“Tanımadığı adam ona “eşşək” desə...” – GƏLƏCƏYİMİZİ TƏHLÜKƏDƏN BELƏ QORUYAQ

Uşaq böyüklər qarşısında müdafiəsizdir. Əgər uşağı tənqid edən, ya danlayan yaxın adamdırsa, o zaman onun bu sözləri normal qarşılanır və təhlükəsiz sayılır. Ancaq uşağa yad bir adam aqressiv reaksiya göstərirsə, bu, onu qorxudur. Daha çox uşaq bağçasında, parklarda belə hallar çox yaşanır. Yad birinin uşağını danladığını görən valideynin necə reaksiya verəcəyi isə çox önəmlidir.

 

Mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Narınc Rüstəmova bildirib ki, uşağı tənqid edərkən, səs tonunu yüksəltmək, hədə-qorxu gəlmək, onun şəxsiyyətini alçaldacaq ifadələr işlətmək artıq psixoloji şiddət sayılır. Böyüklər uşağı tənqid edə, hansısa hərəkətinin səhv olduğunu deyə bilər, ancaq bəzi böyüklər təhqir və tənqidi səhv salırlar. Uşağı təhdid etmək, alçaldıcı sözlər demək isə uşağın özgüvənini zəiflədir.

 

N.Rüstəmova deyib ki, yad bir adam uşağı “uğursuz”, “axmaq”, “tərbiyəsiz”, “özünü pis aparırsan” kimi ifadələrlə danlayaraq təhqir edirsə, belə halda valideynin davranışı birmənalı olmalıdır və uşağını müdafiə etməlidir: “Ancaq əvvəla, ana özü də mehriban bir model olmalıdır. Əgər ana özü uşağı “eşşək” adlandırıb, ictimaiyyətdə uşağına “eşşək” deyiləndə tez müdafiə edirsə, bu, uşaqda çaşbaşlıq yaradır. Uşaq düşünür ki, anam evdə mənə eşşək deyir, burda belə. Bu da uşağın özgüvənini tamamlamır və həmişə uşağı qorumağa ehtiyac hissi yaradır. Uşaqda hər zaman kiminsə qanadları altında yaşamaq bacarığı yaradır. Uşaq məktəbdə müəlliməsi, evdə nənəsi, dayısı tərəfindən danlanıb, cəza alırsa, ana tez gəlib onlarla dalaşır. Bu, doğru deyil. Biz kömək etməliyik ki, uşağımız tənqidə açıq olsun. Tənqidə açıq olan uşağın özügüvəni daha gözəl formalaşır. Onlar məğlubiyyəti həzm edə bilir, çətin situasiyadan çıxmağı bacarır”.

 

Psixoloqun sözlərinə görə, son dövrdə ailədə uşaq sayının az olması valideyn sevgisini, müdafiəsini xəstəlik dərəcəsinə gətirib çıxarır. Valideyn də uşağını qorumağa çalışdıqca uşaq çətin situasiyalarda qaçacaq bir yer axtaracaq: “Belə uşaqlar hər zaman təsir altına düşürlər. Ona görə uşağımız tənqid olunarkən müdaxilə etməməli, onların bu çətin situasiyadan necə çıxdığını müşahidə etməliyik. Belə situasiyalarda valideyn son anda müdaxilə etməlidir. Valideyn kənardan övladının necə reaksiya verdiyini izləməlidir.  Qaça-qaça gəlib, qarşı tərəflə dalaşmaq yanlışdır. Səs tembrini yüksəltmək olmaz. Təbii, həmin anda ana pis olur və qarşı tərəfi parçalamaq istəyir. Bu, şiddət göstərməkdir. Səbrli olmaq lazımdır. Evə gedərkən baş verənləri uşaqla müzakirə etmək olar. “Əmi dediyi söz sənə necə təsir etdi? Səncə, əmi bu sözü sənə niyə dedi?” kimi suallarla uşağın fikrini almaq və “elə etməsəydin, belə olardı” kimi sözlərlə onu istiqamətləndirmək lazımdır. Ən əsası uşağa üzr istəməyi öyrətmək lazımdır.  Problemlərlə baş etmə üsullarını uşağa öyrətməliyik. Amma yad biri uşağınıza söz deyərkən təhqirə də yol açırsa, bu halda müdaxilə etmək mütləqdir. Çox zaman valideyn gedir həmin adamla məsələni müzakirə edir, amma nə nəticə çıxardığını uşaqla paylaşmır. Bu hadisənin təkrarlanmaması üçün nələr edə biləcəyini axtarmır. Yaxşı olardı ki, uşağın yanında övladını müdafiə edib məsələni həll etsin. Həmin situasiyanı birinci aydınlaşdırmağa çalışmalıdır. Valideyn soyuqqanlılığını qorumalıdır. Unutmayın ki, aqressiya aqressiya doğurur. Valideynin aqressiv davranışı uşağa da mənfi təsir edəcək. Hadisəni aydınlaşdıranda uşağın ondan üzr istəməsinə şərait yaratmaq lazımdır. Böyük də uşaqdan üzr istəməlidir. Biz böyüklər uşaqdan üzr istəməyi bacarmalıyıq. Hər kəs öz səhvini başa düşməli və bunun məsuliyyətinin arxasında durmalıdır. Bəzən atalar deyir ki, sənə kimsə nəsə desə, gəl denən, gedib canını alaram, döyərəm, qələt edir filan. Bu şəkildə uşağa özgüvən vermək olmaz. Bu, uşaqda özgüvən formalaşdırmaq deyil, əksinə, uşağı hər zaman sənin müdafiənə ehtiyac duyacaq qoyun kimi böyütməkdir”.

 

N.Rüstəmova vurğulayıb ki, uşağı cəmiyyətə pis uşaq kimi tanıtmaq doğru deyil. Valideyn özü uşağını təhqir etməməlidir. O edirsə, qarşı tərəf də edəcək: “Valideyn problemləri evində həll etməlidir. İnsanların yanında uşağı alçatmalı deyil. Çox vaxt qarşı tərəf də bundan cəsarətlənib uşağı təhqir etməyə başlayır. Uşağın yanlışlarını adamların içərisində deməyin. Valideyn çalışmalıdır ki, ictimaiyyətdə uşağın yaxşı tərəflərini qabartsın. Uşağı cəmiyyətə sağlam övlad kimi təqdim etməlidir. Oxumur, dəcəldir, başıma oyun açır, evi dağıdır, pis uşaqdır... - belə demək olmaz. Hər bir uşağın müsbət cəhəti var. Pis desəniz, uşaq elə düşünəcək ki, qoy uğursuz olum, onsuz da hamı məni belə tanıyır. Yanlışları həll etməyi bacarmalıyıq”.

 

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017