“Məni zorla çarpayının altına salıb...”- Evdən qaçan qadından ŞOK ETİRAFLAR

Son vaxtlar Azərbaycan mətbuatında qadınların ailələrini tərk edərək, evdən qaçması ilə bağlı məlumatlar yer alır. Elə həmin dəqiqədən sonra da sosial şəbəkələrdə qaçan qadının ünvanına tənqidlər səsləndirilir, əksəriyyətimiz onları qınayırıq. Ötən həftə isə iki övladı ilə birlikdə özünü qatarın altına atan qadın ölkə gündəmini silkələdi. Yenə də hər kəs iradını bildirdi və qadını günahlandıranlar da tapıldı... Əslində bu, bir SOS siqnalı deyilmi ki, cəmiyyət dəyərlərində nələrsə laxlayıb və artıq gün keçdikcə o çürük dəyərlərin altında qalıb əzilirik. Fikir verirsinizsə, indiyə qədər kişilər ailələrini qoyub gedirdi və illərlə qadınlar onların yolunu gözləyirdi. İndi isə qadınlar çıxıb gedir və kişilər onları axtarır. Yəni qəribə bir sosial rolların dəyişməsi baş verib sanki.

Bəs bütün bunlara səbəb olan amillər hansılardır? Doğrudanmı baş verən bu kimi bütün nümunələrdə yalnız qadınlar günahkardır? Ümumiyyətlə, hər dəfə bu qəbildən xəbər eşitdikdə kimdir günahkar deyə müqəssir axtarmalıyıq, yoxsa buna rəvac verən çatışmazlıqları aradan qaldırmalıyıq? Ailem.az bütün bu suallara mütəxəssislərlə aydınlıq gətirməyə çalışıb.

 

“Kişiləri evə gətirib qumar oynayırdı

 

Bir neçə gün əvvəl üç övladı ilə evini tərk edərək “Təmiz Dünya” İctimai Birliyinin sığınacağında məskunlaşan 35 yaşlı Sevda Ələsgərova (ad və soyad şərtidir) Ailem.az-a qısa həyat hekayətini danışdı. Bildirdi ki, evli olduğu illər ərzində həyat yoldaşı tərəfindən inanılmaz zorakılıqlara məruz qalıb: “2003-cü ildə əmim oğlu ilə ailə qurdum. Onu sevmirdim, amma valideynlərim zorla məni onunla evləndirdilər. 3 övladım var - iki qız, bir oğlan. Qızlarımdan birinin 13, digərinin 12, oğlumun isə 9 yaşı var. Onunla evil olduğum bu illər ərzində eşitmədiyim təhqir, söyüş qalmayıb. Mənə işgəncələr verirdi, döyürdü, bədənim həmişə göm-göy olurdu. Bütün bunlar uşaqların gözü qarşısında baş verirdi. İnanın ki, indi mən susaram, uşaqlar onun zülmlərindən danışarlar. İntim münasibət zamanı da mənə qarşı hörmətsizlik edirdi, zorla çarpayının altına salırdı. Döyürdü, deyirdi mən nə istəyirəmsə, sən onu etməlisən. Dəfələrlə uşaqlar görüb ki, mən çarpayının altında yatmışam. Hətta onun elədiyi hərəkətləri indi mən sizə deməyə utanıram…”

 

S.Ələsgərova deyir ki, yoldaşının bütün bu zorakılıqları qısqanclıqdan etdiyini deyirmiş: “Özü deyirdi ki, bunları məni qısqandığı üçün edir. Amma mən onu qısqandıracaq heç bir hərəkət etmirdim axı. İkincisi, əgər məni qısqanırdısa, niyə evə qumarbazlar kişiləri gətirib onlarla qumar oynayırdı? Yad adamları evinə gətirən bir kişi necə deyə bilər ki, mən qadınımı qısqanıram?! Bu, qısqanclıq deyildi, qadın döymək sadəcə onun hobbisi idi. Çünki mənimlə ailə qurmazdan əvvəl başqa bir qızla nişanlı olub. Həmin qızı da döyürmüş. Buna görə də o qız nişanını qaytarıb, canını qurtarıb. Amma mən onunla həyatımı birləşdirərək gələcəyimi məhv etdim... Həmişə özümə təsəlli verirdim ki, bəlkə nə vaxtsa bu xasiyyəti düzələr, amma yanılmışam. İndi əminəm ki, o, ömrünün sonuna qədər dəyişməyəcək”.

 

“İşə zəng vurub dedi, gəlirəm səni öldürməyə

 

Həyat yoldaşının oğurluq etdiyi üçün iki dəfə həbsdə olduğunu deyən qadının sözlərinə görə, kişi həmin vaxtlarda da evə zəng vuraraq onu hədələyirmiş: “O, tutulandan sonra mən işləməyə başladım. Bundan sonra həyata baxışım tamamilə dəyişdi. Fikirləşdim ki, niyə mən nahaq yerə döyülməliyəm? Bu illər ərzində döyülmüşəm, söyülmüşəm, işgəncə görmüşəm, amma artıq bəsdir. Bir neçə gün əvvəl işdəydim. O, həbsxanadan çıxaraq zəng vurub dedi ki, gəlirəm səni öldürməyə. Çox qorxdum və uşaqlara zəng vurub dedim ki, tez evdən çıxın. İyulun 22-dən sığınacaqdayam. Boşanma ərizəsi vermişəm. Amma çox peşmanam ki, niyə bu addımı daha əvvəl atmamışam. O isə boşanmaq istəmir. Çünki boşanandan sonra hər uşağa görə 100 manat aliment verməlidir”.

 

“Hazırda işləyirəm, amma bu gün işə getməmişəm ki, bir az beynim dincəlsin. İşə də gəlib çıxır. Orada da məni incidir. İmkan vermir ki, bir ana kimi mən də işləyib uşağımı saxlayım. Məni incitdiyinə görə şikayət etmişəm. Hətta mənə etdiyi bu zülmlərə görə onun həbs olunmasını belə istəyirəm. Bu dəqiqə istəyərəm elə bir uzaq yerə gedim ki, nə onun üzünü görüm, nə də səsini eşidim. Balalarım mənim üçün həm atadır, həm qardaşdır, həm də ər. Mən də bir qadın kimi xoşbəxt olmaq istəyirəm...”, - deyə S.Ələsgərova sonda qeyd etdi.

 

Sosial şəbəkələrdə qadınlara vədlər verirlər”

 

Mövzu ilə bağlı Ailem.az-a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova dedi ki, hazırda qadınlar əvvəlki idarəçilik sistemi ilə razılaşmaq istəmirlər: “İndi qadınlar daha sərbəst yaşamaq istəyirlər. Cəmiyyətdə sosial rolların dəyişməsi, kişilərin əvvəlki obrazını saxlaya bilməməsi nümunələri də bu prosesə öz təsirini göstərir. Ailə bağlarının zəifləməsi, hörmət hissinin olmaması da başlıca səbəblərdəndir. Əvvəllər hörmət hissi yox idi, amma tabeçilik, tələb var idi və buna da mühit alışmışdı. Hamı bir- birinə baxıb eyni formada tabe olurdu. Amma indi məsələn, elə ailələr var ki, qızlar öz istəklərini sərbəst reallaşdıra bilir. Kənardakılar da bu modelə baxaraq, onun kimi hərəkət etmək istəyir. Baxmır ki, onun buna potensialı var, ya yox”.

 

Onun fikrincə, sosial şəbəkələr də ailələrin dağılmasına öz təsirini göstərir: “Bəzi qadınlar düşünür ki, mən azadam, fərqli düşünürəm, özüm istədiyim kimi yaşayıram. Amma onun başqaları qarşısında öhdəlikləri, ailə bağları kifayət qədər möhkəm deyil. Həmçinin sosial şəbəkələrdə bəzi insanlar qadınlara vədlər verir. Və onların da bəziləri buna inanır. Bu qadınlar yaxşı olardı ki, özlərini müstəqil idarə etsinlər. Amma onlar özlərini daha çox kişilərin himayəsinə verirlər. Bu isə xoşagəlməyən nəticələrlə ortaya çıxır”.

 

M.Zeynalova söyləyir ki, bu sahədə problemləri yaradan amillər çoxdur və hər ailədə fərqli səbəblər mövcuddur: “Elə ailə var ki, orada zorakılıq çoxdur. Burada yaşayan cavan qız o zorakılığa dözmək istəmir, sərbəst yaşamaq istəyir. Amma sərbəst yaşamaq üçün onun həyat təcrübəsi yoxdur. Bu halda da çox acı nəticələr ortaya çıxır. İkinci bir tərəfdən televiziyadakı filmlər, yaxud sosial şəbəkələrdəki hansısa söhbətlər, təkliflər elə fikir formalaşdırır ki, o da başqaları kimi bacaracaq. Amma bunun üçün həyat təcrübəsi və ümumiyyətlə, iqtisadi imkanları və bacarıqları yoxdur.

Bəzi hallarda məcburi nikahlar da qadınların evi tərk etməsinə səbəbiyyət verir. Bu qadınlar ailə qurduqdan sonrakı dövrdə başqasına aşiq olurlar və elə düşünürlər ki, filmlərdəki kimi hər şey gözəl olacaq. Buna görə də hər şeyi atıb gedirlər. Məsələn, Sumqayıtda bir qadının 3 uşağını atıb getməsinin səbəbi hələ də mənə qaranlıqdır. Onun həyat yoldaşı ilə söhbət etdim. Ailə normal idi, bir-birlərinə qarşılıqlı sevgi var idi, amma səbəb nə olduğu bilinmir. Bəlkə o, xəstə uşaqlarını müalicə etdirmək üçün sərbəst qazanc əldə etmək fikrinə düşmüşdü. Yəni qadının özünü danışdırmasan, əsl səbəbi  bilmək olmur”.

 

Qanunvericiliyin 18 yaşından yuxarı insanın zorla ata evinə qaytarılmasına yol vermədiyini xatırladan M.Zeynalova bəzi ailələrin zorla ailəyə qayıdışı tələb etmələrini düzgün hesab etmir: “Valideyn deyir, mənim övladımdır, mən necə istəyirəm elə də olmalıdır. Halbuki qanunvericilik buna imkan vermir. Bir neçə gün öncə rayonlardan birinin polis rəisi sığınacağa zəng vurub dedi ki, bir ata qızını axtarışa verib. Sonradan  qızın hansısa kafelərin birində qabyuyan işlədiyini biliblər. Qız atası ilə yola getmir və qətiyyən evə qayıtmaq istəmir. Görünür həmin atanın idarəçiliyində fərqli yanaşma var.

Biz müstəqil yaşamağı hələ də qəbul edə bilmirik, bir cəmiyyət olaraq buna alışmamışıq. Ancaq övladlarımızı dinləməli, onların sərbəst düşüncələrinə hörmətlə yanaşmalıyıq. Anlamalıyıq ki, bu uşaqların bir azdan sərbəst yaşamaq istəkləri ortaya çıxacaq və bir müddət sonra yaşayacaqlar”.

 

“Bu, sənə övladlarını qoyub getmək haqqı vermir

 

Psixoloq Elnur Rüstəmov isə problemin əsas səbəbi kimi informasiya əsrində yaşamağımızı görür: “İnsanların daha çox informasiya ilə yüklənməyi ailədaxili konfliktlərə gətirib çıxardı. İnsanların qısa müddətli məqsədləri əsas plana keçib. Bu gün insanlar qaçaraq bir həyat yaşayır. Ailə daxili konfliktlər, münasibətin pis olması, tərəflərin bir-birinə dözümsüz yanaşması münasibətlərin soyumasına, fərdlərin yalnız özünü düşünməsinə, biganəliyə səbəb olur. Hər bir ailədə problem ola bilər. Amma bu, sənə o haqqı vermir ki, övladlarını qoyub çıxıb gedəsən. Bu zaman sən hər kəsi gözə alırsan - ata-ananı, bacı-qardaşı, ətrafındakıları da pis vəziyyətdə qoyub gedirsən. Bir insan bütün bunları gözə alıb, tanımadığı insana qoşulub qaçırsa, əlbəttə, bu, ciddi  sosial psixoloji problem kimi dəyərləndirilməlidir”.

 

E.Rüstəmov söyləyir ki, problemlə bağlı konkret tədbirlər görülməlidir: “Ailədə problem varsa, qadın müraciət edəcəyi yeri bilməlidir. Bu gün biz gender bərabərliyindən danışırıq. Burada balans qorunub saxlanmalıdır. Qadın və kişinin hər birinin öz vəzifələri var. Məsələnin qorxulu tərəfi ondan ibarətdir ki, əgər 1-2 nəfər cəsarətlənib evi tərk edirsə, digərləri də ona baxıb arxasınca gedəcək. Bu gün mətbuat evdən qaçan xanımlar haqqında yazır. Yaxşı olardı ki, mətbuat eyni zamanda evdən qaçıb sonradan peşman olan, həyatı bərbad olan qadının taleyi barədə də məlumat versin. Axı evdən qaçanların hamısı xoşbəxt olmurlar. Onlar sonradan peşman olurlar və yenidən ailəyə qayıda bilmirlər. Bunu da qabartmaq lazımdır. Qaçanların əksəriyyəti rayonlarda yaşayanlardır. Onlar fikirləşir ki, şəhərdə yaşayanların hamısı xoşbəxtdir. Onlar rahat həyat arzulayırlar və bu günlə yaşayırlar. Bir çox dəyərləri gözləmirlər, bu da cəmiyyət üçün SOS siqnalıdır. Qadınlar qoşulub getdiyi insanları necə tapırlar? Əlbəttə ki, internet vasitəsi ilə”.

 

Psixoloq vurğuladı ki, dövlət tərəfindən problemli ailələrlə bağlı statistika aparılmalıdır: “Onlarla maariflənmə işi aparılmalıdır. Ali məktəblərdə bununla bağlı sosial iş ixtisası açılıb. Orada təhsil alan tələbələr ərazi üzrə problemli ailələrdəki konfliktlərin, zərərli vərdişlərin, eləcə də psixoloji, psixiatrik problemi olan insanların statistikasını götürməlidirlər. Həmçinin onların hara müraciət etmələri barədə təbliğat, təşviqat işi də aparılmalıdır”.

    

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017