HƏKİM XƏBƏRDARLIĞI: “Evdə sünnət etdirmək risklidir” - VİDEO

“Uşaqlar üzərində hər hansı cərrahi müdaxilə nəzəri də olsa, riskli sayılır. Ona görə də yaşından asılı olmayaraq uşaqlara hər hansı müdaxilə olunanda heç olmasa, sadə qan analizləri, digər müayinələrinin aparılması vacibdir”.

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında aparılan müzakirələrdə uşaq cərrahı, uzman doktor Fuad Hüseynov bildirib.

 

Bir qədər əvvəl Masallı rayonunda 5 yaşlı uşağın sünnət əməliyyatı zamanı şoka düşərək ölməsi faktına münasibət bildirən mütəxəssis bunları deyib: “Bizdə olan məlumata görə, ev şəraitində novokainlə yerli blokada etməyə çalışıblar və çox böyük ehtimalla uşaqda anafilaktik şok yaranıb. Təbii ki, ev şəraitində olduğu üçün lazımi tibbi müdaxilə edilə bilməyib və uşaq həyatını itirib. Biz 21-ci əsrdə yaşayırıq, ümumiyyətlə, bu cür müdaxilələrin ev şəraitində aparılması yolverilməzdir. Ev şəraitində edilən hər hansı cərrahi müdaxilə risk deməkdir. Belə hallar davam etdikcə ölüm halları da qaçılmaz olacaq. Bəli, bu gün ev şəraitində sünnət əməliyyatı edən həkimlər var, belə hallarla qarşılaşmamaq üçün heç olmasa, əl altında lazımi tibbi avadanlıqlar olmalıdır. Hər şeydən əvvəl əməliyyatdan öncə uşaqlar mütləq müayinə olunmalıdırlar. Çünki hemofiliya, qanın laxtalanmasında olan problem ölüm riski yaradacaq qanaxmaya səbəb ola bilər. İstənilən halda ev şəraitində, qeyri-steril şəraitdə cərrahi müdaxilənin aparılması düzgün deyil”.

 

Onun sözlərinə görə, uşaqlar üzərində bütün cərrahi müdaxilələr, o cümlədən sünnət əməliyyatı ümumi anesteziya altına aparılmalıdır: “Tez-tez valideynlərdən narkozun uşağa hər hansı ziyanı varmı, sonradan psixonevroloji problemə səbəb ola bilərmi kimi suallar eşidirik. Biz hər zaman deyirik ki, bəlli bir zamandan sonra narkozun təsiri ötür. Ən çox eşitdiyimiz suallardan biri isə narkozun qusulması ilə bağlıdır. Əslində belə bir anlayış yoxdur. Əməliyyat zamanı uşağa başqa dərmanlarla yanaşı əzələ yumşaldıcı preparatlar da vurulur. Mədə-bağırsaq sisteminin də əzələ qatı olduğu üçün xəstədə mədə-bağırsaq hərəkətləri ləngiyir və qusma halı baş verə bilər”.

 

Respublikanın baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə deyib ki, cərrahiyyə əməliyyatlarında istifadə olunan anesteziya preparatları yüksək həssaslıq yaradan preparatlardır. Ona görə də əməliyyatdan, preparatlardan istifadə olunandan öncə bu preparatlara qarşı həssaslıq yoxlanmalıdır: “Əsasən də uşaqlarla bağlı diqqətli olmaq vacibdir. Bu preparatlar hər nə qədər yüksək keyfiyyətli olsa da, onların annotasiyasında əlavə və mənfi təsirləri barədə qeydlər var.

Ev şəraitində bu müdaxilələrin edilməsi ümumiyyətlə, göstəriş deyil. Bəzi preparatlar hətta bir neçə dəfə istifadə ediləndən sonra ağır fəsadlara, anafilaktik şoka səbəb ola bilir. Ev şəraitində bunların qarşısını almaq praktiki olaraq mümkün deyil. Həkimin əlinin altında nə qədər vasitələr olsa da, bunun əhəmiyyəti yoxdur. Ona görə də biz ev şəraitində hər hansı cərrahi müdaxilənin aparılmasını yolverilməz sayırıq, eləcə də venadaxili, əzələdaxili preparatların evdə yeridilməsini tövsiyə etmirik. Hətta bir neçə dəfə istifadə edilən dərmanlar, 5-6-cı dəfə istifadə olunandan yüksək həssaslıq yaradar və ağır fəsadlara səbəb ola bilər”.

 

 

A.Maqsudov deyib ki, anafilaktik şok keçirən uşaqlar vaxtında ixtisaslaşdırılmış tibbi müəssisəyə çatdırılsalar, onları xilas etmək mümkün olur: “Məsələn, bizim həkimlər vaxtında daxil olan xəstələri vəziyyətdən çıxarırlar və biz ölüm halı ilə rastlaşmırıq.

Vaxt itiriləndən sonra ən müasir klinikalarda, ən müasir tibbi avadanlıqlarla belə yardım etmək çətin olur. Hətta belə olan halda əsasən də azyaşlılarda nəfəs, ürək fəaliyyəti bərpa olunsa da, beyin funksiyasını bərpa etmək mümkün olmur. Uşaq uzun zaman komada qala bilər”.

 

Baş toksikoloq onu da deyib ki, son zamanlar stomatoloji müdaxilələr zamanı keyidici preparatlar anafilaktik şoka səbəb olur. Son zamanlar azyaşlılarda belə hallara tez-tez rast gəlirik. Ona görə də diqqətli olmaq lazımdır. Bu, azyaşlılarda həssaslığın yüksək olması, ekoloji amillərlə bağlıdır. Ona görə də xoşagəlməz reaksiyaların olmaması üçün bu preparatlar vurulandan öncə mütləq sınaqlar qoyulmalı, dərmana qarşı allergik reaksiyanın olub-olmadığı yoxlanmalıdır”.

 

Narkozdan ağır fəsadlar, hətta ölümün yaranması barədə səslənən fikirlərə münasibət  

bildirən A. Maqsudov deyib ki, planlı şəkildə, uşağın yaşına, çəkisinə uyğun verilən narkoz heç bir fəsad yarada bilməz. Onun sözlərinə görə, nadir hallarda kompleks preparatlar reaksiya verə bilər: “Hər halda klinikada, nəzarət altında fəsadlar baş versə də, bunun qarşısı alınır”.

 

 

Nevroloq, uzman doktor Nailə Ələkbərova qeyd edib ki, uşaq ölümlərinin 1/3-i ev şəraitində aparılan müdaxilələr nəticəsində baş verir: “Bu, çox böyük bir rəqəmdir. Hər il dünyada 9 milyona yaxın uşaq belə səhvlər nəticəsində ölür. Halbuki bunun qarşısını almaq mümkündür”.

 

N. Ələkbərova deyib ki, valideynlərin çoxunun narkoz haqda bilgiləri düzgün deyil: “Çox zaman sual verirlər ki, bizim uşaq narkoz alıb deyə əsəbi olacaq, kəllədaxili təzyiqi yüksələcək, başqa nevroloji problemlər yaranacaq. Narkozun nevroloji fəsadlar yaratması barədə elmi əsaslandırma yoxdur”.

 

F. Hüseynov onu da vurğulayıb ki, uşaqlar üzərində cərrahiyyə əməliyyatlarını uşaq cərrahları icra etməlidirlər. Onun sözlərinə görə, böyüklərlə işləyən cərrahlar təcrübəli olsalar da, uşaq xəstələri ilə çalışmadıqları, bu sahədə ixtisaslaşmadıqları üçün azyaşlılar üzərində əməliyyat aparmamalıdır: “Təəssüflər olsun ki, belə hallar çoxdur və bu səbəbdən problemlər meydana gəlir. Son zamanlar bölgələri demirəm, Bakıda belə halların sayı artıb”.  

 

Mütəxəssis onu da deyib ki, bəzi hallarda cərrahiyyə əməliyyatına ehtiyac olmadığı halda uşaqların üzərində əməliyyat aparılmasına qərar verilir: “Özü də bu əməliyyatların təcili olduğunu valideynlərə deyirlər. Amma sonradan başqa həkimlər, uşaq cərrahları ilə məsləhətləşəndən sonra məlum olur ki, əslində əməliyyat aparılmasına gərək yoxdur. Belə hallar narahatedicidir. Çünki uşaqlar üzərində aparılan əməliyyatlar orqan itirilməsinə qədər gətirib çıxara bilər. Heç bir ehtiyac olmadığı halda aparılan bu əməliyyatlardan sonra ciddi fəsadlar meydana gəlir. Əvvəl belə hallarla az rastlaşırdıq. Amma son zamanlar həkimlərin sayı artıb, bu səbəbdən xəstə potensialı azalıb. Ona görə də lazım olmadığı hallarda cərrahiyyə əməliyyatları təyin olunur, qeyri-etik sayılan hallar meydana gəlir”.

 

Masallıda baş verən ölüm faktından sonra sünnətin nə zaman olunması barədə aparılan müzakirələrə münasibət bildirən F. Hüseynov bunları deyib: “Bəzən uşaq doğulandan sonra tez bir zamanda sünnət olmasının faydalı olduğunu deyirlər. Amma bunun cərrahi baxımdan hər hansı faydası yoxdur. Mən ilk altı ayda sünnət əməliyyatını məsləhət görmürəm. Təbii ki, bunun elmi tərəfləri var. Onu da deyim ki, iki yaşa qədər olan cərrahi müdaxiləni uşaq gələcəkdə xatırlamır. 2-5 yaş arasında olan dövr isə uşağın özünü tanıma dövrüdür. Bu müddətdə edilən müdaxilə psixoloji problemlərə səbəb ola bilər. Uşaq bunu büruzə verə bilməsə də, gələcəkdə ciddi psixonevroloji problemlər yaranır“.

 

Onun sözlərinə görə, bu cərrahi müdaxilənin 6-cı aydan sonra, iki yaşa qədər, ya da beş yaşdan sonra edilməsi daha məqsədəuyğundur...

 

LENT

23 May 2017
22 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017