Hamiləlik əleyhinə ən EFFEKTLİ ÜSUL

Arzu olunmayan hamiləlikdən qorunmaq üçün bir çox üsullar mövcuddur - kontraseptiv həblər, "spiral", prezervativ, spermisidlər və s. Lakin bu üsullardan heç biri hamiləlikdən 100% qorumur.

Hamiləlik əleyhinə ən effektli və eyni zamanda radikal üsul uşaqlıq borularının bağlanılması sayılır. Ailem.az ginekoloq.az-a istinadən bu proses haqda məlumatı təqdim edir.

 

Qadın cinsiyyət sisteminin vacib orqanı - uşaqlığın hər iki tərəfində yerləşən və uşaqlığa açılan uşaqlıq (və ya Fallop) borularıdır. Boruların digər konusa oxşayan açıq tərəfi kiçik çanağa (yumurtalığa yaxın) açılır. Ovulyasiya zamanı yumurtalığın divarı yırtılır və yumurta hüceyrəsi kiçik çanağa çıxır. Uşaqlıq borusunun xovları yumurta hüceyrəsini tutur və borunun daxilinə ötürür. Yumurta hüceyrəsi uşaqlıq borusunda uşaqlığa doğru hərəkət etməyə başlayır. Əgər borunun ampula hissəsində yumurta hüceyrəsini spermatozoidlər "gözləyirsə", mayalanma baş verə bilər. Mayalanmış yumurta hüceyrəsi daha sonra uşaqlığa düşür və burada uşaqlığın divarına implantasiya edir ("yapışır"). Belə hamiləlik baş verir.

Uşaqlıq borularının bağlanılması nəticəsində spermatozoidin və yumurta hüceyrəsinin "görüşü" mümkünsüz olur ki, bunun nəticəsində hamiləlik da baş tutmur. Uşaqlıq borusunun bağlanılması cərrahi bir prosesdir və onun geri dönüşü çox çətindir.

Uşaqlıq borusunun bağlanılmasından sonra cinsi həyat əvvəlki kimi davam edir. Menstruasiyanın gedişi və bədən quruluşu hər hansı bir şəkildə bununla əlaqədar dəyişilmir.

Uşaqlıq borusunun bağlanılması prosesi qadın reproduktiv orqanlarına hər hansı bir zərəri yoxdur. Amma bu proses əməliyyatla həyata keçirildiyi üçün əməliyyata dair müəyyən kiçik riskləri var.

 

Uşaqlıq borusunun bağlanmasının üstünlükləri nələrdir?

 

- Hamiləlikdən qoruma faizi olduqca yüksəkdir. Hamilə qalma riski yox deyiləcək qədər azdır.

- Olduqca asan bir əməliyyatla ömür boyu qoruma təmin edir.

- Ana südünün miqdarına və keyfiyyətinə təsir etməz.

- Cinsi münasibətdə hər hansı bir problemə yol açmır.

 

Uşaqlıq borusunun bağlanmasının çatışmazlıqları nələrdir?

 

- Uşaqlıq borusunun bağlanılması uzunmüddətli bir prosesdir. Geri dönüşü olduqca çətin və məşəqqətlidir.

- Üsulun tətbiqi üçün bu əməliyyatı yaxşı bilən ginekoloq cərrah və əməliyyat şəraiti lazımdır.

- Cinsi xəstəliklərə qarşı qoruyuculuğu yoxdur.

 

Uşaqlıq borusunun bağlanılması kimlər üçün uyğundur?

 

- Uşaqlıq borusunun bağlanılması haqqında yetərli məlumata malik olan və buna əmin olan cütlüklər.

- Bir daha, ya da heç uşaq sahibi olmaq istəməyən cütlüklər.

- Uşaq sahibi olması təhlükəli olan şəxslər (qadında hamiləliklə uyğun gəlməyən ciddi xəstəliklər, patologiyalar olduqda və s.)

 

Necə həyata keçirilir?

 

Uşaqlıq borusunun bağlanılma prosesində ilk olaraq qəti qərar üçün məsləhət almaq olduqca əhəmiyyətlidir. Bu sayədə şüurlu qərar veriləcək. Cütlərdən ikisinin də imzası alınır. Əgər qadın və ya kişi imzalı razılıq verməmişsə, uşaqlıq borusunun bağlanılma əməliyyatı olunmaz.

 

- Əməliyyat ümumi anesteziya altında laparoskopik üsulla həyata keçirilir.

 

- Kəsik aparıldıqdan sonra uşaqlıq borusu tapılır və bağlanılır.

 

- Əməliyyatdan sonra xəstəxanada qalmağa ehtiyac yoxdur, ancaq anesteziyadan sonra xəstənin vəziyyətinə görə bir gün qalmaq lazımdır.

 

- Uşaqlıq borusunun bağlanılmasından sonra əməliyyat yerində ağrılar meydana gələ bilər.

 

- Qadının hamilə olmamasına əmin olunan hər hansı bir dövrdə edilə bilər.

 

Həkimə müraciət edilməsi lazım olan hallar:

 

- Uşaqlıq borusunun bağlanılması əməliyyatı olunan xəstələrdə əməliyyatdan sonrakı günlərdə həddindən artıq ağrı, temperatur və ya qanaxma olarsa, vaxt itirmədən bir mütəxəssisə müraciət edilməlidir.

- Müxtəlif vəziyyətlərdə uşaqlıq borusunda avtomatik açılma görülə bilər. Olduqca nadir bir hal olsa da, menstruasiya gecikməsində mütləq bir mütəxəssisə müraciət edilməlidir.

 

Uşaqlıq borusunun bağlandığı halda hamiləlik riski varmı?

 

Hamiləlik əleyhinə üsullar heç bir zaman yüzdə yüz hamiləlikdən qorunma zəmanəti verə bilməz. Ancaq uşaqlıq borusunun bağlanılması hamiləlikdən qorunma faizi ən yüksək olan üsullarından biridir. Lakin buna baxmayaraq, qadın tədbirli olmalı və menstruasiya gecikməsində mütləq bir mütəxəssislə məsləhətləşmək lazım olduğunu unutmamalıdır.

 

Uşaqlıq borusunun bağlanılması əməliyyatından sonra cütlüyün hamilə qalma ehtimalı yox deyiləcək qədər azdır. Uşaqlıq borusunun açma əməliyyatları olduqca çətin və uğur şansı olduqca aşağı proseslərdir. Uşaqlıq borusu açıldıqdan sonra da uşaq sahibi olma şansı ən uğurlu cərrahiyyə əməliyyatlarında yalnız 50%-dir. Uşaqlıq borusunun bağlanması artıq qətiyyən uşaq istəməyən ailələrə təklif edilir.

 

Uşaqlıq borusunun bağlanılması əməliyyatı etdirən qadınlar uşaq sahibi ola bilərmi?

 

Uşaqlıq borusu bağlandıqdan sonra cütlüyün təbii yollarla uşaq sahibi olma şansı yoxdur. Bu cütlüklər yalnız süni mayalanma üsulu ilə uşaq sahibi ola biləcəklərini bilməlidirlər. Uşaqlıq borusunun açılması əməliyyatları olduqca çətin və uğur şansı aşağı əməliyyatlardır.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017