Cinsi həyatı uşaqlara necə başa salaq? – VALİDEYNLƏR MÜTLƏQ OXUSUN

Türkiyənin təhsil naziri “Məktəb və ailə” mövzusunda bir müşavirədə belə demişdi: “Biz cinsi həyatın nə olduğunu bilmədən böyümüşük. Mən uşaq olanda atamız hər gün duş qəbul edirdi, biz bunun səbəbini anlamazdıq. Anamızdan soruşanda “Atanız çörək qırıntısı tapdalayıb, günaha girməmək üçün yaxalanır”,- deyirdi, biz isə buna inanırdıq. İndi 3-cü sinfə gedən uşaq uşağın ana bətnində necə dölləndiyini bilir. Uşaqlarınızla aranıza uçurum açmayın, onlarla zamanın tələblərinə uyğun rəftar edin”.

 

Maraqlıdır, uşaqlara cinsi həyatı necə, hansı yaşda başa salmaq lazımdır? Ailem.az bununla bağlı materialı təqdim edir. Mütəxəssislər hesab edir ki, uşaqlara cinsi həyatla bağlı məlumatın verilməsinin yaşı yoxdur. Bu, hər uşaqda fərqlidir və uşaq nə zaman soruşsa, onda cavablamaq lazımdır. “Hələ bu məlumatlar üçün balacadır, yaşı azdır”, - deyə düşünməyin, çünki müəyyən yaşdan sonra uşaq onsuz da utanıb belə suallar verməyəcək.

 

Uşaqlarda cinsəlliklə bağlı düşüncələr adətən 3-4 yaşlarından, özü ilə bacısı və ya qardaşının cinsi orqanları arasındakı fərqi gördükdə başlayır və əsasən 5-6 yaşlarında “mən dünyaya necə gəlmişəm?” sualının verilməsi ilə pik nöqtəsinə çatır. “Bacımın niyə pipisi yoxdur?”, “Atamın niyə məmələri yoxdur?” sualları verilirsə, bu o deməkdir ki, onlara ilk izahlar verilməlidir. Bu zaman cavablar qısa, dəqiq, düzgün olmalıdır. Lazımından artıq məlumat vermək gərək deyil. Məsələn, sadəcə olaraq ona “Bacın qızdır, qızlarda penis yox, vagina olur. Sən isə oğlansan, səndə penis olur. Siz böyüyəndə də bu, belə olacaq” cavabını vermək kifayətdir. İzah verərkən, hər bir orqanı öz adı ilə öyrətmək daha məsləhətlidir. İkinci mərhələ isə “Uşaq necə olur? Mən necə olmuşam?” sualı ilə başlayır. Bu isə o deməkdir ki, onlara cinsi həyat, cinsi birləşmə haqqında məlumatlar gərəkdir. Bu zaman onlara sadəcə olaraq belə cavab verə bilərsiniz: “Uşaq, bir qadın və kişi bir-birini çox sevdikdə olur. Bəzən qadın və kişi tək qalanda bir-birlərini qucaqlayır və öpür. Kişi penisini qadının vaginasına salır və ora sperm adlanan maye buraxır. Həmin maye qadının vaginasındakı yumurtaya gedər. Sperm ilə yumurta birləşib böyüdükdə, qadının qarnında uşaq əmələ gəlir. Vaxtı gələndə o uşaq qadının qarnından çıxır və sənin kimi gözəl uşaq olur.” Bu cür dürüst izahınız həm onu qane edər, marağını azaldar, həm də gələcəkdə verəcəyi suallarda da sizə güvənməyi öyrədər. Bunları deyərkən utanmanız gərək deyil. Unutmayın, uşaqların bu anlayışlara münasibəti sizinkindən tamamilə fərqlidir.

 

Bəs uşaqların cinsi orqanları ilə oynaması normal bir haldırmı? Uşaqlar tualetə sərbəst getməyə başladıqları vaxtlardan öz genital bölgələri ilə daha çox maraqlanmağa başlayar, onu incələyərlər. Bu bölgə həyatın ilk anlarından sinir uclarının olduqca çox toplandığı həssas bölgədir. Valideynlər uşaqların bu marağının kənarında qalmalı və bunun qarşısını almağa cəhd göstərməməlidir. Bu, təbii prosesdir. Onlar öz “kəşf”lərini nə qədər rahat etsələr, bu prosesi o qədər tez tamamlayarlar. Kəşfetmə prosesinin bir parçası masturbasiyadır. Övladınızı bu proses içində gördükdə, ona qışqırmaq, “bir də görsəm kəsərəm, qopararam”, “sənə ayıb olsun”, “bu, çox ayıb bir şeydir” kimi sözlər işlətmək çox yanlışdır. Sadəcə görməzdən gəlin. Əgər bunu davamlı görürsünüzsə, uyğun bir zamanda belə şeylərin insan üçün çox özəl olduğunu, başqalarının görməsinin yaxşı olmadığını anlatmaq düzgün olardı. Kəşfetmə prosesinin parçalarından biri də qız uşaqlarının oğlanların, oğlanların isə qız uşaqlarının bədəninə toxunmaq marağıdır. Bu zaman ilk olaraq adətən onlar öz bacı-qardaşlarından istifadə edirlər. Məsələn, demək olar ki, bütün uşaqlar həkimlik oyunu oynayır və bu zaman bəhanə ilə bir-birlərini soyunduraraq bədəninə baxa bilərlər. Unutmaq lazım deyil ki, uşaqların çılpaq bədənə marağı böyüklərinkindən tamamilə fərqlidir, bu, onlar üçün sadəcə “maraq”, “kəşf” və “oyun”dur. Ona görə belə bir hadisə ilə üzləşdikdə, övladınıza əsəbləşib onu bu hərəkətə görə utandırsanız, hürkütsəniz, həm marağını daha da artırar, həm də ona məsum olduğu halda günahkarlıq hissi yaşadarsız. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017