“Belə uşaqlar gələcəkdə cani olur...” – VALİDEYNLƏR, MÜTLƏQ OXUYUN

Kompüter oyunları bütün dünyada  hər yaş qrupundan olan insanlar arasında geniş yayılıb. Onlar internet vasitəsilə dünyanın hər bir yerindən olan şəxslərlə canlı video oyunları oynayırlar. Hətta bu hal azyaşlı uşaqlar arasında da geniş vüsət alıb. Oynanan oyunların əksəriyyəti isə şiddət tərkiblidir. Bəs görəsən bu cür şiddət məzmunlu oyunlar oynamaq uşaqlar üçün zərərlidirmi və ümumiyyətlə, uşaqların psixologiyasında hansısa mənfi təzahürləri ola bilərmi? Ailem.az psixoloqla hər bir valideyni narahat edən bu suallara aydınlıq gətirməyə çalışıb.

 

Psixoloq Narınc Rüstəmova Ailem.az-a bildirdi ki, günümüzdə kompüter artıq baryer rolunu oynayır: “Gedilən hər yerdə valideyn daha rahat oturmaq üçün uşağı daha az qaçsın, tərləsin deyə özü maraqlı olur və uşağını kompüter qarşısında əyləşdirir. Həmin video oyunları arasında uşaqlar xüsusilə şiddətə meylli oyunlara daha çox maraq göstərirlər. Bu isə onlara birmənalı olaraq çox pis təsir göstərir. Müşahidələrimizə əsasən deyə bilərik ki, bu cür uşaqlar daxili qorxusu olan uşaqlardır. Həmin qorxularını kompensasiya etmək üçün uşaq nədə əskiklik yaşayırsa, onu tamamlamağa başlayır. Məsələn, özü şiddət görən uşaq, qarşısındakına qarşılıq verə bilmir və şiddətə meylli oyunlar oynayaraq, içərisindəki aqressiyanı söndürməyə çalışır. O, tamamilə kompüter oyunlarına yönəlir. Bu oyunlarda kimisə vurur, döyür, təpikləyir, şiddət göstərir və öz hisslərini kompensasiya edir”.

 

N.Rüstəmova deyir ki, bu oyunları oynamaqla uşaqlar gələcəkdə müəyyən fəsadlarla üzləşə bilərlər: “Məsələn, hansısa uşaq canlı formada xarici ölkədə yaşayan biri ilə kompüter oyunu oynayır, onunla yazışır. Axı biz bilmirik ki, həmin o şəxs necə biridir, davranışları, psixologiyası necədir? Bax, bu amillər irəlidə uşağa fəsadlar verə bilər. Həmçinin onun sosial sferası pozulur və problemlər yaşayır, antisosial uşaqlara çevrilirlər. Uşaq kompüterdə həmin oyunlara sərf etdiyi vaxt ərzində dərslərindən, dostları ilə münasibətdən uzaqlaşır. Hansı ki, həmin vaxtı o, daha səmərəli istifadə edərək saydığımız məşğuliyyətləri həyata keçirərlər ki, bu, onlar üçün daha faydalıdır”.

 

Psixoloq vurğuladı ki, kompüter oyunlarına ağır formalı asılılıqlarda elə uşaqlar var ki, gecə saat 4-ə, 5-ə kimi bu cür aqressiv oyunlara maraq göstərirlər. Bununla əlaqədar olaraq yuxu pozulma halları da uşaqda narahatlıq yaradan səbəblərdəndir: “Xüsusi oyunlar var ki, hansısa bir evi soyur, öldürür, şiddət göstərir, oğurluq edir. Bu da düzgün nümunə deyil və bərabərində uşağa şiddət göstərməyin yollarını təbliğ edir. Hətta uşaqlar bu sayədə məsələn, silahların, bıçaqların növlərinə qədər öyrənirlər. Bu da gələcəyin loru dildə desək, canisini yetişdirir. Həmin uşaqlar yetişkənlik dövründə öz yaşıdlarına şiddət göstərməyə başlayır. Hətta kiçik vaxtı valideynləri tərəfindən şiddət görübsə, 12-13- yaşdan sonra onlara da şiddət göstərməyə başlayırlar”.

 

O qeyd etdi ki, bu oyunlara adi şiddət tərkibli bir oyun kimi baxıb keçmək olmaz: “Valideynlər uşaqlarını maksimum dərəcədə kompüter oyunlarından istifadəsini azaldıb asudə vaxtlarını yaşıdları ilə təmas qura biləcəyi idman növləri ilə məşğul etməyə yönəltməlidirlər. Belə olarsa, onun bu tərkibli oyunlar oynamağa vaxtı qalmaz. Amma gündəlik norma olaraq uşaqlar kompüterdən istifadə edə bilərlər. Bunun üçün xüsusi ailə proqramları var. Mən özüm də ailəmdə həmin proqramlardan istifadə edirəm. Uşaqlar orada nə pornoqrafik saytlara girə, nə şiddət meylli oyunlar oynaya bilərlər. 5-3 manat artıq veririk, amma uşaqlarımızı bu cür zərərli asılılıqlardan qoruyuruq”.

 

N.Rüstəmova qeyd edib ki, 3 yaşına qədər uşaqlar ümumiyyətlə, elektron cihazlardan uzaq tutulmalıdır. Çünki bu, onların psixologiyasına çox pis təsir göstərir. 3 yaşdan sonra uşaqlar 20 dəqiqə, 6 yaşda 40 dəqiqə, 9 yaşdan sonra isə saat yarıma qədər istifadə edə bilərlər. Amma bu saat yarım birbaşa istifadə edilməməlidir. Məsələn, bu zamanı günə bölərək, yarım saatlıq müddətlərdə istifadə etmək lazımdır: “aValideynlər qeyd edilən bu normativləri qorusalar, uşaqların kompüterdən istifadəsi ilə bağlı heç bir problem yaşamazlar”.

LENT

22 Avqust 2017
21 Avqust 2017
18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017