Uşağınız səpibsə, bunları edinHƏKİM MƏSLƏHƏTİ

Bir neçə gündür ki, havanın temperaturu kəskin şəkildə yüksəlib. Dözülməz istilər bütün insanların, həmçinin də azyaşlıların diskomfort yaşamasına səbəb olur. Xüsusilə də kondisionerli məkanlardan birbaşa isti havaya çıxan körpə orqanizmi buna dözmür və müəyyən fəsadlarla üzləşir. Onlarda qızdırma, öskürək, ürəkbulanma kimi hallar yaranır. Hətta müşahidə etdikdə görürük ki, əksər azyaşlı uşaqların alın, üz, sinə nahiyələrində səpgilər var.

Bəs sadaladığımız problemlərin yaranmaması və aradan qaldırılması üçün hansı tədbirləri görmək lazımdır?

 

Məsələ ilə bağlı Ailem.az-a danışan pediatr Vaqif Qarayev bildirdi ki, bu cür havalarda valideynlər çox diqqətli olmalıdırlar ki, uşaqların səhhətində hansısa problemlər yaranmasın: “Ümumiyyətlə, bu cür günəşli havalarda saat 11-dən 6-ya qədər uşaqları bayıra çıxarmaq qətiyyən olmaz. Onlar evdə sərin hava şəraitində olmalıdırlar ki, tərləməsinlər. Yaxşı olar ki, otağın havası tez-tez dəyişdirilsin. Xüsusilə də azyaşlı uşaqlar birbaşa kondisionerin soyuğuna məruz qalmamalıdır. Çünki onların orqanizmi kəskin temperatur dəyişiminə məruz qalanda nəticələr ürəkaçan olmur. Məsələn, uşaq istidən gəlibsə, kondisionerdəki 22 dərəcəlik temperaturu qaldırıb 27-28 dərəcə etmək lazımdır ki, o, tədricən mühitə uyğunlaşsın”.

 

V.Qarayev bildirdi ki, bu cür havalarda uşaqlar mütəmadi su vannaları qəbul etməlidirlər: “Həmçinin onlara daha çox maye vermək lazımdır. Məsələn, çay, su və evdə hazırlanan şirələr. Amma qəti şəkildə uşaqlarınıza qazlı sular verməyin. Bu, onların səhhəti üçün birmənalı olaraq ziyandır. Səhər və axşam saatlarında uşağı elə geyindirmək lazımdır ki, tərləməsin. Xüsusilə sintetik parçalardan istifadə etməmək məqsədəuyğundur. Onların geyimləri təbii parçalardan seçilməlidir. Qeyd edim ki, körpələr üçün tamamilə hərəkətsiz dayanmaq da zərərlidir. Buna görə də onların kölgədə oynamaları üçün mütləq şərait yaratmaq lazımdır”.

 

“Yayda əksər uşaqlarda səpgilər yaranır. Hətta hansısa allergiyası olan uşaqlarda qaşınma güclənir. Belə uşaqlar qətiyyən günəş şüalarına məruz qalmamalıdırlar. Ümumiyyətlə, allergik uşaqlar həm evdə, həm də bayırda kəskin istidən qorunmalıdır. Çünki allergik səpgilər digər istilikdən yaranan səpgilərlə qarışır və uşağı daha çox incidir. O cümlədən südəmər uşaqlar da çox tərləyir və onlarda da belə səpkilər yaranır”, – deyə pediatr söylədi.

 

Həkim məsləhət verdi ki, uşaqları marqanisli su ilə vanna edərək belə səpgilərdən qurtulmaq olar: “O cümlədən yattıqanqal (çereda), çobanyastığı ilə də vannalar, kompreslər yaxşı təsir göstərir”. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017