DİETOLOQDAN XƏBƏRDARLIQ: "Axşam yeməyindən imtina edənlər..." - APA TV

“Bu gün dünyada möcüzəvi diet proqramı yoxdur. Diet həyat tərzi deməkdir. Biz elə qidalanmalıyıq ki, elə həyat tərzi sürməliyik ki, artıq çəki yaranmasın”.

 

Ailem.az-ın məlumatına görə, bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-dietoloq Nura Sadıqova deyib.

 

Mütəxəssis bildirib  ki, insanın qəbul etdiyi qidanın kalorisi ilə xərclədiyi kalori arasında tarazlıq pozulanda artıq çəki yaranır: “Diet ac qalmaq, gündəlik həyatımızda olan qidalardan imtina etmək demək deyil. “Artıq çəkidən azad oluram”, deyib, yemək-içməkdən özümüzü məhrum etməməliyik. Bu, tamamilə yanlışdır”.

 

Dietoloq deyib ki, Azərbaycanın özünəməxsus mətbəxi olduğu kimi ona uyğun da diet proqramları olmalıdır: “Xarici diet proqramlarına əməl etmək, bir avropalının diet proqramını tətbiq etmək məqsədəuyğun deyil. Bəli, biz onları tətbiq etsək, bir müddət artıq çəkilərdən qurtulacağıq, sonradan isə ikiqat artıq çəki toplayacağıq. Ona görə bu məqamda ehtiyatlı və daha məntiqli davranmalıyıq.

 

Biz daha çox proteinli qidalara üstünlük veririk, ömür boyu karbohidrat ağırlıqlı qidalana bilmərik. Çünki bədənimizin genetik quruluşu bundan ibarətdir. Biz daha çox ət məhsullarına üstünlük veririk. Ona görə gündəlik rasionumuzda həm karbohidrat, həm proteinli qidalar olmalıdır  ki, orqanizmə daxil olan və çıxan enerji balansında natarazlıq yaranmasın”.

 

Onun sözlərinə görə, diet sevdiyimiz qidalardan məhrum olmaq demək deyil:  “Həkim-dietoloq olaraq pasientləri bir müddət sevdikləri qidalardan uzaqlaşdırırsam da, artıq çəkidən azad olandan sonra həmin qidaları rasiona porsiya şəklində daxil edirəm. Bu insan ömrü boyu diet tuta bilməz. Ona görə də normal, sağlam şəkildə qidalanmaq lazımdır”.

 

Mütəxəssis onu da deyib ki, diet proqramı fərdi, artıq çəkidən əziyyət çəkən hər bir şəxs üçün özəl olmalıdır: “Məsələn, pasient hanısa meyvəni, tərəvəzi sevmirsə, ona demək olmaz ki, sən bunu istifadə etməlisən. Bir insan bir qabağı,  zəncəfilli, qreypfrut sevmirsə, bunları ona təyin etməyə dəyməz. Hər kəsə “qreypfrut şirəsi iç” demək olmaz. Diet özəl olmalıdır. Bir şəxsin sevmədiyi qidalar proqrama salınmamalıdır.

Biz insana sevmədiyi qidaları təyin etsək, buna 2-3 gün, uzağı 10 gün əməl edəcək. Sonda isə dietdən imtina olunacaq”.

 

N. Sadıqova tək tip dietlərin tamamilə yanlış olduğunu vurğulayıb: “Bizim mətbəximizdə çox faydalı, qidalarımız, məhsullarımız, tərəvəzlərimiz var. Onlardan qızartma kimi deyil, soyutma, közlənmiş halda, buğlama, sobada bişirilmiş şəkildə qəbul etsək, artıq çəki almarıq. Bir məhsul yağda qızardılmış halda olanda kalorisi ikiqat artır. Ona görə də yağlardan bir qədər uzaq durmalıyıq”.

 

Mütəxəssis vurğulayıb ki, piylənmə, metabolik hormonal pozğunluq deməkdir: “Bu, bir xəstəlikdir, əsas səbəbi isə düzgün qidalanmamağımızdır. Nə qədər ki, menyumuza yarımfabrikatlar, “fast-food” qidalar daxil olacaq, biz piylənmədən daha çox əziyyət çəkəcəyik. Əgər bir insanda metabolik hormonal pozğunluq varsa, deməli, onu kökəldən, piyləndirən səbəb var. Öncə səbəb tapılmalıdır ki, bizi piyləndirən səbəb nədir? Bu aradan qalxmalıdır ki, insanın artıq çəkidən azad olmasında çətinlik yaşanmasın. Əgər bir qadının, və ya kişinin tiroid problemi varsa, əgər insulin müqaviməti yaranıbsa, bu insan problem aradan qalxmayana qədər atıq çəkidən azad ola bilməz”.

 

N. Sadıqova bildirib ki, müraciət edən artıq çəkili 100 qadından 90-da müayinə zamanı tiroid, yəni qalxanabənzər vəzinin problemləri aşkarlanır: “Çox nadir hallarda böyük çəkili insanlarda hormonal problem olmaya bilər.

 

5-6-8 kilo civarında çəki artıqlığı olanlar ya hamiləlikdən sonra bu çəkini yığanlar, ya cərrahiyyə əməliyyatı keçirib, oturaq həyat tərzinə görə belə bir problemlə üzləşənlər, ya da ofis rejimində çalışıb, gündəlik rejimə diqqət etməyənlərdir. Bunlar normal haldır. Belə hallarda sadəcə, diet proqramı ilə artıq çəkidən qurtulmaq mümkün olur”.

 

Dietoloq artıq çəki yaradan əsas üç qidaya -  un, duz, şəkər qəbuluna diqqətlə yanaşmağı tövsiyə edib: “Şəkər insanlarda bir bağlılıq yaradır. Biz artıq bunu uşaqlarda da müşahidə edirik. Səhər çayımızı şəkərsiz təsəvvür eləmirik, gün ərzində də bu asılılıq davam edir. Hətta az miqdarda şəkər orqanizmdə o qədər böyük metabolik pozğunluq yarada bilir ki, bunu bəlkə də çoxları təsəvvürünə gətirə bilməz. Şəkər qanda insulini sürətlə yüksəldir. Biz şəkərli qida qəbul edirik, şəkərimiz qalxır, insulin də qalxır. Üstündən yarım saat, bir saat keçəndən sonra dərhal şəkər düşməyə başlayır. Sürətli şəkildə düşdükdən sonra biz yenidən şəkər axtarırıq. Bu zaman hər hansı şirniyyat, meyvə yeyirik. Bu, düzgün qidalanma deyil. Bizim artıq çəkidən əziyyət çəkməyimizin əsas səbəbi qidalanmaq barədə təsəvvürümüzün yanlış olmasıdır. Bəziləri şəkərdən imtina edib şəkər əlavələrində üz tutur. Amma bu da tamamilə yanlış bir haldır. Şəkər əlavələri də şəkər kimi piylənməyə səbəb olur. Bəzən isə səhər yeməyi yemirlər ki, kökələ bilərlər.  Səhər yeməyindən aldığımız kalorini heç bir qidadan ala bilmərik. Biz səhər pendir, kəsmik, yumurta yesək, normal qidalansaq, gün ərzində daha az qida qəbul edərik”.

 

Onun sözlərinə görə, axşam yeməyindən imtina etmək doğru bilinən ən böyük yanlışlardan biridir: “Heç bir halda axşam yeməyi yeməmək, saat 18-19-dan sonra qida qəbul etməmək söhbəti ola bilməz. Çünki ən azından insan gündə 3 dəfə yemək yeməlidir. Axşam yeməyi olmalıdır, amma daha yüngül yeməklərə üstünlük verməklə. Kimsə axşam yeməyini yemirsə, sabah yeməyinə qədər 12-17 saata qədər aclıq müddəti əmələ gəlir. Bu dönəmdə artıq orqanizmin deposunda olan enerji itirilir. Axı orqanizmin özünün daxilində gedən mübadilə proseslərinə də enerji lazımdır. Bu insanların çoxunda hipetiroidizm əmələ gəlir, yuxusuzluq olur, halsızlıq yaranır. Axşamlar tərəvəzli, protein ağırlıqlı qidalara, şorbalara  üstünlük vermək lazımdır. Belə olsa, həmin qida bizi səhəri gün sabaha qədər tox tutacaq. Təbii ki, burada yeyilən qidaların porsiyasına nəzarət olunmalıdır. Balanslı şəkildə qidalanmağımız daha düzgün olar. Biz çalışdığımız qədər daha təbii, daha sadə, daha sağlam qidalara üstünlük verməliyik ki, sağlam həyat tərzi sürək”.

 

Dietoloq axşamlar meyvə qəbul etməyi tövsiyə etmədiyini deyib: “Bizim toplumda belə bir adət yaranıb, axşam yeməyini yeməyib, meyvə yeyirlər. Bir pors meyvə 60 kalori edir, bir boşqabda altı-yeddi cürə meyvə isə 360 kaloriyə bərabərdir. Təkcə 360 kalorini meyvədən alırıq. Halbuki normal şəkildə axşam yeməyini yesək, bu qədər kalori almarıq.

 

Ümumiyyətlə, tək tipli qidaların qəbulu, internetdən götürülən hansısa diet proqramlarından istifadə yanlışdır. Diet proqramı hər kəsin mətbəxinə, yaşam tərzinə, maddi durumuna uyğun olmalıdır”...

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017