Birlik sədri: “Qadınlar öz ərləri tərəfindən cinsi zorakılığa məruz qalır”

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə bu ilin ilk 6 ayı ərzində 220 müraciət daxil olub. Bunu Ailem.az-a açıqlamasında “Təmiz dünya” İB-nin sədri Mehriban Zeynalova deyib. O bildirib ki, Bakı üzrə müraciətlərin sayına görə Binəqədi rayonu üstünlük təşkil edir: “Bu rayondan ilk 6 ay ərzində müraciətlərin sayı 21 olub. Bunu isə bir sıra faktorlarla izah etmək olar. Belə ki, adıçəkilən rayonda əhali sayının digər rayonlara nisbətən daha çox olması, sığınacağın bu rayon ərazisində yerləşməsi, polis- QHT əməkdaşlığının yüksək səviyyəsi, eləcə də maarifləndirmə nəticəsində problemə yanaşmadakı fərqlilik bu rayondan müraciətlərin sayının artmasını şərtləndirir.

Məcburi köçkün rayonlarından müraciətlərin sayının azlığı da xüsusi qeyd edilməlidir. Bu isə həmin rayonların qadın sakinlərinin nisbətən daha az problemlərlə qarşılaşdığı düşüncəsi yaratmaqla yanaşı, onların məlumatlılıq səviyyəsinin azlığı, stereotiplərə bağlılıq kimi səbəblərlə də izah oluna bilər. Bölgələr arasında müraciət sayına görə ilk üçlükdə Xaçmaz, Gəncə, Lənkəran dayanır”.

 

Təşkilata xarici ölkə vətəndaşlarından da müraciət daxil olduğunu deyən M.Zeynalova deyib ki, 6 ayda bu müraciətlərin sayı 5 olub: “Müraciətlər daha çox hüquqi yardım, sənədlərdə yaranan problemlər, ailədaxili zorakılıqla bağlıdır. Bizə müraciət edənlər arasında ən diqqətçəkən məqam qeyri-rəsmi nikahların sayının çox olmasıdır - 52 nəfər. Bu isə son illər ölkədə daha çox müşahidə edilən və narahatlıq yaradan nikahdankənar uşaqlar məsələsini də aktuallaşdırır. Bu qəbildən olan müraciətçilər əsasən ailədəxili zorakılığa məruz qaldıqlarını bildirirlər ki, qeyri-rəsmi nikah statusu ailələrin bu vəziyyətlə üzləşən qızlarının problemlərinə müəyyən qədər biganə yanaşmasına təkan verir. Müraciət edənlərin 14 nəfəri erkən nikahda olub ki, bu da ölkədə bu problemin hələ qaldığına işarədir”.

 

Birliyin sədri ölkədə uzun illərdən bəri ənənə halını alan 2 uşaqlı ailələrin daha çox olduğunu vurğulayıb: “Bununla belə 5 və hətta 6 uşaqlı ailələrə də rast gəlinir. Bu ailələrdən də qadınların müraciəti əsasən sosial problemlər, həyat yoldaşının ailəni saxlamaması, zorakılıq və hətta övladların öz valideyninə qarşı təzyiqləri ilə bağlı olur. Belə nümunələrdən birində çoxuşaqlı ana heç bir övladının ona sahib çıxmadığını və küçədə gecələməyə məcbur qaldığını bildirib.

 

Müraciətlərin böyük əksəriyyəti, yəni 139 nəfər qarşılaşdıqları problemlərlə bağlı həm hüququ, həm psixoloji, həm də tibbi yardım almaqla bağlı olub. Məhkəmələrdə təmsilçilik, sənədlərin düzəldilməsi, əmlak bölgüsü kimi məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib. Sosial problemlərin həlli üçün müraciətlər də qeydə alınıb ki, təşkilat həmin şəxsləri əlaqədar qurumlara istiqamətləndirib. Diqqətçəkən məqamlardan biri də müraciət edənlər arasında psixoloji yardım almaq arzusunu bəyan edənlərin çoxluğudur. Bir neçə il əvvəllə müqayisədə psixoloqa müraciətlə bağlı stereotiplərin aradan tədricən qalxması problemlərin həlli imkanlarını artırır. Zorakılığa məruz qalanlar arasında evdən qaçma hallarının da artmaqda olduğunu söyləmək mümkündür. Xüsusilə yeniyetmə qızlar arasında ailədə gördüyü qeyri-insani davranış səbəbilə evdən qaçdığını bildirənlər var”.

 

M.Zeynalova qeyd edir ki, müraciətçilərlə aparılan söhbətlər və onlar tərəfindən təqdim edilən məlumatların araşdırılması göstərir ki, ailədaxili zorakılıq hələ də təşkilata müraciətlərin əsas səbəbi olaraq qalır: “Həyat yoldaşı, qeyri-rəsmi nikahda yaşadığı şəxs, yaxud valideynləri tərəfindən zorakılıq gördüyünü bildirən qadınlarla aparılan söhbətlər motivin bir çox halda eyni olduğunu ortaya qoyur. Ailənin maddi təminatının olmaması, qadınların ikinci və yanlış seçimi bu sırada ilklərdəndir. Bölmənin ən diqqətçəkən məlumatlarından biri də təcavüzlə bağlı müraciətlərin olmasıdır ki, bu sahə Azərbaycan qadını üçün xeyli qapalı və tabu hesab edildiyindən mövzu barəsində danışmaq nadir görünür. İndiki halda 6 ayda azı 3 nəfərin ailədə cinsi zorakılığa məruz qaldığını bildirməsi (rəsmi və qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən) mövzunun qadağalar siyahısından tədricən çıxmağa meylli olduğunu göstərir. Müzakirələr göstərir ki, zorakılığa məruz qalan digər qadınlar arasında da cinsi zorakılıq qurbanları var, lakin onlar bu barədə danışmağı məqbul hesab etmirlər. O cümlədən boşanmaların səbəbləri arasında cinsi uyumsuzluq olduğu halda, hər iki tərəf bunu daha çox “xasiyyətlərin uyğun gəlməməsi” kimi qeyd edir”.

 

 

O bildirir ki, rəsmi və qeyri-rəsmi nikahda yaşayan ailələrdə boşanma və ya ayrılma zamanı ata tərəfindən alimentin ödənilməməsi də problem olaraq qalır. Bu istiqamətdəki müraciətlərdə nikahını davam etdirdiyi və boşanmaq niyyətinin olmadığı həyat yoldaşından övladlarına baxmadığına görə rəsmən aliment tələbi də qeydə alınıb. Bu isə qadınların öz hüquqları və mövcud qanunvericiliklə bağlı məlumatlılıq səviyyəsinin əvvəlki illərə nisbətən artdığını göstərir.

 

LENT

22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017