Azərbaycanlı rəssam: “... kaş belə etməyəydim” - MÜSAHİBƏ

Ailem.az-ın müsahibi Azərbaycanın sürrealist, kino və geyim rəssamı, əməkdar rəssam Mehriban Əfəndidir.

 

- Mehriban xanım, rəssamların seçilmiş insanlar olduğu hər kəsə bəllidir. Onlar qeyri-adilikləri ilə həmişə digər insanlardan fərqlənirlər. Yaratdıqları elə rəsmlər var ki, sirlərini əsrlərdir bütün dünya araşdırsa da, aça bilmir. Sizcə, insan bu sirrə vaqif ola bilərmi? 

 

- Bütün dünyada nə qədər yaradıcı insan varsa, hamısına Allahdan vergi payı verilib. Amma rəssamlar Allaha yaxınlıqları ilə daha çox fərqlənirlər. Maddi aləmdən tamamilə ayrılırsan. Sən yuxularında, real aləmdə izahedilməz daxili iztirablar çəkirsən. Ekzoterik sahənin adamları deyir ki, bəzi insanların beynində kanal deyilən bir şey var və o, müəyyən anlarda açılaraq yer kürəsindən kənardan, yəni kosmosdan alınan informasiyaları qəbul edir. Rəssamlar həmin informasiyaları hiss eləyib kağıza, kətana köçürür. Rəsm çəkəndə həmişə hiss edirsən ki, üstündə Allahın əli var. Onun deyimi olmadan tam əqli şüurla rəsmləri yarada bilmərik.

 

- Yəni deyirsiniz ki, siz də kosmosdan informasiya alırsınız?

   

- Bəli, demək olar ki, belədir. Bu hallar məndə lap kiçik yaşlarımdan olub. Məndə olan qeyri-adi hisslər təhtəlşüurumdan gəlirdi. Bunların mənə kosmosdan gəlməsi dəqiqdir. Çünki mənim o zaman 5-6 yaşım var idi. Bu barədə heç bir yerdə oxumamışdım, yaxud kimsə mənə öyrətməmişdi ki, kosmik ata-ana var, biz hansısa böyük bir qüvvənin övladlarıyıq. Bunların hamısını dəqiq informasiya kimi alırdım. Həmin vaxt məndə o qədər xoş təəssürat yaranırdı ki, uşaq oyunlarımdan ayrılıb o hissləri almaq üçün meditasiya deyilən təbii hissə düşürdüm. Əslində bunun bir meditasiya forması olduğunu bilmirdim. Böyüyəndə onların təsdiqini Eynşteynin yazdıqlarında, Kvant fizikasında tapdım. Məsələn, indi yoqa sistemi açılıb. O vaxt mən bu haqda heç nə bilmirdim. Amma çəkdiyim şəkilləri görənlər bunu dərhal bilmişdilər. Beynəlxalq bir qurumun üzvü çəkdiyim rəsmləri görərək məni axtarıb tapmışdı.

 

- O qurum Azərbaycanda fəaliyyət göstərirdi?

 

- Xeyr. Həmin qrupa Moskvadan, Gürcüstandan başqa yerlərdən gəlirdilər. O zaman bunu gizli saxlayırdılar. Adını çəkmək istəmirəm, həmin qrupun başçısı revitasiya - uçmaq dərəcəsinə qalxmaq qabiliyyəti olan bir şəxs idi. O, balaca qızını elə meditasiya edirdi ki, ondan ətrafa qızıl gül ətri saçılırdı. Məni də haradasa 20 il əvvəl o qrupa dəvət etmişdilər. Çəkdiyim ilk işləri üzvlərdən biri aparıb rəhbərlərinə göstərmişdi. Onlar baxıb şok olmuşdu ki, bu yaşda uşaq bunları haradan bilir? Çünki o simvolları çəkə bilmək üçün uzun illər lazımdır.

 

- Meditasiya formanız necə idi?

 

- Mən onu xüsusi etmirdim. İndi müasir dövrdə hamı bilir ki, meditasiya nədir. Adi yolda gedə-gedə də meditasiya edə bilərsən. Oturanda, ya başqa vəziyyətdə, göydən çox gözəl hisslər kimi mənə bəzi informasiyalar gəlirdi. Sonra isə məndə həmin hisslər keçdi rəsmlərə və yuxulara. Hətta o zaman mən ruhun formasını da görürdüm. Eyni zamanda bütün molekulları. Onların hamısını əsərlərimə köçürməyə başladım. Bunlar məndən asılı deyildi. Yəni bilə-bilə etmirdim. İndi dəbə düşüb pozitiv enerji filan haqqında danışırlar. Bunlar mənim uşaqlıqda danışdığım fikirlər idi.

 

- Ümumiyyətlə, pozitiv, yaxud neqativ enerjinin insan həyatında rolu böyükdür?  

 

- Bu düşüncənin təlimatçıları deyir ki, insan öz fikrini nə qədər pozitiv formada ətrafına göndərsə, gözəl bir energetik fon yaradır. Yəni aura təmizlənir. Sizə qarşı kimlərinsə mənfi hissləri varsa, onları insan dağıdır. Bu, yalnız insanın özünün daxili qüvvəsidir və şüuraltının sayəsində baş verir.

 

- Onda belə çıxır ki, öncəgörənlər, əllə müalicə edənlər bu harmoniyadan istifadə edirlər? Belə insanlara inanmaq olarmı?

 

- Bəlkə də inanmaq olar. Bir də görürsən, elə öz gördüyümüz yuxular çin çıxır. Bunlar sirlərdir, heç kəs bunu dəqiq bilməz. Belə bir anlayış var - dünyada bir kosmik fon, yəni bir mənbə var, oradan insanları idarə edirlər. Hətta böyük dində də bu barədə yazılıb. O cümlədən Məhəmməd peyğəmbərə də əvvəl vəhylər gəlməyə başladı. Belə misallar çoxdur. Ola bilər ki, hərəmizdə bununla bağlı bir zərrəcik var. Kimdəsə daha çoxdur, kimdəsə az. Əgər möcüzələrlə üzləşiriksə, mən necə dana bilərəm ki, belə insanlar yoxdur. İnsanlar var ki, öncəni görə bilər. İnsan nə qədər saf olsa, onun ruhu Allaha daha yaxın olur və o, informasiyalar ala bilir.

 

- Bir çox hallarda qeyri-adi bacarığı olduğunu iddia edən insanların əslində fırıldaqçı olduğu ortaya çıxır...

 

- Bu barədə mən də adını çəkdiyim təşkilatın rəhbərinə sual verirdim. Danışırdı ki, onun yanına çox insanlar gəlir. Birində məsələn, ekstrasensliklə bağlı çakralar açılır. Və o, bundan pul qazanmağa başlayır. O izah etdi ki, bu halda həmin insanın bacarıqları qapanır. Çünki bu bacarıqları maddiyyata çəkir, onda artıq ruhani aləm bağlanır. Yəni Allaha yaxın olmaq üçün həddindən artıq tərkidünyalığı bacarmalısan.

 

- Maddiyyat demişkən, bəs sizin maddi vəziyyətiniz necədir?

 

- Əlbəttə, maddi baxımdan deyə bilmərəm ki, aşıb-daşan sərvət qazanıram. Yaxud maddi sıxıntı çəkirəm. Xeyr. Zəhmətkeş biri kimi özümü təmin edirəm. Filmlərə dəvət alıram, seriallar olur, əsərlər sifariş alıram.

 

- Gördüyünüz bütün işlərin nəticəsindən razısınız?

 

- Bəzən gördüyün işlərin nəticəsindən narazı qalırsan. Düşünürsən ki, kaş belə etməyəydim. Amma zaman keçdikdən sonra məlum olur ki, belə etmək daha doğru imiş. Yəni peşmançılıq həyatda da olur. Şəxsi münasibətlərdə də. Rəssamlıqda belə bir qanun var ki, hərdən öz işini atıb getməlisən. Bunu həyatda da etmək lazımdır. Çünki insan atdığı addımlara kənardan baxmalıdır.

 

- Sizin üçün xoşbəxtliyin mənası nədir?

 

- Bir dəfə qeyri-adi adamlardan biri mənə baxanda demişdi ki, sən o insansan ki, yaradıcılıq üçün doğulmusan. Həddindən artıq yaradıcılığa bağlıyam. Adı yadımda deyil, Amerikalı bir psixoloqun fikirləri idi ki, illər öncə bizə, xüsusilə qızlara aşılanır ki, siz şahzadəsiz. Böyüyəcəksiz və nə vaxtsa ağ atlı oğlan gəlib sizi xoşbəxt edəcək. Bu nağıllarla hamıya informasiya təlqin edirlər. Belə bir fikir yaradılır ki, mütləq hansısa şahzadə olsa, sən yalnız onda xoşbəxt olacaqsan. Bunun üçün də mütləq ərə getməlisən. Mən bunun tərəfdarı deyiləm ki, insan yalnız ərə getsə xoşbəxt olacaq. Yəni insan həqiqətən kimə görəsə xoşbəxt ola bilməz. İnsan nədəsə xoşbəxtlik tapa bilir. Kimisi ailədə, kimisi sənətdə...

 

- Ana olmayan qadınların əksəriyyəti özünü bədbəxt hesab edir. Necə düşünürsünüz, sizcə, hər qadın mütləq ana olmalıdırmı?

 

- Xeyr, hər qadın ana olmamalıdır. Bu, vacib deyil. Ana olmaq çox məsuliyyətli işdir. Bir də görürsən hansısa qadın doğub körpəsini küçəyə atır. Bu, dəhşətdir. Analığın nə olduğunu dərk etmirsənsə, ümumiyyətlə, ana olma. Dünyada nə qədər gözəl şəxsiyyətlər var ki, öz vətənlərinə işləri ilə töhfələr veriblər. Amma heç onların övladı yoxdur.

 

 

- Mehriban xanım, hazırda dünyada eynicinsli münasibətlər getdikcə artır. Bu hallara münasibətiniz necədir?

 

- Bəli, belə hallar sənət adamları arasında da olur, amma mən heç kimin işinə qarışa bilmərəm. Bir məsələyə inanıram ki, oğlanı qız, yaxud qızı oğlan mühitində böyüdürlər, nəticədə belə halların yaranmasına səbəb olurlar. Uşaqlıqda nə təlqin edirlərsə, elə də olur. Uşaq elə böyüyür, bir az da düzgün olmayan yollara yönəlir. Bu, psixoloji bir məsələdir. Çox istərdim ki, qadınlarımız psixoloqa daha çox getsinlər. Bizdə məsələn çöpçüyə daha çox gedirlər, nəinki psixoloqa. Əgər onlar zamanında bu cür məsələlərlə əlaqədar psixoloq məsləhəti alsalar, gələcəkdə heç bir problem yaranmaz.

 

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017