“Bəlkə də anası Mələyi xilas edə bilərdi...” MÜTƏXƏSSİS RƏYLƏRİ

Son günlər ölkə gündəmini lərzəyə gətirən ən dəhşətli hadisə 6 günlük Mələyin məhz qız olduğu üçün qəddarlıqla nənəsi tərəfindən öldürülməsi oldu. Gün keçdikcə hadisənin təfərrüatları aydınlanır və aydınlandıqca da daha tükürpədici faktlar ortaya çıxır.

Körpə Mələyin ətinə yeridilən iynələr isə mistik qüvvələrlə əlaqələndirilir. Bir anlıq adama elə gəlir ki, zamanın ən qaranlıq qatlarında ilişib qalmışıq. Bu necə təfəkkürdür, bu necə anlayışdır!?

 

Qadının əxlaqı daha çox müzakirə olunur

 

Ailem.az mövzu ilə bağlı bir neçə mütəxəssisin fikrini öyrənib. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu hadisənin qaranlıq məqamlarının çox olduğunu dedi: “Bu cür hallarda günahkarlara yalnız cəza verib həbsxanaya salmaq lazım deyil. Bu, məsələni həll etmir. Cəmiyyəti məlumatlandırmaq lazımdır. Qadınlar üçün xüsusi sığınacaqlar olmalıdır. Məsələn, yaşanan bu son hadisədə  uşağın anası məlumatlı olsaydı, bəlkə də övladını xilas edə bilərdi. O, uşağını götürüb hansısa sığınacaqda qoruna bilərdi. Ola bilsin ki, ailədə bununla bağlı əvvəldən hansısa narazılıq olub və buna görə də bu dəhşətli hadisə yaşanıb. Sözün düzü, nənənin bu cinayəti törətməsi mənə inandırıcı görünmür. Ola bilsin, o, oğlunu qurtarmaq üçün bu cinayəti öz üzərinə götürüb. Özü ana olan bir qadının körpəni öldürməsi mənə inandırıcı gəlmir”.

 

 

M.Zeynalovanın sözlərinə görə, son tendensiyalar onu göstərir ki, cəmiyyətdə qadının daha çox əxlaq məsələsi müzakirə olunur və qadına qarşı şiddət artır: “Bütün adi söhbətlərin də kökü qadın əxlaqının üzərinə gətirib çıxarılır. Onun bacarığından, keyfiyyətlərindən isə bəhs etmirlər. Bu da bütün hallarda qadına qarşı zorakılığa səbəb olur. Qız uşağının arzu olunmamasının bir çox səbəbləri var. Onu böyütmək, hansısa maddi xərclər çəkmək, təhsilini davam etdirməsi üçün şərait yaratmaqdan çəkinərək, qadına qarşı bu cür arzuolunmaz davranışlar sərgiləyirlər. Burada dini amillərinin də rolu böyükdür. Radikal dini qurumlar var ki, qadını günahkar, əxlaqsız və sair elan edir, ona əşya kimi baxırlar. Həmçinin sosial gərginliklər də bu amillərdəndir. Əvvəllər kişi ailənin əsas gəlir gətirəni və onu dolandıranı idi. İndi kişi bunu edə bilmir və o vəzifəni qadın yerinə yetirəndə bu, aqressiya ilə qarşılanır”.

 

“Sən oğlan doğulmalı idin, qız olmusan...”

 

Psixoloq Elnur Rüstəmov Ailem.az-a bildirdi ki, qız uşaqlarına qarşı olan bu tendensiya bizə ata-babalarımızdan qalıb: “Bizdə belə bir düşüncə var ki, nəslin davamçısı yalnız oğlandır. İndi də Azərbaycanda elə ailələr var ki, qadın qız uşağı dünyaya gətirmədiyinə görə nənə oğlunu boşatdırır və yenidən ailə qurduraraq oğlan sahibi olmağa çalışır. Yaxud ailələrdə rast gəlirik ki, üç bacının bir qardaşı var və bu halda valideyn rahat olur ki, onun bir dənə də olsa, nəslinin davamçısı var”.

 

Bu gün bizim işləyən, çalışan qadınlarımız kişilərdən heç də geri qalmır deyən psixoloqun sözlərinə görə, Azərbaycanda elə ailələr var ki, üç oğlu olmasına baxmayaraq, ailəni onların qız övladı dolandırır: “Araşdırdıqda görürsən ki, qızlar ailəyə daha faydalı, ataya-anaya daha can yandıran olurlar. Qadınlara qarşı bu cür düşüncələrdən qurtulmaq lazımdır. Fikir versəniz, artıq paytaxtda bu yanaşma götürülüb, amma rayonlarda qalır və nəticədə belə narahatlıqlar yaranır”.

 

E.Rüstəmovun fikrincə, yaşanan bu son hadisədə böyük ehtimalla uşaq nənənin eqosunun qurbanı olub: “Bu insanların düşüncəsinə görə, mütləq oğlan doğulmalıdır. Buna görə də zaman-zaman qızları diskriminasiya edirlər. Bir çox qızlara psixoloji basqı yaradırlar ki, sən oğlan doğulmalı idin, qız olmusan. Ona görə də qız 35 yaşında da özünü natamam hiss edir. O hələ də özünə həyatda bir istiqamət tapa bilmir. İndi də rast gəlirik ki, qız uşağı dünyaya gəldiyinə görə ata uşağı xəstəxanadan götürmür, ananı dindirmir, evə gəlmir. Bu gün bəşəriyyət faydalı, sağlam, ağıllı bir övlad axtarır. Buna köklənmək lazımdır. Guya bütün oğlanlar yaxşıdır? Nə qədər psixoloji, psixiatrik problemləri, zərərli vərdişləri olan kişilər, oğlanlar var. Hansı ki, valideynlər də onlarla bərabər əziyyət çəkir”.

 

Sosial strukturlar ciddi proqram ortaya qoymalıdırlar 

 

Millət vəkili Fazil Mustafa Ailem.az-a dedi ki, qanunları sərtləşdirərək, bu cür halların qarşısını almaq olmaz: “Hazırda cəmiyyətdə zorakılıq halları artıb. Diqqət edirsinizsə, qadınlar tərəfindən törədilən zorakılıq halları da çoxalıb. Burada artıq sosial deformasiyadan söhbət gedir. Bu isə cəmiyyətin alt qatlarında müəyyən sosial institutların lazımi qədər effektli çalışmadığının bir göstəricisidir. Bəlkə də bunların səbəbi insanların stressi, işsizliyi, yoxsulluğu ilə bağlı dəqiq bir araşdırma aparılıb bunun həlli yollarının tapılmamasıdır. Hazırda zorakılıqla bərabər intihar hallarının da artması özünü göstərir. Bunların da hamısını götürəndə həmən sosial deformasiyanın ciddi təzahürlərini görürük. Ona görə də bu məsələdə qanunun sərtləşməsini daha çox istəyirik. Amma sərtləşmə də bu məsələləri həll etmir. Dünya tarixi göstərir ki, hətta ölüm hökmü də belə neqativ halların qarşısını almaqda acizdir. Deyək ki, Səudiyyə Ərəbistanında oğurluğa, cibgirliyə görə əlin kəsilməsi, edam hökmü verilir. Amma Kəbəni ziyarət edən zaman da cibgirlik hadisələri hər dəfə təkrar olunur. Yəni bütün bunların profilaktik baxımdan hazırlıqsız insanların qarşısını ala bilmədiyini göstərir”.

 

F.Mustafa bildirdi ki, məsələyə daha sosioloji aspektdən yanaşmaq lazımdır. Geniş təhlil aparılmalı və səbəblər tapılmalıdır. Sosial strukturlar ciddi bir proqram ortaya qoymalı, QHT-lər aktivləşməli və əhali arasında geniş maarifləndirmə işləri aparılmalıdır: “Belə olarsa, qanunverici orqan olan parlament də daha təsirli qərarlar qəbul edər”.  

 

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017