Musiqili Teatrda mövsümün son premyerası - AFİŞA

Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci teatr mövsümünü bu həftəsonu başa vuracaq.

Teatrdan Ailem.az-a verilən məlumata görə, cari mövsümün bağlanışı premyera ilə əlamətdar olacaq. Belə ki, 14-15 iyulda saat 19.00-da tamaşaçılara özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyası təqdim olunacaq. Yeni səhnə əsərinin ilk baxışdan sadə süjet xəttinə malik olduğu görünsə də, hadisələr inkişaf etdikcə əslində, bu sadəliyin altında çox dərin mətləblərin gizləndiyi üzə çıxmağa başlayır. Türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəraları, tərəflərin bir-birinə qarşı qurduğu oyunlar, hiylələr gülməli olduğu qədər də düşündürücüdür. Dinamik hadisələr, gözlənilməz və qəhqəhə dolu situasiyalarla zəngin olan səhnə əsərində bir daha Molla Nəsrəddinin bütün dövrlərin müasiri olduğu təsdiqini tapır.

 

Tamaşada rolları əməkdar artistləri Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Ağaxan Şərifov, Elnarə Nağdəliyeva, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Şaban Cəfərov, Pərviz Məmmədov və Fərid Rzayev ifa edirlər.

 

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Əsəri Azərbaycan dilinə Dilsuz Mustafayev tərcümə edib.

LENT

22 İyul 2017
21 İyul 2017
20 İyul 2017
19 İyul 2017
18 İyul 2017