Azərbaycanlı müğənni: “Məni ağ kəfənə bürüyüb, quyu qazdılar...” – ŞOK FAKTLAR

“Həyat qəribədir və gözlənilməz sürprizlərlə doludur” ifadəsini zaman-zaman hər birimiz işlədirik. Çox dahilər, alimlər, dünyaya meydan oxuyan sərkərdələr, siyasilər bu həyatın sirrini öyrənməyə çalışsa da, buna nail olmayıb. Təəssüf ki, bu dünyanın, kainatın və hələ heç kimin aşina olmadığı o biri dünyanın möcüzəvi sirrindən agah olmaq hələ ki, insan övladına nəsib olmayıb...

Vaxtaşırı mətbuatda öldükdən sonra dirilən, günlərlə yatan adamlar haqqında məlumatlar yer alır. Onlar həmin dönəmlərində hafizələrində qalanlar barədə danışırlar.

İllər öncə kliniki ölüm keçirən və 40 gün latergeya yuxusu yatan Roza Zərgərli də yaşadıqları ilə bağlı Ailem.az-a inanılmaz faktlar danışıb.

 

Deyir ki, o vaxt cəmi 3 yaşı varmış. Rusiyanın Tümen şəhərində yaşayırdılar: “1981-ci ilin dekabr ayı idi. Yadımdadır ki, təxminən Yeni il ərəfəsi idi, çünki televiziyada konsertlər verilirdi, oxuyan müğənnilərin başına rəngli zərlər, əldə düzəlmə ağ qar dənələri tökülürdü. Atamla anam divanda əyləşib konsertə baxırdılar. Mən mətbəxə keçdim və masanın üstündə atılmaq üçün qoyulmuş konservdəki yeməyi yedim və gəlib valideynlərimin yanında əyləşdim. Sonrasından isə xəbərim olmayıb”. 

 

Zəhərlənmə o qədər güclü olur ki, həkimlərin müdaxiləsinə baxmayaraq, uşağı 9 saatlıq komadan ayıltmaq mümkün olmur və artıq “öldü” deyib morqa yerləşdirirlər. Atası qərara gəlir ki, qızı doğulduğu yerdə - Şəmkirin Zəyəm kəndində dəfn etsin. Və vəziyyəti bildirib icazə almaq üçün iş yerinə gedir. Ancaq işə elə təzəcə çatıbmış ki, onu yenidən xəstəxanaya geri çağırırlar: “Yadımdadır ki, boğulurdum. Təpədən-dırnağa kimi buz kimi idim. Bir əlimlə örtüyü üstümdən götürmək istəsəm də, qolumda güc yox idi. Məni soyuq dəmir çarpayıya uzatmışdılar. Ətrafıma boylandım. Zəif işıqlı boz otaqdaydım. Otaqda məndən başqa dəmir təkərli arabalara uzadılmış və üstü örtülmüş bir neçə uşaq cəsədi var idi. Onların uzadıldığı arabaları görəndə başa düşdüm ki, məni də belə arabaya uzadıblar. Onda təbii ki, harada olduğumu anlamırdım. Üstündən uzun illər keçdikdən sonra bildim ki, ora ölüxana imiş, mən də o ölülərdən biri. Sağ tərəfə baxanda küncdə qoyulmuş dəmir dolabın qabağında arxası mənə dayanmış ağ xalatlı kök bir qadın gördüm. Onu nə qədər çağırmağa çalışsam da, səsim çıxmırdı. Mənə elə gəldi ki, lalam. Əl-qol atmağa başladım, yenə də alınmadı. Birdən qadın astaca sol çiyni üstündən geriyə döndü və məni dəmir arabada əl-qol atan gördü. Əlindəki dəmir məcməyini atıb, təlaşla qışqırıb yerə yıxıldı: “Oy mama, mamoçka...”. Qorxudan ağlamağa başladım. Yerə düşən məcməyi səsinə bir neçə nəfər gəldi. Onlar məni görən kimi “oy, oy” eləyib divara qısılırdılar. Onların arasından qıyıqgöz bir oğlan mənə tərəf gəldi. Böyük sevinclə qollarını açıb məni möhkəm qucaqladı. İlk dəfə Allah sözünü də həmin qıyıqgöz oğlanın dilindən eşitdim”.

 

Atanı xəstəxanaya geri çağıranda düşünür ki, yəqin hansısa sənədlərə qol çəkmək lazımdır. Amma həkim ona yaxınlaşıb deyir: “Bilirsiniz, həyatda belə şeylər olur. Bəzən gözləmədiyimiz halda həyat qarşımıza acı, ya da şirin sürprizlərlə çıxa bilir”. Ata isə hələ nə olduğunu anlamadan həkimin təsəlli dolu sözlərinin qarşısında özünün hərbçi xarakterinin diktəsilə deyir: “Mən hərbçiyəm, gördüyüm ağır hadisələr, ölümlər mənə dözümlü olmağı öyrədib. Roza mənim ilk övladımdı. Onun ölümü nə qədər ağır olsa da, buna dözəcəm”. Həkim “sizin qızınız sağdır”, - deyəndə ata qeyri-ixtiyari diz çöküb Allahın möcüzəsi yaratmasına şükür edir: “Atam yanıma gələndə gözlərimi yorğunluqdan güclə açıb kirpiklərimi qırpa-qırpa ona baxdım. Çarpayıma yaxınlaşıb yanımda oturan kimi, onun əlini tutdum. Həmin anda atamın əlindəki hərarəti hələ də hiss edirəm.

Atam evə gəlir və dayanmadan ağlayan anamı bağrına basır, mənim yaşadığımı deyir. Bunu eşidəndən sonra anam bir ay danışa bilmədi”.

 

Səkkizinci sinifdə oxuyanda isə Roza Zərgərlinin başına daha bir qeyri-adi hadisə gəlir.

O, latergeya yuxusuna gedərək 40 gün oyanmır. Bu hadisə isə Şəmkirin Zəyəm kəndində baş verib: “Novruz bayramı ərəfəsi idi. Birdən eşitdik ki, qonşuluqda mənim də çox sevdiyim Cavad əmi rəhmətə gedib. O zaman mən də hamı kimi onlara getmək istəyirdim. Amma böyüklər qoymadılar ki, bura sənin yerin deyil. Həmin gecə yatdım və bir də ancaq qırx gündən sonra oyandım. Bu qırx gün ərzində Bakıdan, İrandan, Türkiyədən həkimlər gətirsələr də, heç kim məni yuxudan oyada bilməyib. Sistem vasitəsilə qidalanmışam”.

 

R.Zərgərli həmin 40 gün ərzində gördüklərinin sanki yuxu yox, tam anlamı ilə gerçək bir dünya olduğunu vurğulayır: “Uzun qara bir dəhliz vardı. Onun sonluğunda isə boğula-boğula getdiyim qaranlıq bir tunelin sonunda çox kiçik bir işıq görünürdü və mən həmin işığa doğru gedirdim. İşığın qarşısında maneə var idi. Həmin maneədə iki tərəfə yol ayrılırdı. Ayrılan bu yollar cənnət və cəhənnəmə aparan yollar idi. Sonra bir arx gördüm. Arxın qırağında bir kişi dayanmışdı. Ağ libasda saqqallı və çox nurlu bir kişi idi. Hər əlində bir kasa tutmuşdu. Kasaların birini seçməyimi istədi. Əlimi uzatdığım kasada su var idi. Digər kasadakı dovğanı əyib yerə tökdü. Rastıma çıxan digər labirintin sonunda üç qapı var idi. Qapının birindən çox dəhşətli səslər, ikincisindən gözəl təbiət səsi gəlirdi, üçüncünün üstündə isə işıq yanırdı. İşıqlı qapını seçib daxil oldum. Düz getməyimi buyurdular: “Bu yolu seç, bu yolun adı həyatdır. Cəhənnəm də, cənnət də sənin üçün tezdir”. Xeyli getdikdən sonra gözəl bir çəmənliyə çıxdım. Qarşımda gözəl bir dağ vardı. Dağın ətrafında mənim kimi insanlar gəzib dolaşırdı. Mən də o insanlara qoşuldum. Gördüyüm dağın başında insana bənzər buynuzlu, quyruqlu əlində böyük bir qamçı olan varlıq durmuşdu. O, arabir qamçıyla insanları vurub, cənnət və cəhənnəmə gedənləri seçirdi. Kütlənin içərisində onun qamçısı mənə də dəydi. Qamçı sol qoluma dolandı və məni özünə çəkdi. Elə bu anda nənəmin bacısı Bulud xalanın qarşımda dayandığını gördüm. Bulud xalanın toy məclislərindən birində ürəyi partlayıb ölmüşdü. Mənə dedi, “gəl, sən də bizimlə gəlirsən”. Haradansa bir səs gəldi – “Rəhmin gəlsin, bu hələ körpədi”. Mən o səsi tanıdım. Bu Cavad əminin səsi idi. Onun səsi sanki məni ölümün ağzından qopartdı”.

 

Müğənni danışır ki, yuxuda olduğu 40 gün ərzində onun üçün “Quran” açdırırlar: “Nənəm Gülnaz məsləhət bilib ki, uşağa “Quran” açdırın. Nənəmin məsləhəti ilə kənddəki İslam mollanın yanına gedirlər. O molla hələ də sağdır. İslam molla mənim taleyimin “Quran”da öncədən həkk olunduğunu, bu kitabda adımın Leyla olduğunu deyir. Molla bur dua yazaraq deyir ki, uşağı çimizdirin və üç dəfə də onu torpaqdan keçirin. Mənim yatılı bədənimi ağ kəfənə bürüyürlər. Məhəllədə bir quyu qazırlar və üç dəfə məni o torpaqdan keçirirlər. Həmin gecədən sonra mən səhər saat 6-da oyanıram. Oyanarkən isə boğulurdum, tər-suyun içində idim. Mən oyandıqda heç nə anlaya bilmirdim. Mənə elə gəlirdi ki, gecə yatıb səhər oyanmışam”.

 

Oyandıqdan sonra il yarım ağır xəstəliklə mübarizə aparmalı olub. Belə ki, onun boğazında böyük bir limfa vəzi əmələ gəlmiş, üzü, ağzı əyilmiş, gözləri bərələ qalmışdı. Çoxlu müalicələr etsələr də, heç nəyin xeyri olmur. Çarəsiz qalan valideynlər yenidən İslam mollaya üz tutdular: “Molla anama deyir ki, “ölümün əlindən qurtarmaq heç də asan deyil. Yuxuda olduğu bu 40 gün ərzində uşağınıza vergi verilib. O, bundan sonra gələcəkdə baş verənləri bilən biri olacaq. Qızın ya bu vergini götürməli, ya da ondan imtina etməlidir. İmtina etsə, dünyanın ən bədbəxt taleyini yaşayacaq. O, Allahın möcüzəsi ilə yalnız bir dəfə dünyaya uşaq gətirə bilər. İmtina etməsə, onda insanlara çox yaxşılıq edəcək, mərhəmətli bir insan olacaq”. Anam Sovet psixologiyası ilə böyüyən biri idi. Mollanın dedikləri ilə razılaşmır, deyir vergi-filan qəbul eləmirəm, sadəcə, uşağımın sağalmasını istəyirəm. Məni gülab suyunda oxunmuş suyla çimizdirdikdən sonra həmin suyu məhəllə tərəfə tökürlər. Gecə yatıb səhər oyananda gördüm ki, boğazımdakı şişdən əsər-əlamət qalmayıb”.

 

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017