Məşhur həkim: “55 yaşlı qadına süni mayalanma etdik...” - VİDEO

Azərbaycanda süni mayalanma üzrə məşhur mütəxəssis, GENOKS-un (genetik xəstəliklərin diqnostikası) Azərbaycanda rəsmi nümayəndəsi Ersadık Turan  canlı yayımda Ailem.az-ın suallarını cavablandırıb.

 

- Müşahidələr göstərir ki, son illər süni mayalanmaya tələbat artıb. Buna səbəb nədir? Daha çox kişilərin, yoxsa qadınların sağlamlığında problem var?

 

- Tələbatın artmağının iki səbəbi var. Əslində bu, əvvəllər də vardı. Artıq insanların süni mayalanma ilə bağlı bilikləri, maraqları artır. Əvvəllər sonsuzluğa qismət, tale deyirdilər, “uşağım olmur”, - deyib küsürdülər, illərlə gözləyənlər də vardı, ya da ən pis halda ailələri dağılırdı. Amma indi belə bir müalicə olduğunu bilirlər. Müasir zamanda xanımlar daha gec yaşda ilə qurmağa başlayırlar. Bu da yumurta sayının azalmasına gətirib çıxarır. Kişilərdə də yaş artdıqca spermaların sayı azalır. Son illər gec ailə qurmalar sonsuzluğa gətirib çıxarır. Əvvəllər sonsuzluq müalicələrinə kənardan yanaşırdılar. Süni mayalanmaya inanmırdılar. Xüsusən də kişilər süni mayalanma ilə bağlı pis fikirləşirdilər. Amma 2004-cü ildən azərbaycandayam. Bu fikirlər çox dəyişib, süni mayalanmaya inam artıb. Azərbaycanda süni mayalanma ilə doğulan uşaqların sayı artıb. 12 yaşında, 9 yaşında olan uşaqlar var. Bəhrəsini gördükcə insanlar süni mayalanmaya daha çox inanmağa başlayır.

 

- Daha çox hansı yaşda olan qadınlar süni mayalanma etdirir?

 

- Süni mayalanmanın qadın və kişidən qaynaqlanan səbəbləri var. Qadınların uşaqlıq boruları bağlıdırsa, əvvəllər hər hansı əməliyyat, infeksiya keçiribsə, ailə qurandan uşağa qalmırsa, cavan yaşda da müraciət edə bilərlər. Polikistoz olan xanımlar var, yəni yumurtalıqlarında ovulyasiya getmir. Şokolad kisti olan xanımlar var. Onlarda da yumurta rezervi az olur. Borular, uşaqlıq və yumurtalarda bitişmə yarandığı üçün də süni mayalanmaya müraciət edir xanımlar. Amma daha çox ailə qurandan sonra bir il ərzində hamiləlik yaranmırsa, həkimə gəlirlər. Qızlar 12-13 yaşlarında mensrtruasiya olurlar. 35 yaşdan sonra yumurtaları zəifləyir. 38 yaşında yumurtaların zəifləməsi sürətlənir. 45 yaşında yumurta rezervi bitir. Ona görə də xanımlar uşaq sahibi olmaq istəyirlərsə, yubanmamalıdırlar. Amma kişilərdə yaşla bağlı problem çox yaşanmır. Kişilərdə daha çox sperma sayında və hərəkətliliyində zəiflik ola bilər. 10 kişidən birində bu cür problemlə qarşılaşırıq. 100 nəfərdən birində isə toxum olmur. Sonsuzluq 40 faiz kişi, 40 faiz qadından qaynaqlanır, 20 faiz səbəbi bilinməyən faktorlardan olur. Əslində səbəb var. Amma hələlik tibb bunu bilməyə imkan vermir.

 

- Süni mayalanmanın yaş həddi varmı?

 

- Əgər qadının ürək, böyrək qüsuru, beyni ilə bağlı, yüksək təzyiq kimi problemi yoxdursa, süni mayalanmanın da yaş həddi yoxdur. Azərbaycanda mənim xəstələrim arasında ən yaşlısı 55 yaşında olub. Həmin xanıma süni mayalanma etdik və əkiz uşağı oldu. Amma dünyada 65 yaşında uşaq sahibi olan xanım da var. Təbii ki, yumurta rezervi də önəmlidir. Yumurtalar qurtaranda çətinlik yaranır. Ona görə də qadınlar 38 yaşını ötürməməlidirlər.

 

- 55-60 yaşında uşaq dünyaya gətirən xanımlar yəqin ki, bunu dondurulmuş yumurta sayəsində edə biliblər.

 

- Müasir dövrdə tibdə yeniliklər var. Bizim bədənimizdə kök hüceyrə var. Həmçinin ana hüceyrədən istənilən hüceyrəni düzəltmək olar. Həmin hüceyrələrdən yumurta hüceyrəsi də düzəldilməyə başlayıb. Kişilərdə də sperma hüceyrəsi yaradırlar. Hazırda bunu heyvanlar üzərində edirlər. Amma yaxın zamanlarda insanlar üzərində də ediləcək. Belə olduğu halda yumurtası olmayanlar da öz yumurtası ilə uşaq sahibi olacaqlar.

 

- Süni mayalanma ilə olan uşaqların digər uşaqlardan inkişaf geriliyi olurmu? Ümumiyyətlə, bu cür uşaqların digərlərindən fərqi nədir?

 

- Mənim süni mayalanma etdiyim uşaqlar 12 yaşına çatıblar artıq. Digər uşaqlar kimi  məktəbdə oxuyurlar, savadlıdırlar, bir nəfər gəlib bizim uşağımız belə oldu, siz nəyisə düz etməmisiniz deməyib. Amma statistikaya baxsaq, normal dünyaya gələn uşaqların da 1-2 faizində qüsurlar ola bilər. Bunun da səbəbi ananın DNT-si ilə atanın DNT-sinin birləşməsinin bəzən düzgün olmamasıdır. 46 xromosom tam düzgün birləşməyəndə uşaqların 1-2 faizində müəyyən problemlər olur. Biz sadəcə yumurtanın içərisinə spermanı köçürürük. Amma köçürdükdən sonra onların birləşməsini izləyə bilmərik. Düzgün birləşmədikdə çox zaman qadın bilmədən düşük edir. Biz normal hamiləlikləri də müşahidə edirik. Mən hər zaman süni mayalanma hamilələri ilə təbii hamilələri müqayisə edirəm və heç bir fərq aşkarlamıram. Dünyada süni mayalanma ilə doğulan ilk uşağın indi 39 yaşı var. İngiltərəli bir xanımdır. O da ailə qurub və təbii yolla hamilə qalaraq ana olub. İndiyədək onun heç bir problemi olmayıb. Türkiyədə süni mayalanma ilə ilk uşaq 1988-ci ildə doğulub. 29 yaşı var. O da qızdır. Azərbaycanda süni mayalanma ilə doğulan ilk uşaq 12 yaşındadır. Yəni süni mayalanma ilə doğulan uşaqların digər uşaqlardan genetik olaraq heç bir fərqi yoxdur. Amma süni mayalanma ilə doğulan uşaqlar sadəcə çox ərköyün və sevilən olurlar. Çünki onlar mücadilə ilə dünyaya gəliblər və daha qiymətlidirlər.

 

- Süni mayalanma zamanı embrionda hər hansı genetik xəstəlik aşkarlamaq mümkünrmü?

 

- Genetik xəstəliklərin müəyyən faizi süni mayalanma zamanı təyin edilə bilir. Biz yumurtalardakı DNT-ni götürüb müəyyən xəstəliklərini yoxlayırıq. Ən çox daun sindromunu yoxlayırıq. Və ya onun kimi bir çox genetik xəstəlikləri yoxlaya bilirik. Azərbaycan üçün çox vacib olan talassemiya xəstəliyidir. Azərbaycanda 8-10 faiz bu xəstəliyin daşıyıcılığı var. Daşıyıcı olanlar ailə qurduqda uşaqları xəstə olur. Bəziləri də daşıyıcı olur. Çox az faizi sağlam olur. Süni mayalanma zamanı embrionda talassemiya olub-olmamasını yoxlayırıq. Əgər valideynlər daşıyıcıdırsa, sağlam embrionu götürüb ona qoyuruq. Yəni bu xəstəlik əmələ gəlmədən biz onun qarşısını alırıq. Çünki bu xəstəlik ömür boyu davam edir. Uşağa hər an qaç köçürmək lazım olur. Bu isə o deməkdir ki, onlar bəzi xəstəliklərə meylli olurlar. Və sonunda uşaq dünyasını dəyişir. Bir məsələ də var. Məsələn, evdə talassemiya xəstəsi var və ona sümük iliyi lazımdır. Sümük iliyini də yalnız bacı və qardaş verə bilər. Sümük iliyi nəqli edəndə uşaq sağalır. Süni mayalanma zamanı sağlam olan embrionları, həm də doğulacaq uşaqdan xəstə uşağa sümük iliyi nəqli edilə biləcək embrionu seçirik. Toxuması eyni olan embrionu seçirik ki, doğulan uşaq gələcəkdə evdə olan xəstə bacı və qardaşına sümük iliyini verib sağalda bilir. Bunun kimi bir çox xəstəlikləri aşkarlayıb qarşısını alırıq.

  

- Süni mayalanma zamanı qadınların ilk cəhddən hamilə qalma şansı nə qədərdir? 

 

- Normalda bizə 6 qadın gəlirsə, ondan birinə süni mayalanma edirik. Ən yaxşı yumurtanı, spermanı götürüb mayalandırsaq, ən yaxşı embrionu əmələ gətirsək də, onu qadının uşaqlığı qəbul edib saxlamalıdır. Bu, öz-özünə olan bir şeydir, biz müdaxilə edə bilmirik. Embrionu köçürməmiş uşaqlığın onu saxlaya biləcəyini əvvəldən təyin edə bilmirik təəssüf ki. Kaş belə bir analiz, yaxud aparat olaydı. İstəyirəm, hər süni mayalanma edilən qadın hamilə qalsın. Bu qədər iş gör, proses getsin, sonda da qadına hamilə qalmadın demək mənim üçün dünyanın ən çətin, ağır yüküdü. Bunu elə tonda deməlisən ki, qadın küsməsin, ümidləri qırılmasın, həyatdan qopmasın. Mən hər dəfə embrion köçürəndə “bismillah” deyirəm, Allaha sığınıram. 100 adama eləyəndə 60-da birinci dəfədən tutur. 40-ı ikinci dəfə gəlir. Onlardan da 24-də ikinci dəfə tutur. 16-sı üçüncü dəfə cəhd edir. Mənim bir xəstəm vardı – 8 il ərzində 10 dəfə süni mayalanma ilə embrion köçürdük ona. 10-cu dəfə alındı - əkiz qızı və oğlu oldu. Və bütün əziyyətimizə dəydi. Xəstələrə tövsiyəm odur ki, cəhd etsinlər, alınmasa, küsməsinlər. Bir neçə ay bədənlərinə dinclik versinlər, sonra yenidən edə bilərlər. Bir az səbrli olmaq lazımdır.

 

- Həkim kimi çalışdığınız müddətdə heç unutmadığınız hansısa maraqlı hadisəni danışa bilərsiniz?

 

- Bir xəstəm vardı, uşaqlığının içi bitişik idi. 1 il içində 6 dəfə ona əməliyyat etdim, endometriumu bərpa oldu. Süni mayalanma ilə hamilə qaldı, doğdu. 2 il sonra ikinci uşaq istədilər, gəldilər yanıma. Ertəsi gün bir analiz etdilər, təbii şəkildə hamilə qalıbmış. Möcüzədir. Təxminən 50 belə xəstəmiz var. Bir pasientim də vardı. 10 ildir uşağı olmurdu. İranda müalicələr etdirmişdi. Süni mayalanma etdik, iki qızı oldu. 3 ay sonra hamilə qaldı. Düşünürəm, bunun səbəbi odur ki, doğandan sonra qadının orqanizmi, psixologiyası düzəlir.

 

Müsahibəni tam şəkildə aşağıdakı linkdə izləyə bilərsiniz. 

 

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017