Sınıqçıların sındırdığı həyatlar...

Bu günlərdə qolu sındığı üçün Ağdaş Mərkəzi Rayon Xəstəxanasında əməliyyat edilən 9 yaşlı Seymur Mehralıyevin ölümü yenidən bir neçə məsələni aktuallaşdırdı. Qeyd edək ki, Qəbələ rayonu Qaradeyin kənd sakini olan S. Mehralıyev bu yaxınlarda evlərinin pilləkənlərindən yıxılaraq qolunu sındırıb. Atasının dediyinə görə, qolundan zədə alan uşağı əvvəlcə sınıqçıya aparıblar. Bir müddət keçdikdən sonra isə məlum olub ki, sınıqçının səhvi ucbatından uşağın qolu əyri bitib. Rentgen müayinəsi də sümüklərin əyriliyini təsdiqlədiyindən S. Mehralıyev əməliyyata alınıb. Əməliyyatdan öncə uşağa verilən narkozun təsirindən o, əməliyyat stolundaca dünyasını dəyişib.

Bəzi ekspertlər bu hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyini bildirirlər. Qeyd edirlər ki, anafilaktik şokun olmaması üçün uşağa həmin narkoz verilməzdən əvvəl yoxlama inyeksiyası (“prob”) edilə bilərdi. Bəziləri isə uşağın ölümündə travmatoloq cərrahın deyil, bundan əvvəl ona türkəçarə yardım göstərən sınıqçının günahkar olduğunu iddia edir.


Bu hadisə onu göstərdi ki, tibb sahəsi, müasir avadanlıq nə qədər inkişaf etsə də insanlar hələ də xalq təbabətinin populyar simaları olan sınıqçılara, çöpçülərə və digər “ara həkimləri”nə müraciət edirlər.


Xalq təbabətində sınıqçılıq xüsusilə məşhurdur. Ümumiyyətlə, cərrahlıq meydana gələnə qədər insanlar yalnız sınıqçılara müraciət ediblər. Hətta yaxşı sınıqçı üçün bir rayondan digərinə gedərdilər. Sınıqçı hərəkətin, sümüyün tamlığının pozulması, şişkinlik və ya hərəkət zamanı sümükdən hər hansı səsin gəlməsini düzəldir. Öncə zədə müəyyən olunur, sonra yumşaldıcı vasitələrdən istifadə edilir. Çünki sınıq zamanı sümüklər yerini dəyişə bilir və bu da əzələlərin yığılmasına səbəb olur. Daha sonra sümükləri yerinə oturtduqdan sonra yumurtadan, xəmirdən və başqa bərkidici məhsullardan istifadə edərək həmin nahiyədə hərəkətsizlik yaradılır ki, hərəkətsizlik nəticəsində sınıq yeri rahat sağala bilsin. Ekspertlər qeyd edir ki, məhz bunları yaxşı bildikləri üçün sümükləri düzgün müalicə edə bilir və beləliklə də, insanların etibarını qazana bilirlər. Lakin son hadisədən də göründüyü kimi, bir çox hallarda sınıqçının səhvi ciddi fəsadlara yol aça bilir və hətta faciə ilə nəticələnir.


Maraqlıdır, niyə müasir dövrdə sınıqçılara, digər “ara həkimləri”nə hələ də ehtiyac var? İnsanların həkimlərdən çox, türkəçarə üsullara üz tutmasının səbəbi nədir?

Ailem.az musavat.com-a istinadən bildirir ki, ekspertlərin fikrincə, bunun əsas səbəbi sosial vəziyyətlə bağlıdır. Maddi imkansızlıqdan insanlar daha sərfəli yol kimi türkəçarəyə müraciət edirlər.


Sosioloq Əhməd Qəşəmoğlu qeyd etdi ki, bu tip məsələlərə müxtəlif faktlardan yanaşmaq lazımdır: “Burada ən başlıca problem səhiyyə sistemində olan problemlərdir. Digər tərəfdən də çox təəssüf ki, tibbi kadrlarımızın səviyyəsi arzuolunan deyil. Eyni zamanda ölkəmizdə tibbi maarifləndirilməyə ehtiyac var. İnsanlara nə qədər desək ki, həkimə tez-tez gedin, mümkün olmur, çünki bu, insanların maddi imkanları xaricindədir. Ona görə də bu məsələdə bir neçə faktlar var və onları ayrı-ayrı həll etməliyik”.


Həkim Vaqif Qarayev mövzuya bu cür şərh bildirdi: “Sınıqçılıq adətən təbabətin inkişaf etmədiyi vaxtlarda əyalətlərdə, kəndlərdə populyar idi. Xüsusi əl qabiliyyətinə malik olan insanlar var idi, hansı ki, onlar əlləri ilə toxunanda bilirdilər ki, harada sınıq var. Və yumurtadan gipsə bənzər ”yaxı" düzəldilirdi. Bununla sağalanlar da olurdu, bunu danmaq olmaz. Lakin indiki vaxtda, yəni müasir avadanlıqların olduğu bir zamanda sınıqçıya müraciət edilməsi, üstəlik, nəticədə fəsadların yaranması və həkimə müraciət edilməsi ki, xəstə əlil olub, bunun özü əlillikdir. Sümüklər sına bilər, amma sınmış uclar yerini dəyişməyə bilməz. Onu ancaq həkim dartıb, çəkib sınmış sümükləri uc-uca qoya bilər. Mütləqdir ki, sümüklər düz bitişsin, əyrilik, deformasiya olmasın. Ola bilsin ki, sınıqçıların xüsusi vərdişi olsun, sınmış sümüyü bərkidə bilsin, lakin qoyduğu “gipsin” ucbatından monitorda görmək olmur ki, sümük düzgün yerinə oturub, ya yox. Nə qədər xüsusi vərdiş olsa da, rentgenin göstərdiyini heç bir əl, barmaq onu hiss edə, duya bilməz. Yəni ilin-günün bu vaxtında uşağın sınıqçıya aparılması cahillikdən başqa heç nə deyil. Uşağın əlil olmaması üçün xəstəni həkimə aparmaq lazımdır".


Həkim qeyd etdi ki, fəsadlı halların baş verməməsi üçün müvafiq qurumlar ciddi tədbirlər görməlidir: “Eşitdiyimə görə, bir kənddə məşhur bir sınıqçı var. Onun çox bahalı villası var və bütün sutka ərzində qapısında maşınlar növbəyə düzülür. Düşünürəm ki, ilk növbədə dövlət bu işə qarışmalıdır. Təhsili, tibbi müdaxilə ilə işləməyə izni olmayan şəxslərin bu cür çalışması cinayətdir. Yəni bunları ləğv etməlidir”.

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017