Elə edin ki... - NƏ ŞİŞ YANSIN, NƏ KABAB

Yay aylarında hansısa istirahət məkanında, bulaq başında kabab çəkmək ən sevdiyimiz məşğuliyyətlərdən biridir. Bundan əlavə ilin bütün fəsillərində qonaqlıqlarda, ziyafətlərdə, toy-nişan mərasimlərində kababın verilməməsindən söz belə gedə bilməz. Xalqımız ət sevər xalq olduğu üçün, kababın bütün növlərindən sevə-sevə istifadə edir. Amma bir neçə nəfərin kababdan zəhərlənməsi və bəzi əcnəbi dietoloqların ətin yanaraq kömürləşmiş hissələrinin xərçəng yaratma riski ilə bağlı xəbərlərinin mediada yer alması insanlar arasında müəyyən narahatlıqlar yaratdı. İddialara əsasən, çox yüksək temperaturda ət bişirmək heterosiklik aminlər deyilən xərçəngə səbəb olan birləşmələri yarada bilir. Həmçinin kömürləşmiş ətlərin tez-tez istehlakı prostat, pankreas və mədə xərçənginə tutulma riskini artırır deyə mütəxəssislər xəbərdarlıq edir. Bəs görəsən hansı hallarda kabab yemək insan orqanizmini təhlükəyə atır? Kababı nə ilə və hansı vaxtlarda yemək lazımdır ki, orqanizmə heç bir zərəri olmasın? Onun bişirilmə qaydası necədir? Ailem.az bu suallara aydınlıq gətirməyə çalışıb.

 

Ocaqla ətin arasındakı məsafə 15 santimetrdən az olmamalıdır

 

Dietoloq Tutu Zeynalova Ailem.az-a bildirdi ki, kabab bişirilərkən ocaqla onun arasındaki məsafəni düzgün tənzimləmək lazımdır: “Yəni ocaqla ətin arasındakı məsafə 15 santimetrdən az olmamalıdır. Həmin qayda qorunarsa, xərçəngə, yaxud başqa xəstəliklərə səbəb olacaq heç bir problem yaranmaz”.

 

T.Zeynalovanın sözlərinə görə, hər kəs kababı çəkisinə, boyuna, yaşına uyğun olaraq yeməlidir: “Qadınla kişinin yemək ölçüsü fərqlidir. Məsələn, 120 kilo bir bədənlə 80 kilo bir bədənin enerji ehtiyacı fərqli olduğu üçün onlarda bu porsiya dəyişir. Adətən əlimizin ölçüsü boyda deyirik, yəni bir şəxs 200 qramı aşmamaq şərti ilə kabab yeyə bilər. Amma burada da balansı gözləmək lazımdır. Əgər günorta kabab yeyilibsə, axşama mütləq tərəvəzli bir yeməyin yeyilməsi məsləhətdir. Yaxud axşam harasa gedəndə kabab yeyəcəksinizsə, gündüz daha yüngül yeməklə qidalanın ki, balanslı qidalanmış olasınız. Mütləq kababın yanında bol yaşıllıqlı salat olmalıdır. Əgər qırmızı ətdən danışırıqsa, bu ətin mənimsənilməsi üçün yaxşı olar ki, onun üzərinə bir az limon sıxasınız. Çünki bu, dəmirin mənimsənilməsini yaxşılaşdıran yeganə vasitədir”.

 

“Biz həmişə kabab yemişik və indən sonra da yeyəcəyik”

 

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov dedi ki, burada narahatlıq yaradan məqam ondan ibarətdir ki, kabab bişərkən ətin yağı əriyib közə tökülür və bu zaman bir az oksidləşmə gedir: “Amma biz axı bu kababı göyərtisiz yemirik. Ona görə də həmin oksidləşmənin orqanizmə heç bir ziyanı olmur. Kimin canı xəstədirsə və həkim qadağan edibsə, kabab həmin adama zərərlidir”.

 

“Biz dədə-babadan kabab yemişik və indən sonra da yeyəcəyik. Əgər ət təmizdirsə, sağlam heyvanın ətindən hazırlanıbsa, bunun insana heç bir qorxusu yoxdur. Amma diqqət etmək lazımdır ki, ət yaxşı bişsin. Kabab, ümumiyyətlə ət yemək sağlam adam üçün çox faydalıdır. İnsanlar qorxmadan bu qidadan rahatlıqla istifadə edə bilər. Bu o halda ziyanlıdır ki, bir qoyunu bir oturuma yeyəsən”, - deyə T.Əmiraslanov vurğuladı.

 

 

Kababçılar isə yaxşı kabab hazırlamaq üçün ət seçərkən onun təzə və dondurulmamış olmasına diqqət etmək lazım olduğunu bildirir. Kabab üçün ən yaxşı ət isə mal, quzu və qoyun əti sayılır.

 

“Kababı yuxa çörək, soğan və göyərti ilə yemək...”

 

Paytaxt restoranlarında birində 15 ildən artıqdır kababçı işləyən Akif Paşayev bildirdi ki, hər kəs yaxşı kabab hazırlaya bilmir. Bu xörəyin hazırlanması da peşəkarlıq tələb edir: “Ətin seçilməsindən, onun bişirilməsindən süfrəyə verildiyi ana qədər hər bir şey qaydasınca yerinə yetirilməlidir. Yaxşı kabab əsasən malın, yaxud qoyunun bud və bel hissələrindən olur. Məsələn, 2 kilo ət götürülür səliqə ilə tikələrə ayırırsan. Diqqət etmək lazımdır ki, ət həddindən artıq yağlı olmasın. Belə olduqda yağ çox damcılayır və kabab tamamilə quru qalır. Ona duz, zövqə görə istiot vururuq. İstəyən olanda kəklikotu da əlavə etmək olar. Ət tikələri arasında 10 mm məsafə qoymaqla şişlərə çəkilir və manqala düzülür. Ətin ocağa tərəf olan hissəsi bişdikcə şişlər fırladılır. Amma bunu da elə etmək lazımdır ki, kabab nə çox yansın, nə də az bişsin. Belə olanda kabab çox yumşaq alınır. Kababı yuxa çörək, halqavari doğranmış soğan və göyərti ilə yeyəndə daha ləzzətli olur”.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017