Elmin və dinin çözə bilmədiyi möcüzə - insan niyə yuxu görür?

Bir çox dahi alimlərin, mütəxəssislərin kəşfləri yuxuda baş verib; biri röyasında musiqi bəstələyib, biri təyyarənin quyruq hissəsindəki detalı tapıb, bir başqası film ssenarisi yazıb


Cavabsız suallar, düyünlü müşküllər... Yadda saxlayın, bəzən insan gücsüz, çarəsiz qalan vaxt bu cür maneələrin qarşısında işə yuxu aləmi qatışır. Əksər lal sualların cavabı çox zaman bu dünyadan yox... əks istiqamətdən-yəni yuxu-röya aləmindən gəlir bizim üçün.


Tarixi təcrübədə bu cür misalların sayı bir deyil, iki deyil. Minlərlədir. Gəlin bu möcüzələrin bəziləri ilə indi sizi yaxından tanış edim.


***


POL MAKKARTNİNİN MÖCÜZƏSİ: Məşhur “Bitlz” vokal musiqi qrupunun üzvü Pol Makkartni israr edir ki, adıəzbər “Yesterday” mahnısını o şəxsən özü deyil... yuxu aləmi bəstələyib. Deyir: “Yatmışdım möhkəm. Ayıldığım zaman beynim öz-özünə, səbəbsiz, izahsız başladı bu təranəni durmadan, dayanmadan təkrarlamağa. Çaşdım əvvəlcə. Bu gözəllikdə mahnını, həmin günədək heç yerdə eşitməmişdim axı. Heyrətimdən donub qaldım. Bir an yerimdən tərpənməyə belə cürətim çatmadı. Elə bilirdim yuxu aləmindən ayrılıb reallığa qovuşunca bu misilsiz təranə, beynimdən, yaddaşımdan birdəfəlik silinəcək. Yatağımdan qorxa-qorxa qalxaraq divar dibindəki pianoma sarı dartındım. Pianom bu təranəni öz-özünə, sanki barmaqlarımın iştirakı olmadan ifa etdi əvvəlcə. Çox-çox sonra barmaqlarıma icazə verdi bu təranəni təkrarlamağa”.


ƏVVƏLCƏ YUXU OLUB: Məşhur kinorejissor, Hollivud ulduzu Ceyms Kameron əksər filmlərinin süjetini yuxularından götürüb özüyçün. “Terminator” filmini də o, əvvəlcə öz yuxusunda görüb, sonuncu “Avatar” blokblasterini də. Yuxularına bir o qədər fikir verməyib əvvəlcə. Ancaq görəndə ki, yox ey... bu yuxular vaxtaşırı nədənsə təkrarlanır, Kameron öz şəhadət barmağını dişləyib. Qərara gəlib bu yuxularını sənət dilinə tərcümə etsin.

 

“ANTEY” TƏYYARƏSİNİN SİRRİ: Tanınmış sovet ixtiraçısı, aviomühəndis Oleq Antonov öz məşhur yükdaşıyıcı təyyarə modellərini məhz yuxuda müşahidə edib əvvəlcə: “Bu cür təyyarələrin ən incə, həssas nöqtəsi quyruq nahiyəsində mövcud olur adətən. Masa arxasında yuxuya getdiyim günlərin sayı artsa da, bu düyünü çözə bilmirdim. İşartı yuxudan gəldi mənim üçün. Qəfil masa arxasından dik yuxarı atıldım. Qələmi barmaqlarım arasında sıxaraq sxem üzərinə əyildim. Qələm sanki mənim yox, başqasının əlində idi, vallah. Bir də gördüm təyyarənin quyruğu tam hazırdı. Gözlərimə inanmadım ilk saniyələrdə. Elə bildim hələ də yuxudayam. Ayılmamışam. Sonra gördüm pəncərədən əsən yel, saçlarımı tumarlayır. Bildim, bu, yuxu deyil, real hadisədir”.


***


Beləliklə, qorxmadan bax bu çılğın, mübahisəli fikri təsdiq edə bilərik axır ki - “Yuxu bir çox böyük ixtiraların, əsərlərin həmmüəllifi sayıla bilər”.


Misal üçün, ölməz “İlahi komediya”nın yazarı Dante Aliqeri yuxuda görmədiklərinə həyatda da heç etibar etməzmiş. O, bütün əsərlərini əvvəlcə yuxuda eşidib. Sonra cürətlənərək bu pərakəndə mətnlərdən öz bədii əsərlərini yaradıb. Dantenin vəfatından sonra bu istedadı yiyəsiz qalmır. Keçir rəhmətliyin doğmaca oğluna. Bir gün xəbər gələndə ki, bəs atanızın əlyazmaları, o cümlədən “İlahi komediya”nın yeganə nüsxəsi itib, o, bərk əsəbiləşir. Yuxuya daldıqda möcüzə başlayır. Qeybdən səs gəlir bəs atanızın əlyazmaları hardadı, hansı dəqiq nöqtədədi.

Dantenin övladı hövlnak yuxudan ayılaraq yüyürür yeyin-yeyin həmin ünvana. Döşəmənin taxtalarını bir-bir aralayır. Görür aha... yuxusu düpbədüz göstərib həmin ünvanı. Taxtaların altında atası bütün arxivini gizləyib.


***


YUSİFİN DAVAMÇILARI: Tikiş makinalarının ixtiraçısı Elias Houv da öz yuxularından maddi xeyir görüb. O, uzun müddət anlaya bilmirdi tikiş sapını necə iynəyə bənd etsin. Aylar, illər beləcə boşuna keçir. Alim-ixtiraçı axır bezir. Görür göz qapaqları ağırlaşır tədricən. Başı da ağırlaşıb masaya dəyən vaxt alim qəfil diksinib yuxudan ayılır. Cəld cumur öz dəftərlərinə sarı. İynənin dəqiq quruluşunu, ölçülərini kağız üzərində həkk edir.


Məşhur kimyaçı Mendeleyev öz təkrarsız kimya cədvəlini yuxuda görüb, biləsiz. Yəni bu ixtiranın da bilinmir müəllifi kimdi - Mendeleyev, yoxsa yuxu-röya aləmi?


Oxşar sərgüzəştlər Nils Bor kimi dünya çapında tanınmış alimləri də təqib edib bir ara. Alim atom hissəciklərinin dəqiq quruluşunu yuxuda görərək, tələsik yuxudan ayılıb. Səhərin alatoranlığında öz ilk qeydlərini dəftərçəsinə qeyd edib. Sonra oxşar təcrübəni kimyaçı alim Kekule uğurla təkrarlayıb bir daha. Benzol maddəsinin molekul quruluşunu yuxusunda aşkarlayıb.

 

***

YULİY SEZAR DİKBAŞLIĞI: Yuxunun bu möcüzələri qədim insanlara lap çoxdanlardan bəlli idi. Misal üçün, Tövrat kitabındakı 43 epizodda yuxunun çin çıxması nümunəsi var. Siyahıda ilk möcüzə Yusif peyğəmbərin adı ilə qoşadır. Fironun iki qəliz yuxusuna dəqiq yozum verən Yusif peyğəmbər öz kəfənini yırtır, necə deyərlər, bununla. Bütün uğursuzluqlarını geridə buraxaraq xoşbəxt həyatına başlayır.


Amma Misir fironundan fərqli olaraq Roma qeysəri Yuliy Sezarın yuxulara inamsızlığı ona çox baha başa gəlir sonra. Arvadı Kalpurniya bir gün Sezara deyir, bəs Roma Senatına getmə. Orda səni qətlə yetirəcəklər. Sezar əlləri ilə kobudcasına arvadını yolundan kənara itələyir. Arvad yıxılıb qalır bir qıraqda...


Hadisələrin sonrakı axarı Kalpurniyanın yuxusunu, əfsus, çin çıxarır. Kalpurniya arvad kimi ölüb, öncəgörən kimi dirilir o vaxtdan bəri. Romada çoxları başlayır bu qadının öncəgörmələrinə müraciət etməyə.


***

YUXUNUN QƏNİMİ: İlk antibiotiklərdən birinin, yəni pensilinin kimyəvi formulunu da Aleksandr Flemminq, məşhur dərman ixtiraçısı, məhz yuxuda görüb deyilənlərə görə. İnsulinin kimyəvi tərkibini də Frederik Bantinq adlı daniyalı farmasept alim yuxuda aşkarlayıb bizim üçün.


Ancaq yuxunun qənimi, cəlladı Edisondu sözün əsl mənasında. O, elektrik lampasını ixtira edənə qədər insan yuxusu 10 saata qədər sürürmüş sən demə. Elektrik lampası icad edildikdən sonra yuxunun ömrü 3 saat qısalıb.


***


PİR YUXUSU - "ENKİMESİS": Qədim Yunanıstan coğrafiyasında bizim pir-ziyarətgahların təcrübəsini tam təkrarlayan “asklepiyon” adlı şəfa ocaqları zənciri mövcudmuş. Asklepiyon komplekslərinin “fimela” deyilən hissəsində şəfaverici qızıl ilanlar vardı. Bu ilanların zəif zəhəri  deyilənlərə görə, xəstələrə müsbət təsir edirmiş. Kompleksin “abaton” hissəsində isə bir növ müqəddəs yataqxana qərar tutmuşdu. Xəstələr adətən burda qurban kəsər, sonra həmin bax, bu dəriyə bürünərək dərin yuxuya gedərmişlər. Yuxuda bu xəstələr həkim Asklepiy (bizim əfsanəvi Loğmanın oxşarı, analoqu) ilə görüşərək öz dərdlərinə, ağrılarına dəqiq çarə taparmışlar. Yunanlıların “enkimesis” dediyi o cür şəfaverici yuxular indi dünyanın bircə coğrafi nöqtəsində - Azərbaycanda davam etdirilir. Bizim pirlər şəbəkəsi ilə yunanlıların “asklepiyon” sanatoriya sistemi təxminən eynidir. Bu qədim təcrübədə əsas vurğu yuxu üzərinə düşür adətən. Belə sirli ocaqların yuxusu şəfaverici olur nədənsə.


O cür müalicə üsullarını, “asklepiyon” ənənələrini, reseptlərini yalnız bizim indi pirlər davam etdirir dünyada.

Belə pirlərin birinə - Şəkinin “Babaratma” ocağına yadımdadı biz gəlib qurban kəsdik özümüz üçün. Sonra bu heyvanın dərisi üzərində uzanıb yuxuya getdik. Mənə dedilər, bəs bu ünvanda skleroz, yaddaşsızlıq xəstəliyi müalicə olunur guya. Bir gözləməyi məsləhət gördülər. Tezliklə unutduğun çox vacib bir hadisə yuxuda təzədən sənə qayıdacaq.


Deyilənlər çin çıxdı, vallah. Tam unutduğum anamın kəlağayısı bir gün qəfil paslı yaddaşımı silkələdi. Gözlərim qarşısında dirilib canlandı.


Yaxşı pul verən olsa, mən, bu Asklepiyon sistemi ilə bizim pirləri tutuşdurar, nəticələrini ayrıca kitabda qələmə alardım. Yuxu aləminin, pir yuxularının, “enkimesis” röyalarının sirri məncə həmin dəqiq ünvanlarda - bizim pirlər zəncirindədir.


MÜASİR YUXULAR: Yaxınlarda rus jurnalistləri ölkədəki ən yayğın, adi yuxuların reytinq cədvəlini hazırlayıb çap ediblər. Yuxuların dəqiq statistikasını son nöqtəsinə, vergülünə qədər göstəriblər. Ruslar indi yuxuda yalnız bircə nəfəri görürlər - Vladimir Putini.


Qadın röyalarında, bəli, əvvəlcə araya mütləq Putin girir. Bu yuxuların digər qəhrəmanları - “hamiləlik, balıq, oğlan, uşaq” isə artıq ikinci dərəcəlidir. Kişi yuxularında “ilanlar, balıqlar, qadın, diş” daha çox rastlanır. Axırda mütləq səhnədə yenə də Putin peyda olur. Özü də görün kimlərin - çeçenlərin, Ramzan Kadırovun müşayiəti ilə!


“İzlənmək, ölmək” süjeti də son zamanlar ruslara bərk qır-saqqız olub. Ural sakinləri yuxuda meteriotlara çox rast gəlirlər. Mərkəzi qaratorpaq vilayətlərində - Oryol, Kursk, Lipeskdə isə camaat dini məzmunlu yuxularla nəfəs alır.


Azərbaycanda oxşar statistikanı saymağa kimsə özündə cürət tapmayıb hələ.


Nahaq. Statistika keçirilsə, yuxuların reytinq cədvəli açıqlansa, nolar ki?


Eyiblərimiz üzə çıxar, hə?


Bilmirəm. Ancaq hiss edirəm bu reytinq cədvəlinə indi dərin tələbat yaranıb.

 

Həmid Herisçi (musavat.com)

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017