Qızlıq pərdəsini bərpa etdirənlər haqda GİZLİ MƏQAMLAR

Ailem.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın məqaləsini təqdim edir.

 

Qızlıq pərdəsinin tibbi cəhətdən ciddi bir mənası olmasa da, yaşadığımız cəmiyyətdə buna nə qədər diqqət göstərildiyinə şahid oluruq. Ailələr gəlinlərinin bakirə olmasını istəyir, müxtəlif yollarla bunun belə olub-olmadığını yoxlayırlar.

Evlilikdən əvvəl cinsi münasibət və bunun bir “göstəricisi” kimi bakirəlik problemi əvvəllər xalqların əksəriyyətində mövcud olsa da, hazırda əksər cəmiyyətlər artıq bu adətlərindən əl çəkiblər. Bizim yaşadığımız coğrafiyada isə bakirəlik hələ də şərt olaraq irəli sürülməkdədir. Ən azından çoxumuz buna şahidik.

Qəti şərtlər irəli sürən cəmiyyətlərdə, sözsüz ki, kənara çıxmalar da olacaqdır. Dünyanın heç bir ölkəsində evlilikdən əvvəl cinsi münasibəti tamamilə ortadan qaldırmaq mümkün deyildir, yəqin ki.

 

Evlilikdən öncə belə bir təcrübə yaşamış xanımların bir qismi “bakirəliyin bərpası” əməliyyatına müraciət edirlər. Tibbi cəhətdən müxtəlif texnikaları olsa da, “bakirəliyin bərpası” adı altında qızlıq pərdəsinin, mümkünsə, bərpası və ya ona bənzər bir şey yaradılması başa düşülür. Himenoplastika adlanan bu prosedur kifayət qədər sadə bir əməliyyatdır və yerli anesteziya altında bir neçə dəqiqə ərzində icrası mümkündür.

 

Özüm həkim olduğum üçün bütün bunları bilsəm də, yenə də mənə həmişə aşağıdakı suallar maraqlı idi:

 

- Bakirəlik şərti hansı cəmiyyətlərdə mövcuddur?

 

- Qızlıq pərdəsini bərpa etdirmək istəyən xanımlar kimlərdir? Necə insanlardır?

 

- Sonra nə olur?

 

Hollandiyada himenoplastika aparılmış qadınlar haqqında araşdırma

 

Həkimlərin peşəkar axtarış platformalarında sorğu verdiyimiz zaman Yaxın, Orta Şərq ölkələrində belə müdaxilələrin aparıldığını anlamaq olar. Ancaq “himenoplastika edilmiş xanımlar kimdir” sualına dolğun cavab tapmaq yenə də alınmır. Coğrafiyamızdakı həkimlər nə qədər elm adamı olsalar da, yenə də Şərq insanıdırlar – çox danışıb, boş danışa bilərlər.

Avropada dərc edilmiş statistik məlumatlar öz dolğunluğu ilə fərqlənirlər. Sayları çox olmasa da, yaranan sualları cavablandırmaq iqtidarındadırlar.

Bu dəfə Hollandiyada aparılmış bir araşdırma haqqında danışmaq istəyirəm. Məqalə 2012-ci ildə dərc edilmişdir və ümumi olaraq Hollandiyada qızlıq pərdəsinin bərpası üçün müraciət etmiş 86 klinik hadisə incələnmişdir.

 

Müraciət edənlərin etnik kökləri

 

Müraciət edən 86 xanımdan ancaq 82-si əməliyyat edilmişdir.

Bunlardan 92%-i müsəlman, 6%-i xristian, 1-i induist, qalan 1-i isə qeyri-dindar olmuşdur.

Xristian xanımlardan 4-ü xristian, 1-i isə müsəlmanla nişanlı imiş. Dindar olmayan yeganə xanım da müsəlmanla nişanlanmış hollandiyalı qadın imiş.

Himenoplastika edilmiş xanımların 56%-nin mərakeşli, 27%-nin isə türkiyəli olduğu görülüb. Bundan sonra daha kiçik nisbətdə İraq, Əfqanıstan, Pakistan, Şimali Afrika ölkələri, Surinam və Şri-Lanka gəlir.

 

Təhsil səviyyəsi

 

Himenoplastika üçün müraciət etmiş xanımların böyük əksəriyyəti (70%-dən çoxu) peşə təhsili aldığını bildirib. Orta təhsilli 18%, ali təhsilli isə 4% olaraq görülüb.

 

Psixososial və cinsi hekayə

 

Qadınların 1/3-i (33%) ümumiyyətlə, gələcəkdə bakirəlik ilə əlaqədar heç düşünmədən, özləri istəyərək yaşadıqları cinsi əlaqə nəticəsində “bakirəliklərini itirdiklərini” bildiriblər.

Yenə 1/3 qadın isə onlara partnyorları tərəfindən “evlənəcəklərinə dair təlqin edildiyini”, bunun nəticəsində cinsi münasibətdə olduqlarını, amma daha sonra tərk edildiklərini bildiriblər.

Təqribən 1/3 qadın isə cinsi istismar, təcavüz nəticəsində himenoplastikaya ehtiyac duyduqlarını bildiriblər. Bu qadınlardan 10-u öz yaxınları tərəfindən müntəzəm təcavüzə məruz qaldıqlarını ifadə ediblər.

Bütün qadınlardan 37%-i hamilə qalmış, lakin abort ilə sonlandırmışlar.

 

Nə üçün himenoplastika etdirirlər?

 

Xanımların bir qismi (31%) həyat yoldaşı ilə ilk gecə əlaqə qurduğunda “qan gəlməsi” üçün əməliyyata gəldiyini ifadə edib. Buna baxmayaraq, 12% xanım qan gəlməsinin “əslində vacib olmadığını”, sadəcə vaginalarının bir az dar hiss edilməsini istədiklərini bildiriblər. Qalan xanımlardan 37%-i isə həm “qan gəlməsini”, həm də “dar olmasını” istədiklərini söyləyiblər.

Xanımlardan ancaq 4-ü bunu mərasim xətrinə etdirdiklərini bildiriblər.

 

Himenoplastika işə yarayırmı?

 

Əməliyyat sonrası bir neçə həftə sonra həkimlərin təkrar məsləhətləşmə çağırışına 30 qadın gəlmişdir.

Bunların hamısı əməliyyat nəticəsindən məmnun qaldıqlarını, bütün gözləntilərinin özünü doğrultduğunu bildiriblər.

Hətta 1 qadın mehriban münasibət gördüyü üçün daha sonra ərinə məsələni açıb dediyini də bildirib.

 

Nəticə

 

Bu yazıdan və gətirilmiş rəqəmlərdən nəticəni mənim deyil, sizin çıxarmağınızı daha uyğun gördüm. Mənim artıq sualım qalmadı.

 

 

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017