Solariuma gedən xanımlara XƏBƏRDARLIQ: “Dəri xərçəngi yaradır”

Belçika Səhiyyə Nazirliyi dəri xərçəngi riski yaratması səbəbilə solarium vasitəsilə qaralmağın qadağan edilməsini tələb edib. Səhiyyə Nazirliyindən bildirilib ki, bu kimi cihazların verdiyi şüa səviyyəsi insan bədəninin qəbul edə biləcəyindən artıqdır. Bu da çox ciddi dəri xərçəngi riski yaradır. Bu şüanın insana zərər verməsinin qarşısını alacaq bir vasitə isə yoxdur. Beləliklə də, 1 sentyabrdan etibarən solarium mərkəzləri insanlara məcburi olaraq "Solarium dəri xərçəngi yaradır" kimi xəbərdarlıqlar edəcək.

Ölkəmizdə də əksər xanımlar süni şəkildə qaralmağa üstünlük verirlər. Yayda qaralmaq üçün əlverişli və təbii mühit olsa da, bəzi xanımlar havalar isinən kimi dərisinin rəngini tündləşdirmək üçün süni günəş vannalarına - solyariuma gedirlər. Dərinin rəngini qısa zaman kəsiyində qaraldan bu müasir texnologiyadan istifadə edənlərin sayı demək olar ki, günü-gündən artır. Narahatverici məqamlardan biri isə solyarium istifadəçiləri arasında yaş həddinin getdikcə aşağı düşməsidir. Qlamur və müasir görünməyin bir yolunun solyariumda dəri rəngini bronzlaşdırmaqdan keçdiyini zənn edənlər bunun üçün sağlamlıqlarını belə, arxa plana keçirməyi gözə alırlar. Ailem.az bu dəfə solariumun təhlükəli tərəflərindən söz açacaq.

 

Məlumat üçün bildirək ki, solarium günəş işıqlarına məruz qalmadan, gözəllik mərkəzlərində 3 formalı kabinlərdə lampalar vasitəsi ilə qaralmaqdır. Mütəxəssislər solarium qəbul edərkən seanslar arasında ən azı 2 gün fərq qoymağı məsləhət bilirlər. Qəbul edilən hər seansın müddəti isə 5 dəqiqədən başlayaraq 10-12 dəqiqəyə qədər olmalıdır.

 

Solariumun insan səhhətinə yaratdığı fəsadlarla bağlı Ailem.az-a danışan Bakı Şəhər Dəri Zöhrəvi Dispanserinin baş həkimi, tibb elmləri namizədi Rəşad İsmayılov bildirdi ki, bu prosedur dəri üçün olduqca ziyanlıdır: “Solariumdan mütəmadi istifadə və uzun müddət kabinədə qalmanın təsirindən dəridə suluqlar yarana bilər. O cümlədən bu, dəri çatlarına, dəridə quruluğun yaranmasına və qaşınmaya yol açır. Bu şüalar dərialtı toxumanın zədələnməsinə, vaxtından əvvəl qırışların yaranmasına da səbəb olur”.

 

R. İsmayılovun sözlərinə görə, hər hansı bir xoşxassəli hiperplaziyası, fibroması olan şəxslər solyariumdan qətiyyən istifadə etməməlidir. Çünki bu, onlarda bədxassəli şişə çevrilmə ehtimalını olduqca artırır: “Ümumiyyətlə, bədənində hər hansı bir xalı olan şəxslərin solariumdan uzaq durması məsləhətdir. O cümlədən günə qarşı həssaslığı olanlar da solariumdan istifadə etməməlidir. İstifadə etsələr belə, bunun müddəti uzun olmamalıdır”.

 

Həkim qeyd edir ki, solariumda tətbiq olunan şüa günəşin zərərli şüası olan ultrabənövşəyi şüadır. Buna görə də dərini qurutmaqla yanaşı, dəri xərçənginin yaranmasına səbəb olur.

 

Məşhur “Lanset” jurnalında dərc olunan bir məqalədə bildirilir ki, 20-dən çox ölkədə aparılan araşdırmanın nəticəsinə görə, solarium cihazları birmənalı olaraq kanserogendir. Müntəzəm olaraq solariuma girən insanların dərisində xərçəng üçün münbit şərait yaranır. Xüsusilə də açıq rəngli dərisi olan insanlar üçün bu təhlükə daha böyükdür.

 

Ümumdünya Səhiyyə Təşkilatı süni ultrabənövşəyi şüaların qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və spirtli içki qəbul edənlərlə bərabər səviyyədə olduğunu bəyan ediblər. Mütəxəssislərin heyvanlar üzərində apardıqları araşdırmalar zamanı məlum olub ki, solariumun təsiri şişlər üçün münbit şərait yaradır. Araşdırmalara görə, bütün dünyada hər il 140 min solarium istifadəçisi dəri xərçənginə tutulur. İngiltərədə isə hər il 100 solarium istifadəçisi həyatını itirir.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017
18 İyul 2017