Vəfalı dostlarımızın "qisası" - İtlər bizi niyə dişləyir...

Heç kimə sirr deyil ki, insan övladı təkamül dövründə təbiəti öz istəyinə uyğun şəkildə dəyişdirmiş, onu ram etməyə çalışmışdır. Təbiət qanunlarından istifadə etmək, müxtəlif heyvanları əhilləşdirmək və s. kimi...
 

Ailem.az-ın məlumatına görə, modern.az bu yazıda son zamanlar aktuallığı ilə daha çox gündəmə gələn sahibsiz küçə itləri mövzusuna toxunacaq.

21-ci əsr insanı olaraq hər birimiz çox yaxşı başa düşürük ki, itlər insanın vəfalı dostlarındandır. Ancaq sahibsiz qaldıqda bu vəfalı dostlarımız qəddar düşmənimizə də çevrilə bilir. Onlar bu yolla sanki bizdən qisaslarını alır da desək, yanılmarıq.
 

Araşdırmalarımız zamanı il ərzində minlərlə insanın sahibsiz itlərin qurbanı olması, bu qurbanlar arasında ələlxüsus uşaqların üstünlük təşkil etməsi məsələnin ciddiliyindən xəbər verir. 

Təkcə 2016-cı il ərzində respublikada 3 nəfər it dişləməsi səbəbindən quduzluq xəstəliyinə yoluxma nəticəsində həyatını itirib.


Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsindən verilən məlumatlara istinad etsək, il ərzində 15000 nəfərin it dişləməsinin qurbanı olduğunu qeyd edə bilərik...

Qanunvericilik nə deyir?

Nazirlər Kabinetinin 38 saylı qərarının "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları" təsdiq edilməsi haqqında 6.4 bəndinə əsasən, yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək, məhv edilə bilər.  

Cavabdeh kimdir? Hara müraciət etməli?

Qanunvericiliyin tələblərinə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi vətəndaşların müraciətlərinə baxmalı, yerli icra hakimiyyəti orqanlarına ərazi üzrə profilaktik tədbirlərin görülməsi məqsədilə tövsiyələr verməlidir.

Vətəndaşlar da öz növbəsində ictimai reaksiya verməli, hüquq-mühafizə orqanlarına, müvafiq rayonun polis idarələrinə, polis bölmələrinə sahibsiz ev itlərinin yaratdığı təhlükə barədə məlumat verməlidirlər.


"İt dişləyəndirsə", nə etməli?


Özünü tək, sahibsiz, hətta ev itinin hücumundan necə qorumaq olar? Ən əsası, onu heç zaman acıqlandırmaq olmaz. Bir qayda olaraq, itlər insana birinci hücum etmirlər. Bu, onu qəzəbləndirəndə baş verir. Lakin bəzən heyvanın yanında dayananda və onun gözlərinə baxanda siz heyvanın "xoşuna" gəlməyə də bilərsiniz. Bunu itlər sevmir.

 

Quduzluq - 100%-lik ölüm təhlükəsi


Mütəxəssislər quduzluq xəstəliyinin müalicə olunmadığını, bu xəstəliyə yoluxmuş insanı 100 faiz ehtimalla ölüm gözlədiyini qeyd edirlər.

İnsanda xəstəliyin əlamətləri bu infeksiyaya yoluxduqdan 2 gündən 3 aya qədər, nadir hallarda isə 1 ilə müşahidə edilə bilər. Quduzluq xəstəliyinin hidrofobiya və aerofobiya (sudan və havadan qorxma əlamətləri), psixo-nevrotik, udqunma aktının pozulması, hallusinasiya, yüksək hərarət, dişlənmiş yerdə ağrının olması, hipersolevasiya kimi əlamətləri var.

Buna görə də hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəkləmə və ya cırmaqlanma baş veribsə, dərhal həkimə müraciət etmək və antirabik vaksini vaxtında vurdurmaq lazımdır. Quduzluq xəstəliyindən yeganə qorunmaq yolu antirabik vaksinin və immunoqlobulinin vaxtında vurulmasıdır.          

 

Bəs itlə "mübarizə" zamanı nə etməli?


Heç zaman aqressiv halda olan itə arxanızı çevirməyin və ondan qaçmayın. Yaxşısı budur, onun qarşısını çətir və ya taxtadan istifadə etməklə alın. Yaxşı olardı ki, arxanız divara və ya hasara dirənsin. Sizə mırıldayan itin diqqətini özünüzdən kənara atılmış taxta və ya daş ilə (əlinizi yuxarıya qaldırmadan) yayındırın. İt otursa və açıq şəkildə sizə hücum etmək niyyətindədirsə, ilk növbədə, boğazınızı mühafizə edin. Bunun üçün çənəni sinənizə sıxın və bir qolunuzu irəliyə uzadın. Vaxt varsa, əlinizi plaş və ya şərf ilə bürüyün ki, itin dişlərindən mühafizə olunasınız. Əgər it sizi yerə yıxıbsa, üzü üstə uzanın və boynunuzu əlinizlə örtün. Yadda saxlayın ki, itin ən zəif yeri burnu, qasığı və dilidir.

            
Sizin itiniz hər hansı bir hadisənin səbəbkarı olmasın deyə, gəzinti zamanı qısa xalta qayışında saxlayın və hər zaman heyvanın sizin əmrinizə tabe olmasına çalışın. İlk növbədə, bu, döyüşən (bulteryerlər) və böyük gözətçi itlərinin (ovçarkaların bütün növləri və s.) sahiblərinə aiddir.

            
Əgər sizi it dişləyibsə, yaranızı hidrogen-oksid (perekis) məhlulu ilə yuyun, yod çəkin, təmiz sarğı ilə bağlayıb kömək üçün həkimə müraciət edin.

            
Quduzluğun profilaktikasına dair tövsiyələr

            
Quduzluq əleyhinə vaksin quduzluq virusuna qarşı aktiv immunitet formalaşdırır. Vaksin vurulduqdan sonra immunitetin formalaşması üçün 7-10 gün vaxt tələb olunur və immunitet 2 ildən çox müddətə saxlanılır. Hazırda quduzluğa qarşı aktiv vaksinasiya üçün iki qeyri-aktiv vaksin mövcuddur:

1) HDCV (Human Diploid cell vaccine və ya insanın diploid hüceyrələrindən alınmış vaksin), əzələ daxili və dermis daxili inyeksiyalar üçün.

2) RVA (Rabies Vaccine Absorbed və ya absorbsiya olunmuş quduzluq vaksini), əzələ daxili inyeksiya üçün.

Quduzluq virusuna qarşı 


İnsan İmmunqlobulini (HRİQ) quduzluğa qarşı sürətli passiv immun müdafiəni təmin edir, lakin təsiri çox qısa müddət, təxminən 10-20 gün davam edir.


İdeal variantda, quduzluqla bağlı profilaktik vaksin almaq üçün müraciət etmiş və ya it dişləməsindən sonra təcili tibbi yardım müəssisəsinə və ya xəstəxanaya müraciət etmiş şəxslərə vaksinin və ya İmmunqlobulinin verilməsindən öncə, həkimlərin Sanitar Epidemioloji Xidmətlə və ya Səhiyyə Nazirliyinin müvafiq qurumu ilə məsləhətləşmə aparması məqsədə uyğundur.

 

Ümumiyyətlə, quduzluq virusuna yoluxma riski ilə müraciət edən şəxslərdə müəyyən edilən zədələr iki qrupa bölünə bilər - dişləmə və dişləmə ilə bağlı olmayan zədələr.

Dərinin dişlə istənilən penetrasiyası dişləmə kimi qəbul edilir. Əllərin və sifətin dişlənməsi quduzluq virusuna yoluxma baxımından xüsusi yüksək risklə bağlıdır. Lakin bütün hallarda dişləmənin lokalizasiyası heç zaman vaksinin və ya immunqlobulinin inyeksiyası ilə bağlı qərarın verilməsinə təsir etməməlidir.


Cırmaqlama, açıq yaralar və ya selikli qişaların tüpürcək və ya quduzluğa yoluxmuş heyvandan olan digər potensial infeksion materialla (məs., beyin toxuması) yaxın kontakt qeyri-dişləmə zədələnmələri kimi qəbul edilir. Əgər virus olan material qurudursa, həmin virus qeyri-infeksion hesab edilə bilər. Quduzluğu olan heyvanın sığallanması və ya quduzluğu olan heyvanın sidiyi, qanı və ya nəcisi ilə kontakt (əgər kontakt yerində açıq yara yoxdursa) quduzluğa yoluxma baxımından risk hesab edilmir və heç bir profilaktik tədbirlərin görülməsini tələb etmir.

 

LENT

28 İyun 2017
27 İyun 2017
26 İyun 2017
24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017