Ölümündən sonrakı xilaskarlar – Azərbaycanda orqan köçürülməsində hansı əngəllər var?

Türkiyənin Hatay vilayətində 17 yaşında dünyasını dəyişən Kübra Nur Coşkunun ölümündən sonra bağışlanan orqanları 6 xəstəni həyata qaytarıb. Xəbər verildiyi kimi, yaşadığı evinin eyvanından yıxılan gənc qız xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Beyin ölümü keçirən qızın ailəsi onun orqanlarını bağışlama qərarını veriblər.

 

Qeyd edək ki, Türkiyədə artıq uzun müddətdir ki, hər il 3000-4000 orqan nəqli edilir və bu orqan nəqllərinin 70 faizi canlıdan, 30 faizi isə ölüdən həyata keçirilir. Təkcə Türkiyədə deyil, dünyanın bir çox inkişaf etmiş ölkələrində orqan nəqli geniş yayılıb. ABŞ-da isə orqan bağışlanmasını artırmaq məqsədi ilə xüsusi vergi endirimləri tətbiq olunur.

 

Bəs orqan nəqli nə deməkdir?

 

Orqan nəqli insanın həyatda ikən özünün iradəsi ilə orqanlarının bir qismini və ya hamısını ölümündən sonra başqalarının müalicəsi üçün istifadəsinə icazə verməsidir. Qanuna əsasən, 18 yaşına çatmış, əqli-ruh sağlığı yerində olan hər kəs orqanını kiməsə bağışlaya bilər. Orqan nəqli iki şəkildə icra edilir - hazırda yaşayan, sağlam olan insandan insana və meyitdən (beyin ölümü gerçəkləşmiş insanlardan) edilən orqan nəqli.

 

İnsandan insana orqan nəqli böyrək, qaraciyər kimi orqanlar üçün mümkündür. Meyitdən (beyin ölümü gerçəkləşmiş) orqan nəqli isə çox hallarda beyin qanaması, ağır baş travmaları, nəqliyyat qəzaları və s. başqa səbəblərdən süni tənəffüs aparatına bağlanan, “beyin ölümü” gerçəkləşmiş insanlardan götürülən orqanlarla həyata keçirilir.

 

İlk dəfə dünyada orqan transplantasiyası 1902-ci ildə macar əsilli cərrah Uilman tərəfindən Vyanada həyata keçirilib. Bu əməliyyat heyvanlar üzərində keçirilib və böyrək nəqli əməliyyatı edilib. Daha sonra 31 ildən sonra, 1933-cü ildə Dr. Voronov tərəfindən ölü orqan transplantasiyası gerçəkləşdirilib. Dünyada insandan insana ilk böyrək nəqli ilk dəfə 1947-ci ildə Bostonda, ilk ürək nəqli isə 1967-ci ildə həkim Kristian Bernard tərəfindən həyata keçirilib.

 

Ölkəmizdə isə məlumata görə, orqan köçürülməsi 1971-72-ci illərdə akademik Mirməhəmməd Cavadzadə tərəfindən böyrək transplantasiyası ilə başlayıb və qeyri-müəyyən səbəblərdən bu proses dayanıb. 2000-ci illərin əvvəllərində isə professor Kamal Abdullayev iranlı mütəxəssislərin köməyi ilə böyrək transplantasiyası əməliyyatlarını icra edib. Lakin bunun da davamlı şəkildə icrası olmayıb. 2008-ci il dekabrın 12-də Azərbaycanda və eləcə də regionda ilk dəfə olaraq canlı donordan qaraciyər transplantasiyası Mərkəzi Neftçilər Xəstəxanasında Doktor Mircəlal Kazımi tərəfindən həyata keçirilib.

 

Azərbaycanda 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanun qəbul edilsə də, hələ ki, icra mexanizmi yoxdur. Qanunvericiliyə əsasən, meyitdən orqan və ya toxumaların götürülməsinin qaydaları və bu barədə tibb müəssisələrinin məsuliyyəti müəyyənləşdirilib. Qanunda qeyd edilib ki, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və ya toxumalarından istifadə oluna bilər. Həmçinin, icazəsi olmasa belə, yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə də bu həyata keçirilə bilər. Amma şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və ya toxumaların götürülməsinə yol verilmir. Bu proses yalnız həkimləri konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (“beyin ölümünün”) təsdiq edən inkaredilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

 

Azərbaycanda sağ insanlardan hansı orqanların köçürülə biləcəyi qanunvericiliklə nizamlanıb. Bu siyahıya görə, respublikada ürək, ağciyər, ürək-ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya edilə bilər. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, meyitdən orqan köçürülməsi mexanizmi hələ ki formalaşmayıb. Bu səbəbdən orqan nəqli üçün vətəndaşlar xarici ölkələrə üz tuturlar.

 

Yada salaq ki, bir neçə il öncə deputat Qənirə Paşayeva öləndən sonra orqanlarını bağışlayacağı barədə vəsiyyətini açıqlamışdı. O, vəsiyyətnaməsində bildirmişdi ki, əgər nə vaxtsa bir qəza keçirsə və ölüm ayağında olsa və ya hər hansı bir xəstəlik nəticəsində artıq beyin ölümü prosesini yaşasa, heç bir tərəddüd etmədən başqa insanları yaşada bilmək adına orqanlarını götürüb həyatla ölüm arasında olan və orqan nəqlinə ehtiyacı olan insanlara köçürə bilərlər.

 

Deputatın bu vəsiyyətnaməsi cəmiyyətdə təqdir olunsa da, bir az öncə qeyd etdiyimiz kimi, hələ də ölkəmizdə meyitdən orqan köçürülməsi mümkün deyil. Lakin Nazirlər Kabinetinin 2015-ci ilki fəaliyyəti haqqında hesabatına əsasən, Azərbaycan Səhiyyə Nazirliyi hazırda bu üsulların hazırlanması ilə məşğuldur və 2018-ci ildən sonra bu cür əməliyyatların həyata keçirilməsi planlaşdırılır.

 

Mövzu ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantiyası şöbəsinin müdiri Mircəlal Kazımi “Yeni Müsavat”a danışdı: “Məlum olduğu kimi, 2008-ci ildən başlayaraq ölkədə tərəfimizdən bu cür əməliyyat edilməyə, beləliklə də, transplantasiyası inkişaf etməyə başlayıb. 2011-ci ildən isə bizim kollektiv tərəfindən Naxçıvan MR-da böyrək transplantasiyasına start verildi. O gündən başlayaraq bizim mərkəzimiz tərəfindən 368 böyrək, 107 qara ciyər transplantasiyası əməliyyatı icra edilib. Ümumilikdə isə 500-ə yaxın orqan köçürülmə əməliyyatı etmişik. Digər tərəfdən Regionların Sosial İnkişafı Proqramı çərçivəsində Cəlilabad, Şirvan, Quba, Qəbələ, Şamaxı, Naxçıvan MR-da da analoji böyrək köçürülmə əməliyyatlarını aksiya şəklində, təmənnasız olaraq icra etmişik. Bildiyiniz kimi, bütün dünyada orqan nəqli iki üsulla, canlı və meyit donorlar vasitəsi ilə aparılır. Təəssüflər olsun ki, hələ ki, respublikada canlı donorlardan istifadə edirik. Hal-hazırda meyit orqanlarından istifadə edə bilmirik. Çünki dövlət və nazirlik tərəfindən bununla bağlı layihə hazırlanır. Düşünürəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və beyin ölümü keçirən xəstələrdən alınan orqanlar vasitəsi ilə də orqan nəqlini icra edə biləcəyik. Böyrək və qaraciyər çatışmamazlığından əziyyət çəkən xəstələr nisbətən şanslıdırlar, çünki onlar üçün canlı donor tapmaq mümkün olur. Lakin xəstələrin bəzilərinin qan uyğunsuzluqları nəticəsində canlı donorları olmur. O cümlədən ağ ciyər, ürək çatışmamazlığından əziyyət çəkən xəstələr var ki, faktiki olaraq onların da meyit donorları yoxdur. Buna görə də mütləq şəkildə lazımdır ki, bizim ölkədə də beyin ölümü keçirən xəstələrdən də orqan köçürmə əməliyyatları icra olunsun”.

 

Bəs islam dini orqan köçürülməsinə necə baxır?

 

Dinşünas Kənan Rövşənoğlunun sözlərinə görə, İslam dinində orqan bağışlamaq savab əməllərdən hesab olunur: “Dünyadan köçəcək və ya ağır xəstə olan insana həyat vermək çox müsbət, savab əməlidir. Din də buna qarşı çıxmır. Keçmişdə bu cür orqan bağışlamaq olmayıb, bu yeni bir məsələdir. Amma ümumi olaraq ağır xəstə olan insanların ömrünü uzatmaq vermək çox yaxşıdır”.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017