Meyxanaçı Samirə: “Oğlumla ana-bala oturub, pivə vururuq” - MÜSAHİBƏ

Müğənni, meyxanaçı Samirə Yusifqızı modern.az-a müsahibə verib. Ailem.az həmin müsahibəni ixtisarla təqdim edir.

 

 - Meyxana sənətinə başlayanda həyat yoldaşınız bunu necə qarşıladı?

 

- Mən meyxana deyəndə həyat yoldaşım sağ idi. O, orqan işçisi idi. Meyxana elə əvvəlcədən həyatımda var idi. Sadəcə, mən deməyə çəkinirdim. Çünki özünüz bilirsiniz ki, o vaxtkı ab-hava necə idi. Ona görə bir az bu sənətdən qaçırdım.

 

- Sizə meyxanaçı deyiləndə xoşunuz gəlmir. Səbəbi nədir?

 

- Çünki mən ali savadlı müğənniyəm. Əlbəttə ki, xoşuma gəlməz.  Əziyyət çəkib Asəf Zeynallı adına Musiqi Kollecində xanəndəliyi bitirmişəm, vokal dərsləri almışam. 40 ildir ki, müğənniyəm. Bu müddət ərzində  sənətlə məşğul olan, efirlərdə klipləri gedən, Faiq Şücəddinovun mahnılarını ifa edən birinə birdən-birə meyxanaçı deyilməsi yaxşı deyil.  Düzdür, mən meyxanaçıyam, qəbul edirəm. Bu janrda ilk qaranquşam.  Bunu da hamı bacarmır. Bir tərəfdən xoşuma gəlsə də, beş tərəfdən xoşuma gəlmir. 

 

- Samirə xanım dediniz Asəf Zeynallı adına Kolleci bitirmisiniz. Bəs niyə özünüzü meyxana sənətinin içinə saldınız? Buna nə vadar etdi sizi? Daha sanballı bir şeylərlə də tanına bilərdiniz.

 

- Mən onsuz da tanınmışdım. 2009-cu ildə ilk “Toylar kraliçası” mən olmuşam və efirdə kifayət qədər sənət göstərmişəm. Mən oxuduğum unudulmuş mahnıları sonradan hamı oxumağa başlayıb. Zeynəb Xanlarova, Elmira Rəhimova, Məmmədbağır Bağırzadə, İslam Rzayevdən  elə mahnılar ifa etmişdim ki, hətta münsiflər heyəti təəccüblənirdi. Mənə Azərbaycanda gəzən ensiklopediya, canlı arxiv deyirlər. Kim nə mahnı axtarırsa, mənə zəng edir.

 

- Onda sizi efirdə meyxana deyişmələrinə qatılmağa nə vadar etdi? Bilirsiniz ki, deyişmələrdə bir az jarqon ifadələr, vulqar sözlər işlənir. Biz istəsək də, istəməsək də bu, meyxana janrının qanunudur.

 

- Gəlin belə baxaq. Bu gün Azərbaycanda irəlidə olan musiqilərin 90 faizi meyxana üzərində qurulub. Aygün Səmədzadə, Elçin İmanov kimi üç-dörd bəstəkarın mahnısı əsl mahnı sayıla bilər. Amma o birilər  üçü birində “nescafe” kimidir - həm yazır, həm bəstələyir, həm də oxuyurlar. Hamısı eyni  formada olan mahnılardır. Özbək, Hindistan, türk, ərəb ritmləri mövcuddur. Yəni hamısı meyxana deyir. Kim mahnı oxuyur ki?!

 

- Deyişmələrdə qarşı tərəf sizə vulqar, kobud söz deyəndə o qədər kişi içərisində necə cavab verirsiniz ? 

 

- Onlar ədəbsiz ifadə işlədirsə, mən də işlədirəm. Çalışırıq ki, çox mentalitetdən kənara çıxmamaq şərti ilə  yüngülvarı - pişik, dovşan, siçan, ilan- belə şeylər deyək. Amma söyüş işlətməyi əlbəttə ki, özümə sığışdıra bilmərəm. Heç imkan da vermərəm. Həm də mən uşaq-muşaqla toyda meyxana demərəm axı. Mən bilirəm, kimlərlə meyxana demək lazımdır.

 

- Uşaq-muşaq dedikləriniz kimlərdir?

 

- İndiki cavanlar şadlıq evinin qapısında boyunlarını büküb dayanırlar ki, sən Allah toyunda meyxana deyim, nə yığaram yığaram. Yəni meyxananı o qədər ucuzlaşdırıblar ki! Bu sənəti dilənçiliyə çeviriblər sanki.

 

- Oqtayla deyişməniz cəmiyyətdə daha yaxşı qarşılandı.

 

- Ay Oqtay ölməsin, yazıqdır.

 

- Başqa kimlərlə deyişməniz xoşunuza gəlir?

 

- Vüqar Abdulovla Azərbaycan diasporunun dəvəti ilə Hollandiyanın Utrix şəhərində konsertdə olmuşuq. Sonda Vüqarla gözəl meyxana səsləndirdik. Hətta orada yaşayan azərbaycanlılar, iranlılar buradan fərqli olaraq daha çox bizi istəyir və dəstəkləyirlər. 1994-cü ildə Ağasəlim Çıldağla, 1996-1997-ci illərdə Vüqar, Kərim, Ağamirzə ilə toyxanalarda meyxana demişəm. Amma nədənsə cəmiyyət məni Oqtayla daha çox qəbul etdi. O da çənədir, özünü qoyub naza.

 

- Oqtayla qalmaqallarınızdan xəbərimiz var. Barışıq olubmu?

 

- Təbii ki, barışmışıq. Oqtayla küsən gərək elə Oqtayın ağlında olsun. Oqtayın başı çox gözəl işləyir. Doğrudan onun qabiliyyəti, gözəl demək tərzi, məntiqli sözləri var. Onun  sözlərini mən heç bir meyxanaçıdan eşitmirəm. Oqtayın yazdığı sözlərə Röyadan tutmuş bir neçə sənətçiyə qədər çox insan mahnı ifa edib. Sadəcə olaraq bu insan tənbəl və məsuliyyətsizdir. Məni o qədər toylardan, məclislərdən, efirlərdən qoyub ki. Bu səbəbdən bizim münasibətlər soyudu və uzaqlaşdıq. Yeniliklər də olmadı. Onsuz da televiziyalar dəvət etmir. Nə üçün, kimin üçün edim bu yenilikləri?.

 

- Samirə xanım, bayaq özləri yazıb özləri oxuyan müğənniləri qeyd etdiniz. Elza Seyidcahanı nəzərdə tutdunuz?

 

- Elza Seyidcahanın tamam başqa üslubu var. O, çox savadlı xanım, gözəl bəstəkardır. Elza yazdığı mahnıları özü oxuya bilər. Kənar biri də səsləndirə bilər, amma onun kimi yox. Çünki onun mahnılarına doğrudan da qeyri-adi yanaşmaq lazımdır. Elza xanım fantastik adamdır. Bu adamdan Azərbaycanda yoxdur. 

 

- Xahiş edirəm, səmimi cavab verin. Siz deyişən zaman özünüz narkotik tərkibli maddələrdən istifadə etmisinizmi? Məsələn, Aydın Xırdalanlı nümunəsi var.

 

- Aydın Xırdalanlı etalon deyil. Hacı Mehman, Hacı Elşən, Kərim, Ağamirzə, Aqşin, Fateh-hamısı hacıdırlar. Vasif  nə içki içir, nə siqaret çəkir. Rəşad, Ələkbər özü kərbalayidir. Bu o demək deyil ki, meyxanaçılar mütləq narkotikdən istifadə etməlidir. Bu saat Azərbaycanda üzr istəyirəm, toyxanalarda yerdən o qədər iynə yığırlar ki. Yəni bu bizim bədbəxtliyimizdir, cavanların fəlakətə gedən yoludur. Allah şahidimdir ki, indiyə qədər pivədən başqa heç birinin dadını bilmirəm. Hərdən istilərdə ürəyim istəyəndə evdə balıqla pivələyirəm. Oğlumla ana-bala oturub hərəyə bir bakal pivə vururuq. Narkotikdən istifadə eləsəm də, bunu heç vaxt gizlətmərəm.

 

- Heç pivə içib meyxana demisinizmi?

 

- Tövbə, heç vaxt. Çünki məclislərə gedəndə elə olur ki, ev sahiblərinin yanında otururuq. Həmişə də pivə içmək olmaz axı. Adam pivə çəlləyinə dönər. Bu heç təqdirəlayiq də deyil. Müəyyən vaxtlarda, evdə sakitləşmək, dincəlmək istəyəndə bir bakal pivə içib başını atıb yatırsan. Çünki o, adama yuxu gətirir və böyrəklərə xeyirdir.

 

- Müğənnilərə, meyxanaçılara, sənət adamlarına həmişə bahalı hədiyyələr verilir. Siz almısınızmı?

 

- Mənə heç indiyə qədər bir kibrit də verməyiblər. Çünki nə sponsorum, nə də məni saxlayan olub. Mən özüm-özümü saxlamışam.

 

- Bəs toylarda?

 

- Olmur. Yalan şeydir. Kimə nə verirlərsə, bilin ki, onun müqabilində nəsə tələb edirlər. Heç kim heç kimə havayı bir şey vermir. Həqiqətin üzünə açıq baxmaq lazımdır. Niyə yalandan üstünü kremləyib qəşəng deyək?! Amma sonra qazanda görürsən ki, altında heç nə yoxdur. Heç kim heç kimə havayı maşın ya da ev verməz.

 

- Deyəsən elə adamları çox tanıyırsınız.

 

- Nə qədər lazımdırsa. Demək olar ki, saçımın tükü qədər. 

 

- Həmişə eşidirik ki, hansısa imkanlı kişi hansısa qadın müğənniyə sponsorluq edir, ona bahalı hədiyyələr verir.  Bəs bu şou-biznesdə belə hal varmı ki, hansısa imkanlı qadın kişi müğənnini saxlasın? 

 

- İndi elə şeyləri qadınlardan çox, kişilərə verirlər. Kişifasonlara...Təzə çıxan, cavan müğənnilərimiz var. Hansı ki, yaşlı xanımlar onlara sponsorluq edir.

 

- Maraqlıdır, bəs övladlarınız sənətinizlə bağlı heç etiraz etmirmi?

 

- Toya, ya da meyxana məclisinə gedəndə oğlum məni aparırdı. O zaman demişəm ki, Fərid, gözlə məni, ya da gir içəri. O da həmişə deyib ki, “ölsəm də, o məclisə girmərəm. Gedib başqa yerdə gözləyərəm, qurtaranda deyərsən gəlib götürərəm”. Oğlan uşağıdır, istər-istəməz ona pis təsir edir. Tutaq ki, heç deyişmələrdə pis söz demirlər. Göyçək deyirlər. Bu yaxşı sözdür ki? O vaxt bizdə “xalası göyçək” deyirdilər. Amma indi “ay mənim göyçək anam” deyirlər. Anasını qoyub ortalığa. Anam göyçəkdir, ay camaat baxın anama. Ayıbdır, vallah.  Ya da “qardaş, bu ceyranı hardan almısan”. Baxın ha, qardaşım ceyran alıb. Nə oxuduqlarına fikir vermirlər. Bunlara dəyib-dolaşan yoxdur. Belə şeyləri qələmə almaq lazımdır. Sözlərin qəti məntiqi yoxdur, amma hamı meyxanadakı sözləri ön plana çəkir. Allaha and olsun, ana, bacı, gəlin, qız hamısı ortalığa qoyulub. Ağızlarına gələni oxuyurlar. Mən şəxsən belə şeyləri qəbul etmirəm.

 

- Müsahibə əsnasında Allahın adını çox çəkdiniz. İbadət edirsinizmi?

 

- Bilirsiniz, mən yalandan ibadət edirəm deyə bilmərəm. Etmirəm. Düzdür, evdə anam namaz qılır. Bayaq dedim, pivə içirəm. Pivə içən adam ibadət edə bilməz. Allahı çox sevirəm. Namazın sözləri özündə Allahın verdiklərinə şükürü əks etdirir. Onsuz da səhər yuxudan oyananda şükür edirəm. Heç kim bir dəqiqədən sonra başına nə gələcəyini bilmir. Ona görə  də ibadət etdin ya etmədin, hər dəqiqə Allahına şükür etməlisən. Zikrlər edirəm, dua edirəm. 14 yaşımdan Quranı oxuyuram. Hər şeydən xəbərim var. İndi pivə içirəm, amma 60 yaşımı keçəndən sonra ibadətə, mollalığa başlayacağam.

 

- Bəs içdiklərinizin günahı kimin boynuna olacaq? Bilirsiniz ki, içki günahdır. Bəs niyə 60 yaşa kimi gözləyirsiniz?

 

- Öz boynuma olacaq. Pivə içmək günah deyil. O, haramdır. Amma tək pivə haram deyil ki. Hətta şəkəri də çox yesən, o sənə haramdır. Çünki sən öz bədəninə ziyan edirsən. Hər şeyi həddində etmək insana ziyan deyil. Qoy mənim günahım bir pivə olsun. Mən onun cavabını verərəm. Onsuz da indiki mollaların hamısının əvvəli müğənni olub (gülür). Bizim xanım müğənnilərimiz Həccə gedib-gəlirlər. Üç gün başlarını bağlayıb efirə çıxırlar. Özlərini reklam edirlər. Sonra yubka qalxır, kofta aşağı düşür, gellər, botokslar, sir-sifət pis günündə... Bu, həcixanıma yaraşan bir şeydir  Mən elə şeyi qəbul etmirəm. Günü bu gün istəsəm, Kərbəlama da, Həccə də gedərəm. Amma getmirəm. Çünki getsəm, sənətimlə birdəfəlik qurtarmalıyam. Musiqi şeytan əməlidir. Bizim toylarımız dinimizə uyğun deyil. Biz pivəyə haram deyirik. Xeyr,  haram olan toylarımızdır. Onsuzda yaşayışımızın çox hissəsi haramdır. Halal bircə ana südüdür. 

 

- Sizə heç evlilik təklifləri olubmu?

 

- Vallah, o vaxt bir-iki dəfə dəxlisiz adamlardan evlilik təklifi aldım.

 

- İmkanlı idilər?

 

- Yox. İmkanlı adamlar məni neyləsin? Məni tapanlar elə alfons olur. Gəlib bir ucundan da onlar yemək istəyir. 

 

- Belə fikirlər səslənir ki, məmurlar müğənniləri himayə edir.

 

- Edirlər. Sağ olsunlar, kömək edir, dəstək olurlar. Amma mənə etmirlər. Heç kimdən də heç nə gözləmirəm. Bundan sonra kimdən gözləyəcəyəm?! 50 yaşım var.

 

- Meyxana sənətində sizə sevgi etirafı edən olubmu?

 

- Cavan vaxtı olub. Amma indi yox. İndi artıq yaşlanmışam, kimə lazımam?

 

- Tanınmış adamlar idi? Çünki sənət aləmində kişilər elədir ki, ailəsinə bağlı da olsa, həmişə gözü başqa yerdə olur. Ümumiyyətlə bu, əksər kişilərə aiddir.

 

- Guya başqa ixtisasa sahib olanlar mələkdir? Kişi ayağını qapıdan bayıra qoydusa, subaydır, vəssalam.

 

- Yəni heç bizim yaxşı tanıdığımız meyxanaçının sizə sevgi etirafı olubmu?

 

- Yox. Çünki mən meyxanaçıların, həm də sənətçilərin kim olduğunu, iç üzlərini bilirəm. Ona görə mənə yaxınlaşmağa qorxurlar. Bilirlər ki, onların cavabları hazırdır. Özü də necə lazımdırsa.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017
18 Sentyabr 2017
16 Sentyabr 2017
15 Sentyabr 2017