Kişilər o qapıdan içəri girməlidirmi? – UNUDULMAZ ANIN RİSKLƏRİ VƏ GÖZƏLLİKLƏRİ

Valideyn olmaq hər kəsin arzusudur. Ancaq bu arzunun həyata keçməsində əsas yük qadınların üzərinə düşür. 9 ay çətin, stressli hamiləlik dönəmi və sonda ağrılı, qadınların çox qorxduğu doğuş prosesi. Hamiləlik və doğuş qadın həyatının ən çətin dövrüdür. Bu dövrdə qadının həm fiziki, həm də psixi dəyişikliklərə ayaq uydurması üçün ərinin sevgisinə, anlayışına, dəstəyinə ehtiyacı var. Son illər isə bu dəstəyi nümayiş etdirmək üçün kişilər həm də xanımlarının doğuş prosesində iştirak edirlər. Bəs Azərbaycanda durum necədir? Kişinin doğuş prosesində iştirak etməsi necə qarşılanır? Ailem.az bu haqda araşdırmanı təqdim edir.

 

Bu mərhələyə necə gəldik?

 

Deyilənə görə, şahzadə Albert bəzi uşaqlarının doğuşu zamanı kraliça Viktoriyanın yanında olub. Həm də o vaxtlar aristokrat ailələrdə oğlan övladları olanda kişilər doğuş zamanı xanımlarının yanında olurdular.  

 

Şahzadə Uilyam da körpəsinin doğuş prosesində iştirak edib. Tanınmış aşpaz Gordon Ramsay doğuşa girməyin seks həyatına mənfi təsir göstərəcəyini düşündüyü üçün uşaqlarının heç birinin doğuşuna qatılmayıb.

 

1951-ci ildə bəzi xəstəxanalar kişiləri doğuşa girməyə təşviq edirdi. Ancaq əsl yenilik 1970-ci illərdə oldu. O zaman evdə doğuş sayında azalma görünürdü. Qadınlar xəstəxanada doğuş edərkən yanlarında onlara mənəvi dəstək verəcək birinə ehtiyac duydu və bu vəzifəni kişilər yerinə yetirməyə başladı. Hətta bu dövrə dair dəqiq statistika olmasa da, doğuşda iştirak edən kişilərin rəqəm nisbətinin 70-80%-ə çatdığı deyilir.

 

Atalar doğuşa girməlidirmi?

 

Tibb dünyası bu sualın cavabını müzakirə edir. Həkimlərin bir qismi kişilərin doğuşa girməsini dəstəkləmir. Onların fikrincə, kişi yaşadığı stressdən dolayı ananı da həyəcanlandırır və bununla doğuş prosesini çətinləşdirir. Həkimlər müdaxilə və gözlənməyən anlardan çəkindikləri üçün doğuş zamanı kiminsə salonda olmasını istəməyə bilər.

 

Bəzi mütəxəssislər isə ərlərin doğuş prosesi zamanı həyat yoldaşlarının yanında iştirakını dəstəkləyir. Dediklərinə görə, kişilər doğuş zamanı xanımın yanında olmalıdır. Doğuş ananın bütün hamiləlik boyunca ən çox dəstəyə ehtiyac duyduğu dövrdür. Ataların doğuş prosesində iştirakı anaya güvən verir. Hətta körpənin sağlamlığı ilə bağlı ananın yaşadığı qayğıları azaldır və daşıdıqları məsuliyyəti də paylaşmış olurlar. Eyni zamanda, bu, ata-uşaq arasında bağı gücləndirir.

 

1962-ci ildə ABŞ-lı həkim Robert Bradley tərəfindən aparılan bir araşdırmaya görə, ərinin doğuş prosesində olması qadını rahatlaşdırır. Ancaq 2009-cu ildə fransalı doğuş mütəxəssisi Mişel Odent artan qeysəriyyə əməliyyatlarına görə kişiləri günahlandırmışdı. O hesab edir ki, doğuş salonunda kişinin olması qadını daha da narahat edir və doğuşu asanlaşdıran oksitosin hormonunun ifrazını yavaşladır.

 

Kişilər nə fikirdədir?

 

Bəzi kişilər “O anı qaçırmaq istəmərəm, xanımımla olmaq istəyirəm”, bəziləri də “qapıda gözləyərəm” deyir. Bəzi kişilər doğuşa girərək bu anı xanımı ilə birgə yaşamaq və körpələrinin doğum anını görmək üçün buna müsbət baxır. Bəziləri isə xanımına yardım edə bilməyəcəklər, təşvişə düşəcəklər deyə buna razı olmurlar.

 

Qadınlar nə düşünür?

 

Bir çox qadın ərinin onu ağrılı və xoş olmayan halda görməsini istəmir. Qadınlar bunun doğuşdan sonra cinsi həyatlarına mənfi təsir edəcəyini düşünür. Digər səbəb də odur ki, qadın doğuş zamanı ərinin baş verən proseslərə dözə bilməyəcəyini fikirləşir.

 

Bəzi qadınlar isə ərlərinin doğuş prosesinə girməsində çox təkid edirlər. Ətrafdan eşitdikləri mənfi doğuş təcrübələri onları qorxutduğu üçün bu prosesdə ərlərinin də  olmasını istəyir, onların dəstəyinə daha çox ehtiyac duyurlar. Analar doğuş prosesinin nə qədər çətin və sıxıntılı bir dövr olduğunu kişinin də görməsini, istəyirlər.

 

“Kişi psixoloji cəhətdən hazır olmaya bilər”

 

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov kişinin doğuşda iştirakını mənfi hal kimi dəyərləndirmir: “Ümumiyyətlə, doğuş prosesində həyat yoldaşının iştirakı daha çox xanım tərəfindən arzu olunur. Bu, qadının ən gözəl anında onun yanında olmaq üçün atılan ən doğru addım sayılır. Kişilərin doğuşda iştirakı xüsusi diskomfort yaratmır, əksinə, xanımın özünü daha güvəndə hiss etməsinə kömək edir. Doğuş prosesində iştirak etmiş kişilər arasında sorğu keçirsək, onların əksəriyyəti məhz xanımlarının istəyi ilə doğuşda iştirak etdiyini qeyd edəcəklər”.


E.Rüstəmov qeyd edir ki, kişi psixoloji cəhətdən doğuşa hazır olmaya bilər: “Hamiləlik dövründə kişi və qadın arasındakı münasibətlərdə psixoloji olaraq diskomfort yarana bilər. Bu da xanımın fizioloji quruluşu, həssaslığın artması, kişinin buna dözümsüz yanaşması ilə bağlı olur. Bunlar münasibətə təsir göstərə bilər. Ona görə o proses mütləq hazırlanmış şəraitdə həyata keçirilməlidir. Ola bilər ki, kişi doğuş zamanı qan görər, ya nə isə başqa bir narahatlıq yaşayar, bununla həyat yoldaşı ilə arasındakı emosional bağı qıra bilər. Yəni hazırlıq olmadan kişinin doğuşa girməsinə icazə vermək irəlidə ciddi problemə yol aça bilər. Doğuş zamanı qısqanclıq ola bilər, ya kişi xanımının ağrılarına dözməyərək həkimin işinə müdaxilə edə bilər. Ona görə ginekoloqlar kişinin iştirakına maksimum məhdudiyyət qoymağa çalışırlar. Bundan başqa, orda steril şəraitin yaradılması vacibdir. Doğuş prosesində xoşagəlməz halların baş verməsinin qarşısını almaq lazımdır”.

 

Psixoloq vurğulayır ki, hamiləlik zamanı tərəflərə psixoloji dəstək göstərilməlidir: “Hamiləlik dövründə tərəflərə psixoloji dəstəyin göstərilməsi hamiləlikdən sonra yenidoğulan uşağın ailəyə adaptasiya prosesi üçün, eləcə də kişi ilə qadın arasında münasibətdə yarana biləcək psixoloji diskomfortun aradan götürülməsi istiqamətində mühüm addım sayılır. Çünki kişilər bəzən bu prosesə hazır ola bilmir. Bu da münasibətlərdə problem yaradır.

 

Qadının analıq instinkti imkan verir ki, yaşanan problemləri, çətin prosesləri asan ötürsün. Məsələn, kişi və qadın xəstə olanda onların bir-birinə yanaşmasına diqqət edin. Kişi qadının xəstə halına dözə bilmir, ona qulluq edə bilmir. Ancaq kişi xəstə olanda qadın onun qulluğunda dayana bilir. Bütün halı ilə onu qəbul edə bilir. Kişi güclü ola bilər, ancaq dözümlü deyil. Uşağa baxma prosesində də ata ana qədər ona sevgi ilə yanaşa bilmir”.

 

 

Doğuş hallarının 60%-də xanımlar bunu istəyir

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov deyir ki, həyat yoldaşının doğuş prosesini izləmək üçün həkim, qadın və kişi üçlüyü birlikdə qərar verməlidir. Xanım razı deyilsə, bu, mümkün deyil: “Son illər buna maraq da artıb. İcra etdiyim doğuş proseslərinin 60%-də xanımlar yanında kiminsə olmasını istəyir. Doğuşların 30%-nə həyat yoldaşı da girir. Qalan hallarda ana, bacı, ən yaxın rəfiqə, qayınana da müşahidəçi kimi iştirak edə bilər. Onların iştirakı qadına mənəvi güc verir. Azərbaycanda dövlət xəstəxanalarının bəzilərində buna icazə verilir. Xüsusən özəl tibb müəssisələrində bu hal geniş vüsət alıb. Xəstəxanalarda qiymətlər fərqli olur. Qiymətlər 50-150 manat arası dəyişir. Doğuş zamanı video, şəkil çəkməyə də icazə verilir. Şəkil çəkmək doğuşu aparan həkimdən asılıdır. Bir də birdəfəlik istifadə üçün nəzərdə tutulan xüsusi geyimlər verilir”.

 

T.Canbaxışov bildirib ki, kişi doğuşa girməzdən əvvəl mütləq bəzi hazırlıqlardan keçməlidir: “Hər həkim müşayiətçini tanımaqda təcrübəli olmalıdır.

Bir nəfər doğuşa girərsə, əvvəlcə onun psixoloji durumu müəyyənləşməlidir. İstər normal doğuş, istərsə də qeysəriyyə əməliyyatı olsun, ona müəyyən yerdə durmağı göstərməlidir. Yəni kişinin istədiyi yerdə gəlib durub, istədiyi yerə baxmağa ixtiyarı yoxdur. Doğuşun müşahidəsi zamanı xüsusi paltar geyinmək və həkimin göstərişi əsasında əməliyyat otağında müəyyən nöqtədə dayanmaq lazımdır. Kişilər adətən qeysəriyyə əməliyyatında iştirak edir. Əməliyyat zamanı xanımın həyat yoldaşı onun başının ucunda dura, əlindən tuta bilər. Kişinin həkimlər işləyən tərəfə keçməsinə icazə verilmir. Bəzən müşahidəçilər qan gördükdə və yaxud başqa gözlənilməz hal olduqda vəziyyətləri pisləşir, özlərini itirirlər və hətta prosesə müdaxilə etməyə də çalışırlar”.

 

Həkim deyir ki, ər-arvad arasındakı münasibətlər dürüst deyilsə, kişinin doğuşda iştirakına icazə vermək olmaz: “Həkim münasibəti psixoloji olaraq dəyərləndirəndə bir problem görmürsə, buna icazə verir. Tərəflər hisslərində bir-birinə qarşı dürüstdürsə, hər bir şəkildə bir-birini qəbul edirsə, burda problem yoxdur. Nə elmi, nə də psixoloji olaraq elə bir araşdırma aparılmayıb ki, bu, boşanmaya aparıb çıxara bilər”.

 

Kişinin doğuşu izləməsinin faydalarına toxunan mütəxəssis hesab edir ki, həyat yoldaşının müşahidəçi kimi xanımının yanında olması doğuşun daha yüngül keçməsinə kömək edir: “Kişi psixoloji olaraq xanımına dəstək olur. Xanımının qorxusunu, həyəcanını azaldır. Nəticədə bu müddət xanımlar üçün daha yüngül keçir. Bu, həm də ər-arvad arasındakı bağı daha da möhkəmləndirir. Uşağı ana-ata birlikdə qarşılayır. Ümumiyyətlə, onu qeyd edim ki, xanım özü nə qədər çox istəsə də, gərək kişinin də qəlbində istək olsun. Bununla bağlı kişilər arasında sorğu da keçirmişik. Cavablar müxtəlifdir. Bəzən kişilər özləri doğuşa girmək istəsə də, kənardakılar ayıblayar deyə cəhd etmirlər. Bəziləri doğuşa qorxa-qorxa girir, ancaq çox müsbət emosiya ilə ordan çıxır. Bəziləri də heç bir şeydən çəkinmədən demokrat şəkildə xanımının yanında durur. Kişinin də uşağının dünyaya gəldiyi ilk andır, ilk səsini eşidəcək. Doğuşdan sonra onlar üçün unudulmaz an olur. İkisi birgə uşağı qucağına alır. Yeni doğulan körpə anasını, atasını eşidəndə həqiqətən xeyli sakitləşir və rahat nəfəs almağa başlayır. Bu, ailədaxili bağları gücləndirən amildir”.

 

 

 

 

 

 

 

 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
12 Avqust 2017
11 Avqust 2017