“Kişini yanımıza xanımı, yaxud cinsi partnyoru göndərir” – ANDROLOQLA SÖHBƏT

Kişilər müalicə olunmağı sevmirlər. Öz sağlamlıqlarına problem həddindən artıq kəskinləşənə və ciddi tibbi müdaxilə tələb olunanadək əhəmiyyət vermirlər. Kişi sağlamlığının ömrünü necə uzatmaq olar? Hansı yaşdan etibarən müntəzəm həkim müayinələrindən keçmək lazımdır? Ailem.az androloq Orxan Ağabəyovla bu haqda söhbət edib.

 

- Cinsi sferada kişilərdə ən çox rast gəlinən disfunksiyalar hansılardır?

 

- Kişi cinsi xəstəlikləri arasında ən yayılmışları – cinsi zəiflik, cinsi yolla keçən infeksiyalar və sonsuzluqdur. Bu xəstəliklər ümumi müraciətlərin təxminən 70%-ni təşkil edir.

 

- Bu xəstəliklər əsasən hansı səbəblərdən yaranır?

 

- Bu, çox individualdır, hər bir halı ayrıca araşdırmaq lazımdır. Cinsi zəiflik haqqında danışsaq, məsələn, əvvəllər hesab edilirdi ki, bu xəstəliyin inkişaf etməsinin əsas amili iltihabdır (prostatit). Bu gün yanaşmalar dəyişib. Artıq güman edilir ki, hər ikinci halda bu pozuntunun yaranma səbəbi psixogen xarakter daşıyır. Ailə problemləri, iş yoldaşları ilə ünsiyyətdə gərginlik, həddindən artıq qapalılıq, bəzən isə qadından inciklik bu problemin əmələ gəlməsinə zəmin yaradır. Əgər kişi arxasında dəstək hiss edirsə, onun nikahı möhkəmdirsə, onda belə problemlər daha nadir hallarda yaranır.

 

- Cinsi zəiflik kişilər üçün çox incə problemdir və onlar bu haqda susmağa üstünlük verirlər...

 

- Gəlin səmimi olaq. Cinsi gücün olmaması və ya zəifləməsı istənilən kişi üçün ciddi psixoloji problemdir. Və tək onun üçün yox. Təcrübəmizdə elə hallar olub ki, həkimə müraciət etmənin təşəbbüskarı kişinin özü yox, onun həyat yoldaşı və ya cinsi partnyoru olub.

 

- Cinsi zəiflik daha çox yaş faktoru ilə bağlı olur?

 

- Heç də həmişə yox. Cinsi zəiflik bütün yaş qruplarında rast gəlinir, lakin onun səbəbləri fərqlidir. Gənclərdə (18-30 yaş) əsasən debyut problemləri – yəni cinsi təcrübənin olmaması fonunda, müxtəlif qorxular və həyəcan cinsi problemlərə gətirib çıxarır. 30-45 yaşlı kişilərdə artıq orqanik səbəblər ön plana çıxır, məsələn, hormonal pozğunluq və ya prostatit, eyni zamanda psixoloji faktor da ola bilər. 50-60 yaşdan sonra erektil disfunksiyanın əsas səbəbi kişinin orqanizmində testosteron səviyyəsinin azalması ilə əlaqədar baş verən müxtəlif hormonal pozulmalardır. Bundan başqa, o yaşda məsələn, şəkərli diabet və ya hipertoniya kimi müxtəlif xəstəliklər inkişaf edə bilər.

 

- Bəs xroniki prostatit xəstəliyi necə?

 

- Müxtəlif məlumatlara görə, 40-70%-ə qədər əmək qabiliyyətli kişilər xroniki prostatitdən əziyyət çəkirlər. Əsas problem vaxtında diaqnostikanın edilməməsi və müalicəyə başlamanın gecikdirilməsidir. Kişi illərlə xroniki prostatitlə yaşaya bilər, dolğun cinsi həyat keçirə bilər və xəstə olduğunu bilməz. Buna görə də kişilər ildə heç olmasa bir dəfə cinsiyyət sisteminin müayinəsini keçirməli, lazımi analizləri verməli və ümumilikdə, sağlamlıqlarına daha çox diqqət yetirməlidirlər.

 

- Prostatit xəstəliyinin əsas simptomları hansılardır, nəyə diqqət yetirmək lazımdır?

 

- Bu simptomlar əslində çoxlarına yaxşı tanışdır: tez-tez və ağrılı sidik ifrazı, sidikdə qan, cinsi orqanlar və xayalıq bölgəsində ağrı. Bu əlamətlərdən heç olmasa birinin yaranması halında mütləq mütəxəssisə müraciət etmək lazımdır.

Standart profilaktik müayinəyə həkimlə söhbət, ultra səs müayinəsi, PSA (Prostatik Spesifik Antigen) qan analizi daxildir. Bütün bu prosedurları bir saata keçmək olar.

 

- Cinsi zəiflik probleminə qayıdaq. Bu problemi tam müalicə etmək mümkündürmü?

 

- Hər şey xəstəliyin ağırlıq dərəcəsindən və kişinin ümumi sağlamlıq durumundan asılıdır. Adətən erkən diaqnostika və vaxtında müalicə olunduqda 90% hallarda itirilmiş funksiyaları bərpa etmək mümkün olur.

 

- Müalicə lər daxildir?

 

- İlk növbədə, xəstəliyin yaranma səbəbini müəyyən etmək lazımdır. Cinsi zəiflik problemini kompleks şəkildə müalicə etməklə onun ayrı-ayrı simptomlarını yox, xəstəliyin səbəbini aradan qaldırmaq lazımdır. Xəstəliyin səbəblərini müəyyən etmək üçün bir sıra müayinələr həyata keçirilir.

Məhdud erektil disfunksiya zamanı kompleks terapiya həyata keçirilir: sidik-tənasül sistemi orqanlarında aşkarlanmış iltihabi xəstəliklərin müalicəsi, hormonal balansın korreksiyası, şəkərli diabetin və aterosklerozun müalicəsi. Həmçinin, ereksiyanı gücləndirməyə qadir olan dərman vasitələri ilə müalicə həyata keçirilir.

 

- Yeri gəlmişkən, reklam çarxlarında qəribə adlı müxtəlif vasitələri sınamağı təklif edirlər. Bəzi kişilər də həkim məsləhəti olmadan o dərmanları alır. Bu, nə dərəcədə doğrudur?

 

- Hər gün reklam olunan əksər preparatlar simptomatikdirlər. Başqa sözlə, onlar kişiyə arzulanan effekti verirlər, lakin xəstəliyi yaratmış səbəb aradan qaldırılmır, bu isə çox ciddi nəticələrə gətirib çıxara bilər. Pasiyent həkimlə məsləhətləşsə və həkim onun üçün müvafiq müalicəni təyin etsə, daha yaxşı, effektiv və ən əsası, təhlükəsiz olar. Adətən, həqiqətən faydalı olan preparatların reklama ehtiyacları olmur.

 

- Kişi sağlamlığının ömrünü necə uzatmaq olar? Sizin reseptiniz nədir?

 

- Resept çox sadədir: sağlam olmaq üçün bunu ürəkdən istəmək lazımdır. İdeala çatmaq elə də çətin deyil. Bunun üçün öz qidalanmanıza fikir vermək, həyat tərzinizi bir az dəyişmək, bəzi zərərli vərdişlərdən imtina etmək, ən əsası, həyata qarşı müsbət münasibət formalaşdırmaq lazımdır.

 

 

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017