Baş mama-ginekoloq ana ölümündən danışdı: "Analiz verməkdən imtina edib"

“Bu il Azərbaycanda 8 ana ölümü hadisəsi baş verib”.

Ailem.az-ın məlumatına görə, bunu Respublika Perinatal Mərkəzin direktoru, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.

 

S.Məmmədova bildirib ki, ana ölümlərinin yarısı eksternal patologiyalar səbəbindən baş verib: “Ölüm hallarının araşdırılması zamanı bəlli olub ki, hamiləliyinin 20-21-ci həftəsinə kimi fermada yaşayan ana həkimə müraciət etməyib. Həmin qadında birləşdirici toxumanın sistem xəstəliyi olduğundan ona qətiyyən hamilə qalmaq olmazdı. Həkimin yanına gəldikdə analiz verməkdən imtina edib. Həkimdən kağız alsa da, çıxıb gedib. Halbuki müayinədən keçsəydi və hamiləliyi erkən müddətdə pozulsaydı, ana sağ qala bilərdi. Bu cür qadınlarda müalicəsiz və hormonsuz hamiləlik ölümə səbəb olur. Digər ana ölümü isə anestezioloji səhv ucbatından olub. Qadının bədəni anafilaktik şok halı keçirib. Protokollara əsasən, qeysəriyyə kəsiyindən öncə və sonra itirilən qanın bərpası üçün xüsusi kolloid və kristoloid məhlulu vurulur. Bu qadın ikinci qeysəriyyə əməliyyatına gəlib, sağlam uşaq doğub. Lakin bərpaedici məhlul vurulanda bədəni əks reaksiya verib. Həkimlərin səylərinə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb. Meyitin ekspertizası zamanı damara vurulan dərman da yoxlanılıb. Dərmanın müddəti və tərkibinə görə hər hansı bir problem olmayıb. Sadəcə hər bir insanın bədəni o dərmanlara qarşı fərqli reaksiya verir. Qubada olan ana ölümünün səbəbi ananın bədəninin həmin dərmanı qəbul etməməsi olub”.

 

Baş mama-ginekoloqun sözlərinə görə, ana ölümləri ekstragenital səbəblərdən də çox yaşanır: “Bunun profilaktikası üçün hamiləlik zamanı vaxtında müayinələrdən keçmək lazımdır. Ana ölümlərinin çoxunda daha çox ailə, yaxınlar günahkar olur. Bu il baş verən ana ölümünün digər səbəbi böyrəklə bağlı olub. Ananın qız vaxtı böyrəkləri xəstə olub, gizlədiblər, hamiləlik böyrəyini yükləyib və tələf olub”. 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017