"Qısqanclıq zəminində cinayət törətmək kişilikdir" – PSİXOLOQLA MÜSAHİBƏ

Son zamanlar ölkəmizdə ailə daxili zorakılıqların və boşanmaların sayı çoxalıb. Bəzən bunlara əsas səbəb kimi qısqanclıq hissi göstərilir. Hətta əksər cinayətlərin qısqanclıq zəminində baş verdiyi vurğulanır. Görəsən həqiqətənmi qısqanclıq hissi bu qədər neqativ hallara yol aça bilər? Bəlkə də davranışlarımızı idarə edə bilməməyimiz gerçəyini dilə gətirməyərək, bütün töhməti qısqanclıq hissinin üzərinə yıxırıq? Qısqanclıqla bağlı bilmədiyimiz məqamlara Ailem.az psixoloq Orxan Oruczadə ilə apardığı müsahibədə  aydınlıq gətirməyə çalışıb.    

 

- Orxan müəllim, ümumiyyətlə, qısqanclıq nədir, necə bir hissdir?

 

- Qısqanclıq hər hansı bir şəxsin nəyisə və ya kimisə itirmə qorxusu hissindən yaranan duyğudur. Qısqanclıq hissi təbiətdə də var. Yəni tək insanlara məxsus bir hiss deyil. Adi ev heyvanlarında da bunu rahatlıqla müşahidə etmək olar. Qısqanclıq ilkin mərhələdə və zəif formada olduqda bu, insanlar tərəfindən normal şəkildə qarşılanır. Ancaq bir qədər aşırı dərəcəyə keçdikdə həm şəxsin özü, həm də digərləri üçün ciddi problemlər yarada bilir. Hətta cinayət məcəlləsində belə, qısqanclıq zəminində baş verən cinayət əməllərini tənzimləyən maddələr də var.

 

 

- İnsanlarda qısqanclıq hansı yaş dövründə yaranır?

 

- Qısqanclıq hissinin yaranması ilə bağlı müxtəlif yanaşmalar var. Bəziləri qısqanclıq hissinin anadangəlmə olduğunu, bəziləri isə sonradan yaranandığını söyləyir. Nəzərə alsaq ki, qısqanclıq hissi insanların yaşadığı cəmiyyətə uyğun olaraq özünü büruzə verir, o zaman bu duyğunun sonradan yarandığını deyə bilərik. Yəni qısqanmaq üçün səbəb olmalıdır. Məsələn, 3 yaşına kimi evdə tək böyüyən uşağa diqqətin, qayğının ailəyə daxil olan yeni uşağa görə azalması qısqanclıq hissinin özünü büruzə verməsinə səbəb olur. Heç vaxt qısqanclıq nümayiş etdirməyən və ya etdirməsi üçün səbəb olmayan uşaq birdən-birə şiddətli qısqanclıq davranışları göstərməyə başlayır.

 

- İnsan psixologiyasına görə, kim daha qısqanc olur - qadın, yoxsa kişi?

 

- Qısqanclığın kökündə itirmə qorxusu olduğuna görə, bu hissi qadın da yaşaya bilir, kişi də. Lakin cəmiyyətimizdə kişilərin qısqanc davranışları daha adi qəbul edilə bilir. Psixologiya elmində təkamül psixologiyası deyilən bir bölmə var. Təkamül psixologiyası insan psixikasının təkamül etdiyini və bəzi davranışlarımızın kökünün genetik yaddaşımızla min illər əvvələ getdiyini izah edir. Qısqanclıqla bağlı təkamül psixologiyası çox maraqlı bir açıqlama verir. Təkamülçü psixoloqlara görə, uşağın dünyaya gəlmə prosesi ananın bətnində baş verdiyi üçün ananın kim olması ilə bağlı heç bir şübhə qalmır. Lakin uşağın atasının kimliyi ilə bağlı 100 faizlik əminlik kişilərdə heç vaxt olmur. Və tarix boyu genetik yaddaşda bu qeyri-əminlik hissi kişilərin qısqanc davranmasını onlara məxsus bir vərdiş formasına salıb. Həmin yanaşmaya görə isə, qadınların genetik yaddaşında kişinin başqa qadın tapacağı halda onu yalnız qoyması qorxusundan əmələ gələn qısqanclıq hissi formalaşıb. Bu yanaşmanın doğru olub-olmadığını söyləmək çətindir. Amma istənilən halda cinsindən asılı olmayaraq, qısqanclığın kökündə eqoistik maraqlar durur.

 

- Bəs axı deyirlər, qısqanclıq sevginin göstəricisidir. Bu, doğrudanmı belədir?

 

- Qısqanclıq istənilən halda sevginin göstəricisi deyil. Qısqanclıq sevgiyə olan şübhənin və inamsızlığın göstəricisidir. İnsan üçün dəyərli olan şəxsi itirməmək istəyi və bu istəklə gələn cüzi qısqanclıq hissləri təbii və normaldır. Ancaq əksər vaxt aşırı qısqanclığın şiddəti insanın sevilməyə olan ehtiyac miqdarını da göstərir. Bunun təzahürü isə insanların xarakter xüsusiyyətlərindən asılı olaraq şiddət, təzyiq və ya küsmə kimi reaksiyalarla ola bilər.

 

 

- Son vaxtlar Azərbaycanda qısqanclıq zəminində ailədaxili cinayətlərin sayı artıb. Ər arvadını, bəzən əksinə, qadın ərini öldürür. Qısqanclıq həqiqətən də doğma insanı öldürmək həddinə çata bilir?

 

- Ümumiyyətlə, qısqanclıq anlayışı, onun çərçivələri, təzahür xüsusiyyətləri cəmiyyətin dəyərlərinə görə fərqli formada olur. Məsələn, bizim cəmiyyət üçün hər hansı bir kişinin öz qadınına qarşı qısqanclıq hərəkətləri başqa bir cəmiyyətdə tamamilə anormal bir hərəkət kimi dəyərləndirilə bilər. Çox zaman elə qısqanclıq zəminində baş verən cinayət hadisələrinin kökündə də cəmiyyətin dəyərlərinə uyğun davranma məcburiyyəti durur. İnsanlarda şablonlaşmış davranış normaları var, məsələn, ər qadınını qısqananda necə davranmalıdı? Qardaş bacını necə qısqanmalıdı? Xüsusi hallar var ki, insan özünü şablonlaşmış hərəkətlər etməyə məcbur edir. Hətta bu cür davranışların cinayət tərkibi olsa belə, həmin hadisəyə ictimai qınağın daha şiddətli olması şəxsin cinayət törətməyi üstün tutmasına səbəb olur. Qısqanclıq zəminində cinayət törədənlərə həbsxana həyatında daha hörmətlə yanaşılır və həmin cinayət əməli kişilik əlaməti kimi dəyərləndirilir...

 

- Bəs bu formada özünü büruzə verən qısqanclıq hissini psixoloji olaraq müalicə etmək mümkündürmü?

 

- Qısqanclıq hissinə qalib gəlmək üçün ilk olaraq qısqanan şəxs bunu özü istəməlidir. Bundan sonra həmin şəxsdə qısqanclığın kök səbəbləri birgə analiz edilməli və məntiqi yanaşma ilə qısqanclıq yaradan səbəblərlə mübarizə aparılmalıdır. Bəzən insanların qısqanclıq hissi, xüsusilə sevgi münasibətlərində, əvvəlki təcrübələrə əsaslanır. Ancaq bu, şəxsin özü tərəfindən dərk olunmadığı üçün başqalarının və ya özünün əvvəlki təcrübələri əsasında yaranmış qısqanclıqla mübarizə aparmaq çətinləşir. Odur ki, qısqanclıq hissinin aradan qalxması üçün şəxs ilk növbədə öz qısqanclıq səbəblərini dərk etməlidir. Düzdür, qısqanclıq problemilə bağlı psixoloqlara müraciətlər olur. Ancaq əksər hallarda şəxs özü deyil, qarşı tərəfin qısqanclığından əziyyət çəkənlər müraciət edirlər.

 

- Maraqlıdır, insanlarda qısqanclıq hissi olmasaydı, onlar psixoloji olaraq özlərini necə hiss edərdilər?

 

- Yuxarıda dediyimiz kimi, qısqanclıq hissi əksər vaxt itirmə qorxusunun yaratdığı bir hissdir. Beləliklə, qısqanclığın olmaması üçün insanlarda itirmə qorxusu olmamalıdır. İtirmə qorxusunun olmaması isə insanlararası münasibətlərdə laqeydliyə, qarşılıqlı münasibətlərin olmasında marağın yaranmamasına səbəb olardı. Təbiətdə hər bir şeyin harmoniyası olduğu kimi, insan hisslərində də hər duyğunun öz gözəlliyi və funksiyası var. Qısqanclıq hissi olmasaydı, ən azından qısqanılmaqla xoşbəxt olan insanların xoşbəxtliyi əlindən alınmış olardı. Odur ki, hər hansı bir hiss varsa, demək, ona ehtiyac da var.

 

 

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017
18 İyul 2017