isə ABŞ-da ortalama olaraq ildə 55 hadisə qeydə alınmasına baxmayaraq, bu xəstəlikdən ölüm halları heç görülməmişdir.

 

Poliomiyelit: Rutin peyvənd proqramı 1955-ci ildən başlamışdır. Kampaniyadan əvvəl ABŞ-da həm kəskin, həm də paralitik poliomiyelit sayı ortalama olaraq ildə 36 000 hadisə olmuşdur. Bunlardan 3 000 nəfərə yaxın insan itirilmişdir. Peyvənd kampaniyası sonrasında isə poliomiyelit tamamilə ortadan qaldırılmışdır.

 

Peyvəndlərin zərəri vardırmı?

Qısa deyəcəm – vardır.

İnsan həyatında suyun da zərəri vardır.

Görəsən peyvəndlər faydadan əlavə daha çox ziyan vermir ki?

Poliomiyelit peyvəndinin ağırlaşmalarının statistikası haqqında məqalə

 

Poliomiyelit peyvəndinə bağlı fəsadların statistikası

 

Statistikanın nəticəsi açıq-aşkardır:

 

· 1961–1972-ci illər arasında ABŞ-da hər 4 milyon beş yüz əlli min poliomiyelit peyvəndindən ancaq 1-i fəsad vermişdir.

· Bundan əvvəl isə ortalama olaraq ildə 3 000 insan poliomiyelit xəstəliyi ucbatından itirilirdi.

 

Nəticəni özünüz çıxarın. Peyvəndlərin faydaları zərərlərindən dəfələrlə çoxdur.

 

 

LENT

22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017
16 May 2017