“Uşaqlarınıza yalnız ana südü verin!” – PEDİATRDAN ANALARA ÇAĞIRIŞ

Avqustun ayının 1-dən 7-dək dünyanın 170 ölkəsində ana südü ilə qidalandırma həftəsi keçirilir. Bu, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə UNİCEF arasında imzalanan İnnoçenti deklarasiyasına əsasən qeyd olunur. ÜST-ün məlumatına görə, dünyada ana südü ilə qidalanma 38%-dir. UNİCEF-in məlumatına görə isə, bu hal Azərbaycanda 12% təşkil edir. Bununla bağlı ÜST 2025-ci ilə qədər bu rəqəmin 50% qaldırılmasını nəzərdə tutub və bütün ölkələri ana südü ilə qidalanmanın dəstəklənməsi və həvəsləndirilməsi üçün geniş səhiyyə maarifi işinin təşkil olunmasına çağırır.

 

Ana südünün faydaları ilə bağlı Ailem.az-a danışan pediatr Vaqif Qarayev bildirdi ki, doğuşun ilkin saatlarında, ilk 6 ayda və 2 yaşınadək ana südü verməklə dünyada 800 min uşağın həyatı xilas olunur: “Ana südünün tərkibindəki bioloji aktiv maddələr erkən yaşlı uşaqların ölümünə səbəb olan problemlərdən - pnevmoniya və diareyadan qoruyur. Döşlə əmizdirən analarda isə döş vəzisi və yumurtalıq xərçənginin yaranma ehtimalı azalır”.

 

Həkim deyir ki, nə qədər tərkibi zəngin süni qarışımlar hazırlansa da, bu, ana südünü əvəz edə bilməz. Ana südünün tərkibindəki inqridientlər uşağın immun sisteminin güclənməsinə kömək edir, xəstəliklərə, ətraf mühitə qarşı müqavimətini artırır. Xüsusilə uşağın doğulduğu saatlarda ilkin döşə qoyma anlayışı var. Bu zaman verilən südün tərkibi uşağın mədə-bağırsağına, immun sisteminə çox yaxşı təsir edir: “Təəssüf ki, bizdə, xüsusən, dövlət doğum evlərində şablon bir qayda qoyublar -  uşaq 3 gündən sonra ana südü ilə qidalanmalıdır. Amma bu, qətiyyən belə deyil. İndi bütün dünyada belədir - əgər ananın vəziyyəti imkan verirsə, uşaq doğuşdan 2-3 saat sonra ananın döşündən süd əmir. Ana südü əmən uşaqların həm fiziki, həm də psixi inkişafı daha normal məcrada gedir. Uşağın ana ilə mənəvi psixoloji baxımlılıq yaranmasında döşlə qidalanmanın böyük əhəmiyyəti var”.

 

Ananın südü olsa da, həkimlər tərəfindən uşağa süni qidaların tövsiyə olunmasına  münasibət bildirən pediatr söylədi ki, belə halların mövcudluğu qətiyyən yolverilməzdir: “Ana südü ilə qidalanma ilə bağlı beynəlxalq təşkilat var. Onun göstərişinə əsasən, süni qidaların etiketində birinci bənd olaraq qeyd edilməlidir ki, ana südü faydalıdır. Yəni ana bilməlidir ki, əlində tutduğu süni qidadansa ana südü daha xeyirdir. Xüsusilə birinci doğuşdan sonra anada süd az olur. Amma bu, o demək deyil ki, anada heç vaxt süd olmayacaq və dərhal uşağı süni qidaya keçirmək lazımdır. Körpə döşü əmdikcə tədricən ananın südü də gələcək. O zaman körpəyə süni qida vermək olar ki, hansısa tibbi göstərişlər olsun. Məsələn, anada açıq vərəm varsa, tibb əmizdirməni qadağan edir. Təəssüf ki, bir çox doğum evlərində təzə doğulan körpəni keçirirlər süni qidaya. Mənə tez-tez zəng vururlar ki, həkim, hansı süni qida yaxşıdır? Soruşanda deyirlər ki, mənim südüm var, amma doğum evində dedilər, uşağa filan qidanı verin. Deyirəm, ana südü yoxdursa, həmin qidalardan hansını verirsinizsə heç bir problem yoxdur. Çünki hər halda uşaq ac qalmamalıdır”.  

 

V.Qarayev gənc analara öz körpələrinə yalnız ana südü verməyi tövsiyə etdi: “Heç kim sizə zorla süni qarışıqları təbliğ edə bilməz. Əgər südünüz azdırsa, yenə də mütləq uşağı döşlə əmizdirin. Saatla əmizdirməyin, uşaq nə vaxt və nə qədər istəsə, o qədər döş verin”.

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017