Azərbaycanlı müğənni: “Ərimdən xəbərsiz abort etdirdim” – SORĞU

Sabah, yəni aprelin 25-də Milli Məclisin plenar iclasında  abortlarla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycanda şəxsin razılığı olmadan onun nəsilartırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqsədilə əməliyyat aparanların cəzalandırılması qaydaları dəyişdirilir, qanunsuz abortun edilməsinə görə cərimələrin məbləği artırılır. Bununla yanaşı, abortların qarşısını almaq məqsədilə bir sıra sosial layihələr həyata keçirilir. Bu layihələrdə Azərbaycanın tanımış simaları da iştirak edir. Ailem.az mövzunun aktuallığını nəzərə alaraq müğənnilər arasında sorğu keçirib.

 

“Öldürmə, ana” adlı layihədə iştirak edən əməkdar artist Fərqanə Qasımova abortlara qarşı fikrinin birmənalı olduğunu bildirir. O, müasir dövrdə bu cür xoşagəlməz halların qarşısını almağın asan olduğunu deyir.

Əməkdar artist müasir dövrdə çoxuşaqlı ailələrə az rast gəlinməsi halını da pisləyir: “Keçmişdə hamiləliyə qarşı tədbir görmək çətin idi. Ona görə də nənələrimiz 12-13 uşaq dünyaya gətirirdilər, çoxuşaqlı ailələr çox idi, gözəl formada nəsil artımı olurdu. Ancaq indi baxırsan ki, ailələrdə 2-dən artıq uşaq yoxdur. Valideynlər özlərini əziyyətə vermək, gələcək nəsil haqqında düşünmək istəmirlər. Şəxsən mənim çoxuşaqlı analara böyük rəğbətim var. Uşaq ana bətninə düşəndən sonra onu öldürmək çox pis haldır. Uşaq istəmirsinizsə, əvvəldən tədbirlər görün. Uşaq ana bətninə düşübsə o, artıq dünyaya gəlməlidir”.

 

Uşağı tələf etdirmək kimi xoşagəlməz halla rastlaşmadığını deyən xanəndə 4 uşaq anası olması ilə fəxr etdiyini söyləyib. Əməkdar artist arzuedilməyən hamiləliklə qarşılaşarsa, uşağı dünyaya gətirəcəyini gizlətmədi: “Əgər ətrafımda belə bir halla rastlaşaramsa, mütləq həmin qadına mane olardım. Lakin bir nəfər var idi, ona yalvardım ki, abort eləmə, günahdır. Ancaq etdi”.

 

“Öldürmə, ana” layihəsinin daha bir siması olan müğənni Samira Allahverdi bu sahədə təbliğat işlərinin gücləndirilməsini vacib hesab edir. O, ətrafında bacardığı qədər abortlara qarşı təbliğat apardığını da bildirdi.

S. Allahverdi də uşağın tələf edilməsi kimi xoşagəlməz haldan qaçmağın mümkün olduğunu yada saldı: “Ali savadlı insanlarıq və müasir dövrdə yaşayırıq. Gözlənilməyən hamiləliyin qarşısını almağın çoxlu üsulu var. Digər bir məqama da toxunum. Bir çox ailələrdə oğlan övladı istəyirlər, qızın əleyhinədirlər. Abortların bir hissəsi də məhz bu səbəbdən olur. Bu, həddən artıq pis haldır. Abort həm günahdır, həm də qadınların sağlamlığı üçün böyük ziyandır. Ehtimal var ki, qadın sonra bir daha uşaq dünyaya gətirə bilməsin. Abortla bağlı qanunların sərtləşdirilməsi bunun qarşısını alıb-almayacağını deyə bilmərəm. Amma ən azından təbliğat olunmalıdır. Ətrafımda Allah kimə övlad payı veribsə, hamısı sevinclə qəbul edib və dünyaya gətirib. Lakin hər zaman imkan düşəndə bu mövzu ilə bağlı söhbət aparıram. Bəziləri anlayır, bəziləri düzgün qərara gəlməyə çalışır”.

 

Dörd uşaq anası olan müğənni Elnarə Xəlilova abortu cinayət hesab edir.

Sənətçi bu əməliyyatdan qorxduğunu da etiraf edir: “Deyə bilərsiniz ki, yəqin ona görə mən 4 övlad dünyaya gətirmişəm. Bəli. Anam da hərdən mənə deyir ki, indən sonra 40 uşaq dünyaya gətirərsən. Əlbəttə, mənim kontraseptiv vasitələr haqqında məlumatım var. Övlad dünyaya gətirmək istəmirsənsə, qorunma yolları mövcuddur. Rüşeym bətnə düşəndən sonra onu necə öldürmək olar? Ana qarnındakı körpəsini necə doğratdırıb çıxarda bilər?”

 

Xanım müğənni bununla bağlı xoşagəlməz halla rastlaşdığını da xatırladı. Elnarə abort etdirmək istəyən bir gənc xanımı fikrindən döndərməyə çalışıb: “Hamilə idim, qadın məsləhətxanasına müayinəyə getmişdim. Bir xanım USM-ə girdi və çıxdı. Təsadüfən öyrəndim ki, həyat yoldaşı oğlan istəyir, qadın isə qıza hamilə olduğu üçün abort otağına gedir. Elə bil başıma qaynar su tökdülər. Onu fikrindən daşındırmağa çalışdım. Dedim sən qarnındakı 3 aylıq uşağı necə öldürə bilərsən? Uşağı doğratdırıb ordan çıxarmağa necə ürəyin gələcək? 3 aylıq uşağın cinsiyyəti bilinir. Xanım ağladı ki, ərim qoymayacaq bu uşağı dünyaya gətirim. Ona dedim ki, sənin qarnındakı uşağın cinsiyyətini ərin təyin edir. Bunu din də deyir, tibb də sübut edib ki, uşağın cinsiyyətini kişi müəyyən edir. Dedim ki, ərin səni bu günaha sövq edirsə, onu aldat. Sonra da de ki, USM səhv baxıb. Doğulandan sonra heç nə edə bilməz. Amma sonra bilmədim axırı necə oldu. Xanımlarımıza demək istəyirəm ki, qoruna bilirsələrsə, qorunsunlar, yox, əgər iş-işdən keçibsə, Allahın göndərdiyi paya o cür münasibət göstərməyin”.

 

Üç uşaq böyüdən müğənni Xuraman Şuşalı isə kişilərin qadınları aborta sövq etdiyini deyir. Sənətçi abortlarla bağlı qanunun sərtləşdirilməsini təqdirəlayiq hesab edir. Lakin abortların qarşısını almaq üçün yeni doğulan uşaqlara diqqətin daha çox olmasını arzulayır.

 

X. Şuşalı ailədə çox uşağın arzulanmamasının daha bir səbəbini sosial çətinliklərdə görür: “Yaxşı olardı ki, çoxuşaqlı analara dövlət tərəfində müəyyən maliyyə yardımı edilsin, uşaqlara verilən pulun məbləği artırılsın. Hər doğulan uşağa 90 manat birdəfəlik pul verilir. Bu məbləğ artırılsa, doğuşun sayı da artar. Qadınlar niyə doğmur? Uşaq bezi, uşaq yeməklərinin qiyməti ucbatından. Uşaq yeməyinin qiyməti 15 manat, bezin qiyməti 23-28 manatdır. Bez də bir həftəyə, bir qutu yemək 3 günə qurtarır. Ona görə də qadınlar uşağın xərcindən qorxub abort etdirirlər. Yoxsa heç bir ana canına qıyıb qarnındakı uşağı diri-diri öldürtməz”.

 

Müğənni abort mövzusunda həkimlərin də üzərinə böyük məsuliyyət düşdüyün qeyd edir. X. Şuşalı heç vaxt uşaq tələf etmədiyini də açıqladı. Əksinə, övladlarının hər birinin onun ailə xoşbəxtliyini artırdığını dedi: “Abortlarla bağlı qanunlar sərtləşdikdə sadəcə olaraq həkimlər bu əməliyyatın qiymətini qaldıracaqlar. Deyəcəklər ki, bu, cinayətdir və cəriməsi çoxdur, ona görə də abortun qiyməti qalxıb, bu qədər pul versəniz edərik. Sadəcə olaraq əslində insanlar bunu özü başa düşməlidir, məsələnin abort həddinə gedib çıxmasına imkan verməməlidirlər. Üçüncü uşaq bətnimə düşəndə onu nə həyat yoldaşım, nə də mən istəmirdik. Lakin bunun bu dünyada və axirətdə günah olduğunu düşünüb uşağı tələf etdirməkdik. Fikirləşdim ki, günahımın əziyyətini çəkincə övladım olsun, onun əziyyətini çəkim. İndi ailəmizin ən sevimlisi elə üçüncü oğlum Abbasdır. O, ailəmizə böyük xoşbəxtlik qatır. Ona hamilə qalanda anam ağır xəstə idi, 2 aylıq hamilə olanda dünyasını dəyişdi. Abbas dünyaya gəlməsəydi, mən bilmirəm o depressiyanı necə yaşayardım, o vəziyyətdən necə çıxardım? Üçüncü uşaq məni həyata qaytardı”.

 

Xanım sənətçi uşağını tələf etdirmək istəyən bir ananı bu fikrindən daşındırdığı üçün də özünü xoşbəxt hiss edir. Deyir ki, maddi çətinliklər uşaq dünyaya gətirməyə mane olmamalıdır: “Bir çox xanımı abort fikrindən daşındırmışam. Bir hamilə xanım var idi, abort etdirmək istəyirdi. Əgər dünyaya gələrsə, uşaqdan imtina edəcəkdi. Onu aparıcı İlhamə Bədəlova ilə tanış etdim. İlhamə həmin xanımı uşaq doğulana qədər öhdəsinə götürdü, doğuşun və 40 günə qədər onların xərcini çəkdi. Qadın uşağı dünyaya gətirdi, iş də tapdı”.

 

Hələ ana olmağın sevincini yaşamayan müğənni Afaq Aslansa bir dəfə abort etdirdiyini etiraf etdi. O, uşağını tələf etməyin səbəbini də açıqladı.

 

Belə ki, həyat yoldaşının xəyanətini öyrənən müğənni atasız uşaq böyütmək istəməyib: “Həyat yoldaşımın mənə xəyanət etdiyini öyrəndim. Bir xanım mənimlə görüşdü və gətirdiyi uşağın həyat yoldaşımdan olduğunu dedi. Uşaq da ərimə çox bənzəyirdi. Mən də hamilə idim, istəmədim o uşağı. Qısqandım və  aqressivləşdim. Ərimdən xəbərsiz uşağı abort etdirdim. Ona da dedim, sən artıq atasan, neynirsən bu uşağı?! Beləcə, boşandıq”.

 

Buna peşman olan A. Aslan abortun xanımların həyatını riskə atdığını da xatırladır. Müğənni deyir ki, abort gələcəkdə ana olmaq şansını xanımların əlindən ala bilər: “Gənc qızlarımızın abort etdirməsinin tərəfdarı deyiləm. Çünki onların həyatı hələ qarşıdadır. Gənc yaşda saysız-hesabsız abort etdirməklə onlar ana olmaq şanslarını itirirlər. Abortun mənfi fəsadları çoxdur. Ona görə də yaxşı olar ki, ana olmaq istəməyən, hamiləliyə hazır olmayan xanımlarımız qorunsunlar. Mən də bir övladımı tələf etdirdim. Çünki ailəli olanda gənc idim, ana olmağa hazır deyildim. Düzdür, hazırda heç bir problemim yoxdur. Amma qadının əsl missiyası nəsil artırmaq, ana olmaqdır”.

 

Aparıcı Vüsalə Kərimova abortlara qarşı qanunların sərtləşməsi və cərimələrin artmasının insanların məsuliyyətini artıracağına inanır.

Lakin o, bəzən abortun qaçılmaz olduğunu da deyir: “Abort günahdır, bir canlının canını almaq deməkdir. Amma abort məsələsinə bir mövqedən baxmaq da olmaz. Hazırda günümüzdə qloballaşan məsələlərdən biri də atılmış uşaqlardır. Valideyn dünyaya gətirdiyi uşağın məsuliyyətini dərk etmir. Ən azı bu uşaqlar dünyaya gəlib valideyn himayəsi, qayğısından məhrum olmasınlar deyə abort hardasa qəbul edilə bilər. Atılmış uşaqların sayı az olsun deyə abortu lazımlı hesab edirəm. Ancaq təbii ki, cütlüklər övlad istəmədikləri təqdirdə qorunmalıdırlar. Əgər müasir günümüzdə qoruyucu vasitələr varsa, başımız işləyirsə, ağlımız yerindədirsə, bu qoruyucu vasitələrdən istifadə edin ki, sonu da abortla nəticələnməsin”. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017