Azərbaycanlı aparıcı: “Oğlanlarıma demişəm, kişi öpüşməz”

Ailem.az teleaparıcı Lamiyə Ələkbərovanın “Qafqazinfo”ya müsahibəsini ixtisarla təqdim edir.

 

- Siz mətbuata heç vaxt geniş müsahibə verməmisiz. 5-6 il bundan əvvəl o dövrün məşhur saytlarının birində fikirləriniz yer almışdı. Qeyd etmişdiz ki, heç vaxt aktrisa olmaram, milli mentalitetə ziddir. İstərdim ki, bu məsələyə aydınlıq gətirərdiz.

 

- Subay vaxtı bunu edə bilməzdim. Ailəliyəm, indi də edə bilmərəm. Səbəbini sizə deyim. Rolda kiminsə arvadı ola bilərsən. Bunu edə bilmərəm, məni düzgün başa düşün. Demirəm ki, qəlbiqarayam, ancaq həmin aktyorla bu mövzuda rol ala bilmərəm. Özüm Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Həsən Məmmədov kimi müəllimlərim olub. 

Ya müəllimə, ya da aparıcı obrazlarını canlandıraram. Qısası, tək olduğum rolları sevə- sevə oynayaram. Rollarda sevgi-məhəbbət yaşaya bilmərəm, təbiətimdə yoxdur. Belə bir məsəl var ki, qadın kişi xarakterlidir. Bu sözlə razılaşmıram, qadın qadın xarakterli olmalıdır. Amma nə edək, mən kişi xarakterli qadınam. Gedib kiminsə əlindən tutum, sevgili olum. Vallah, belə edə bilmərəm. Bu səbəbdən milli mentalitet məsələsinə toxunmuşam.

 

- Belə anladım ki, siz addım atmamışdan öncə ailənizi gözünüzün qabağına gətirirsiz.

 

- İki oğul anasıyam, onları düşünürəm. İndi kiçikdilər, böyüyəndə xoşagəlməz şəklim olsa, onlara göstərməzlər? Deməzlər, sənin anan belədir, bu mövzuda filmə çəkilib və s. Niyə övladlarım mənə görə utanmalıdır? Onları niyə pis vəziyyətə qoyum? Olmaz ki, mənimlə fəxr etsinlər? İki igid böyüdürəm, onları hərbi xidmətə yola salacam. Orada oğlanlar övladlarıma söz atmaz?

 

- Siz başqa mühit və ölkədə yaşasaydız, yenə belə düşüncədə olardız?

 

- Həyatım da bir qədər dəyişiklik edərdim. Amma söz vermirəm. Bəlkə də bir az tərzimdə dəyişiklik edərdim. Deməzdim ki, o mövzulu kinolara çəkilərdim. Bu, xarakter məsələsidir.

 

- Qeyd etdiz ki, iki oğlan övladı böyüdürsüz. Onları gələcək həyatı ilə bağlı nə kimi planlarınız var?

 

-  Hər ikisi orta məktəbdə oxuyur. Birini 7-ci, digəri isə 2-ci sinfə keçdi. Onlar hələ balacadılar. Biri çox yaxşı futbol oynayır, o biri ürək həkimi olmaq istəyir. Bilmək olmaz, təki layiqli övlad, kişi olsunlar.

 

- Lamiyə Ələkbərova üçün “kişilik” anlayışı nə deməkdir?

 

- Kişi ağlamaz, satqın, yaltaq olmaz, pisliklər etməz. Kişi vətəni sevər.

 

- Kişiylə qadınların bəzən mübarizələri ilə rastlaşırıq. Siz belə şeylərlə qarşılaşmısız?

 

- Bəli, mübarizə olar. Qadınla mübarizə aparan kişi bir az onunla eyni xarakterdə olur.

 

- Elə bir zaman olacaqmı ki, siz “Həyat tərzi” verilişinizi başqa bir aparıcıya həvalə edəcəksiz. İndi gənclərlə ötən nəslin nümayəndələri arasında bir növ savaş gedir. Siz onlara etibar edə bilərsiz?

 

- Ola bilər, hər şeyi zaman göstərə bilər. Ancaq sizə bir söz deyim ki, proqramın müəllifi özüməm. Moda ilə bağlı verilişi dövlət televiziyasında etdim, daha sonra “Lider”ə gətirdim. Məndən sonra o verilişi nə qədər ərsəyə gətirmək istədilər, amma alınmadı. Çünki, ümumiyyətlə aparıcı işlədiyi yerdə daha uğurlu olur. Başqa cür desək, bir veriliş bir insana yapışır. Onun yerinə başqası gələndə uğurlu olmur. İnsanlar hər zaman birinci aparıcını axtarır. Verilişlər uşaqlarımızdır, dünyaya gətirmişik.

 

- Moda dəyişir, amma Lamiyə Ələkbərova dəyişmir. Səbəbi nədir?

 

- Məni necə görmək istəyirsiz?

 

- Uzun və dalğalı saçlar...

 

- İnstaqrama girib götürə bilərsiz. Saçlarımı çox dəyişmişəm, amma tərzimi sabit saxlamışam. Qısa, uzun, bir balaca açıq-saçıq da geyinirəm. Hiss olunmur, qədərində edirəm.

 

- Sizi adətən çox tanınmışlara bənzədirlər. Bu, sizdə qıcıq yaratmır?

 

- Yox, narahat etmir. Ən çox Dilarə Səlimovaya bənzədirlər. Həmişə onunla bağlı mənə sual verirdilər, deyirdilər ki, balaca bacısısız? Hobbi kimi gözümə linza taxırdım, çəkilişdən sonra məclisə getdim. Orada deyirdilər ki, Dilarə Səlimova gəldi. O xanımı çox sevirəm. Amma deyim ki, doğru bənzətmələrlə razılaşıram. Hərdən elə olur ki, qətiyyən mənə sadaladıqları şəxslərlə bənzərlik yoxdur. Məni normal insana oxşatsınlar. 

 

- Kənardan sərt, özündən razı bir xanım kimi görünürsüz. Bu da bir tərzdir? Halbuki dostlarınız deyir ki, çox səmimi və gülərüzsüz.

 

- Özümdən razı kimi görünürəm, amma çox sadə və səmimiyəm. Mənim sadəliyimdən bir-iki dəfə istifadə etmək olar. Üçüncüdə hiss edirəm. İnsanları çox yaxşı oxuya bilirəm. Onların mənə qarşı düzgün olmadığını görürəm, üzə vurmuram, uzaqlaşıram. Üzüm gülə bilər, amma sərt görünürəm. Yalandan özümü belə aparmıram, bu cür insanam.

 

- Oğlanlarınızdan tələbləriniz də sərt olur?

 

- Onlar mənim xasiyyətimi çox gözəl bilirlər. İş qrafikim səbəbindən övladlarıma anam baxır. Bir şey olan kimi, nənələrinə deyirlər ki, anam bilməsin. Uşaqlarımı çox sevirəm, verdiyim sözləri yerinə yetirirəm. Bizim ailədə bir xüsusiyyət var, söz veririksə, onları aldatmırıq, bacardığımız qədər həyata keçiririk. Onlara başa salıram ki, hər mənada biz sizi aldatmırıq, siz də gələcəkdə başqalarını aldatmayın. Ən çox iki qardaş arasında yaşanan mübarizədən xoşum gəlmir. Çalışıram ki, bir-birilərini qorusunlar, başqa heç kimləri yoxdur. Bir nənələri, ata və anaları var. Dayı, xala, əmi, bibi yoxdur.  Uşaqdılar, zarafatcasına demişəm ki, kişi kişiylə öpüşməz. “Qardaşın sənə köməklik etdi, onu öp” deyəndə də cavabları belə olur ki, kişi kişiylə öpüşməz.

 

- Şou-biznesdə olmusuz, belə şeyləri çox gördüyünüz üçün belə qadağalar edirsiz?

 

- Bəli, psixoloji olaraq onlarla söhbət edirəm. Çalışıram ki, ağıllı və kişi kimi böyüsünlər.  Hərdən deyirəm ki, yaxşı ki, qızım yoxdur.

 

- Səbəb?

 

- Səbəbini bilmirəm.

 

LENT

27 İyul 2017
26 İyul 2017
25 İyul 2017
24 İyul 2017
22 İyul 2017
21 İyul 2017