Dırnaq qaynağı etdirən xanımlara HƏKİM XƏBƏRDARLIĞI: “…dırnağı çürüdür”

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi “Gözəllik ondur, doqquzu dondur”, - deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq. Amma dəblə ayaqlaşma, dəbdən də geri qalma deyən xanımlardan bəziləri ilə söhbət etdikdən sonra məlum oldu ki, onlar bu cür dırnaqlardan istifadə etdiklərinə peşman olublar.

 

Həmsöhbət olduğumuz Sevinc Quliyeva Ailem.az-a danışdı ki, dırnaq qaynağı etdirdikdən bir saat sonra barmaqları qaşınmağa başlayıb: “Dəhşətli qaşınma idi. Səhər oyanıb tanış həkimə zəng vurdum. Dedi geldən allergiya verib. Antihistamin tablet və krem təyin etdi. Bir-iki gün sonra qaşıntı keçdi. Amma iki həftə sonra bir barmağımda yara əmələ gəldi. Həkimə getdim. Məlum oldu ki, dırnağın mayasına infeksiya keçib. Qısası, həmin dırnağımı çıxardılar”

 

Aynur Mustafayeva isə söylədi ki, qaynaq etdirdikdən sonra dırnaqları heç cür uzanmır və qırılıb tökülür: “Dırnaqlarımın əvvəlki vəziyyətini bərpa etmək üçün müxtəlif müalicəvi maskalar, vannalar hazırlayıram. Bundan sonra nə qaynaq, nə də şellak elətdirəcəm”.

 

Dırnaq qaynağının dəriyə və dırnaqlara hansı zərərləri var? Belə dırnaqlardan hər kəs istifadə edə bilərmi və hansı hallarda bu cür dırnaqların qoyulması məsləhət görülmür? Mövzu ilə əlaqədar Ailem.az-a danışan dermatoveneroloq Yaqut İsmayılova bildirdi ki, bununla bağlı ona müraciət edən xanımların sayı çoxdur: “Bir neçə gün öncə yanıma qız gəlmişdi. Vəziyyəti ağır idi. Barmaqları yaman gündəydi, dərisi tökülürdü. Gözlərinin içinə qədər qıp-qırmızı, hər yeri şişmiş, əlləri çat-çat idi və qan axırdı. Hətta həmin qaynaqları dişləri ilə qopararaq çıxarmışdı. Aseton ilə də təmizləməmişdi ki, birdən o da allergiya verər. Ona hormonal iynə təyin etdim vurduqdan sonra nisbətən yaxşılaşdı. Amma hazırda da onun müalicəsi davam etdirilir”.

 

Y. İsmayılova deyir ki, qaynaqlardan istifadə dırnaqlarda sink, dəmir azalmasına, tez-tez sınmalara səbəb olur və ən pis halda dırnaqlarda infeksion göbələk xəstəliyi yaradır: “Qaynaq edilən yerlərdə müraciət edən xanımın allergiyalı olub-olmamasını yoxlamırlar. Alətlərdən necə gəldi istifadə edirlər. Pasientlərin müraciətlərin çoxluğundan da bəlli olur ki, dırnaq qaynağı edənlərin əksəriyyəti sadəcə pul qazanmaq məqsədi ilə qeyri-professional şəkildə bu işlə məşğul olurlar. Keyfiyyətsiz, ucuz vasitələrdən istifadə edirlər. Dırnaq qaynağı zamanı istifadə edilən gel və boyalar dəri vasitəsilə qana sovrulur və orqanizmə zərər verir. Kimin immuniteti güclüdürsə, qaraciyəri onu zərərsizləşdirir. Amma orqanizmi zəif, hansısa pəhriz saxlayan və allergik reaksiyalara həssas olanlarda bu hallar böyük fəsada çevrilir. Uzun dırnaq saxlayan xanımların əksəriyyətində göbələk xəstəliyi olur. Bir çox hallarda onun üstündən qaynaq edirlər. Həmin göbələk dırnağın yatağına qədər dırnağı çürüdür. Belə halda müalicə də uzun zaman tələb edir. Bu xəstələrdə dərinin müqavimətini artırmaq üçün müxtəlif kremlərdən, dərmanlardan istifadə edilir”.

 

Həkim vurğuladı ki, bu işi mütəxəssis olan kosmetoloqlar həyata keçirməli, müəyyən gigiyenik şərtlərə əməl edilməlidir: “Bəzən xanımlar ucuz olsun deyə peşəkarlığından əmin olmadıqları, tanımadıqları şəxslərə qaynaq etdirirlər. Alətlərin sterilizə olunduğunu belə bilmirlər. Yaxşısı budur, hər xanımın şəxsi manikür alətləri olsun. Əgər yoxdursa, salondakı alətlərin sterilizə olunduğuna tam əmin olmadan istifadə etməsinlər. Ucuzluğa yox, peşəkarlığa və keyfiyyətə üstünlük versinlər. Belə olduqda hər hansı problemlə də rastlaşmazlar”.    

 

LENT

23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017