“Transformers” şərti, yaxud ikisini alana üçüncüsü... - REPORTAJ

Artıq yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Bu, elə bir ərəfədir ki, ailəsində məktəbli olacaq hər kəs müəyyən hazırlıq, təlaş içərisindədir. Çünki valideynlər artıq yeni tədris ili üçün uşaqlarına məktəb bazarlığı etməli, onların məktəblə bağlı bütün ehtiyaclarını ödəməlidirlər. Bu prosesdə ən çox sevinənlər övladları ilk dəfə məktəbli olacaq uşaqların valideynləridir. Mübaliğəsiz demək olar ki, onlar bu prosesdə daha həvəslə iştirak edir, çalışırlar ki, övladları üçün ən gözəl, ən keyfiyyətli məktəb ləvazimatları alsınlar...

 

Nəzərə almaq lazımdır ki, bir çox ailələrdə iki və daha artıq uşaq məktəbə yollanacaq.

Bu halda valideynlər elə etməlidir ki, həm bütün dərs ləvazimatlarını alsınlar, həm də büdcələrinə uyğun olsun.  Bəs görəsən bir uşağa dərs vəsaiti almaq neçəyə başa gəlir?

 

Ailem.az-ın əməkdaşı bu suala aydınlıq gətirmək üçün məktəb ləvazimatları satılan bəzi mağazalara baş çəkib.

 

- Ana, mən istəyirəm, çantamın üzərində Transformers Prime-ın şəkli olsun...

 

- Oğlum, axı burada elə çanta yoxdur

 

- Onda mən məktəbə getməyəcəm...

 

Bu məzəli dialoqa Elmlər Akademiyası metro stansiyasının yaxınlığında yerləşən məktəb ləvazimatları satılan bir mağazada şahidlik etdik. Ayxan adlı bu balaca oğlan birinci sinfə gedəcək və anası ilə məktəb alış-verişinə çıxıb. Anası Sevinc Abbasova deyir ki, artıq dünəndən oğlu üçün məktəb vəsaitləri almağa başlayıb: “Demək olar ki, bir çox şeylər almışıq. Çanta ilə su qabı qalıb. Oğlum deyir ki, onların üzərindəki şəkillər onun istədiyi kimi olsun. Mən də xətrinə dəymirəm, bütün mağazaları gəzməli olsam da, həmin çanta və su qabından tapacam”.

 

Burada məktəb alış-verişi edən başqa bir valideynlə söhbət edirik. Nigar adlı bu xanım deyir ki, iki qızı məktəblidir: “Dəftər, qələm, karandaş və bəzi dərs ləvazimatları almışam. İndi hər ikisi üçün çantaya baxıram. Keçən il aldığım çantanı heç 5 ay götürmədilər. Məcbur oldum 20 manatdan hərəsinə yeni çanta aldım və onlar da bir neçə aya xarab oldu. İndi çalışıram ki, çantalar daha keyfiyyətli olsun, amma qiymət baha olduğu üçün almağa çətinlik çəkirəm”.

 

Bu mağazada olan qiymətlərlə sizi tanış edirik:

 

Qələm – 10-20-30 qəp

 

Dəftər - 12 vərəqli 20 qəpik, 24 vərəqli 40 qəpik, 40 vərəqli 45 qəpik, 100 vərəqli 70 qəpik

 

Karandaş - 12 ədəd 3 manat, 24 ədəd 8 manat 50 qəpik

 

Rəngli kağız  -  1 manat 20 qəpik

 

Rəsm albomu  - 1 manat 50 qəpik

 

Flomaster - 12 ədədi 3 manat 60 qəpik

 

Pozan – 10-40 qəpik

 

Karandaş yonan – 70 qəpikdən – 1 manat 50 qəpiyədək

 

Qələm qabı 3 manat 20 qəpikdən, 17 manat 90 qəpiyədək

 

Su qabı – 5-13 manat

 

Çanta – 25 – 100 manat 

 

Baş çəkdiyimiz Sədərək Ticarət Mərkəzi isə demək olar ki, məktəb ləvazimatları ilə dolub daşır. Hər tərəf ağappaqdır. Əgər düşünürsünüzsə ki, yaxınlarda bu ticarət mərkəzinə başqa nəsə almağa gedəsiniz, yaxşısı budur, fikrinizdən daşınasınız. Elə bil bütün satıcılar əlbir olublar ki, hamısı məktəb ləvazimatları satsın. Hətta bəzi aksiyalar da keçirirlər: “İki məktəbli köynəyi alana, üçüncüsü yarı qiymətə”.

 

Bu aksiyadan yararlanaraq oğlanlarına məktəbli köynəyi alan bir şəxs satıcıdan soruşur ki, əgər iki köynək alsa, əvəzində pulsuz bir şalvar ala bilərmi? Satıcı isə bunun sərf etmədiyini dedi. Çünki köynəyin biri 8-10 manata satılır, şalvar isə 18 manatdır.

 

Məktəbli qızlar üçün mallar satılan mağazada müşahidə etdik ki, valideynlər əsasən ağ köynək, kolqotka, ağ corab alırlar. Alış-veriş məqamında isə kiçik bir qızın yaman məyus olduğunu gördük. Məlum oldu ki, ikinci sinfə gedəcək həmin qızın saçları tamamilə qısa olduğu üçün anası ona ağ saç lenti almaqdan imtina edir. O isə ağ lentsiz məktəbə getmək istəmir...

 

Bildirək ki, ölçüsündən asılı olaraq burada qız üçün köynəklər 10-15-20 manat arasında dəyişir. Kolqotkalar 3- 6- 8 manat civarındadır. Corablar isə 1 manat, 1 manat 50 qəpiyədir. Əgər valideyn xüsusi ağ tüllərlə bəzədilmiş məktəbli corabları almaq istəsə, o zaman 2-3 manatından keçməli olacaq. Saç lentləri isə formasına görə 1 manatdan 6 manatadək satılır.

 

Həmsöhbət olduğumuz Aynur xanım söylədi ki, övladlarının biri bu il üçüncü sinfə, digəri isə 5-ci sinfə keçir. Ötən ildən çantaları, müəyyən paltarları olduğu üçün yalnız ayaqqabı və dərs ləvazimatları alacaq: “Çalışıram ki, uşaqlara nisbətən keyfiyyətli mallar alım. Məsələn, keçən il 45 manata çanta almışdım. Baha olsa da, keyfiyyətli idi. Uşaq bu il də həmin çantanı götürəcək. Amma keyfiyyətsiz məhsul alanda, əksinə, ikiqat baha başa gəlir”.

 

Bakıda bütün metrostansiyaların çıxışında təhsil yarmarkaları qurulub. Bildirilir ki, həmin yarmarkalarda satılan dərs ləvazimatları ucuzdur və valideynlərin büdcəsinə uyğundur.

Biz də “Koroğlu” metro stansiyasının yaxınlığındakı təhsil yarmarkasına baş çəkirik. Günorta saatları olmasına baxmayaraq, burada alıcı o qədər də yoxdur. Alış-veriş edənlərin bir çoxu isə sadəcə dəftər, qələm, karandaş kimi məktəb ləvazimatları alır.

 

Səbəbini soruşduqda bir valideyn dedi ki, burada satılan çantalar, su qabları, köynəklər və sair nisbətən ucuz olsa da, elə də keyfiyyətli deyil.

 

Yarmarkada qiymətlər belədir:

 

12 vərəqli dəftər – 13 qəpik

 

40 vərəqli dəftər – 28 qəpik

 

60 vərəqli dəftər – 37 qəpik

 

100 vərəqli dəftər - 67 qəpik

 

Qələm - 35-50 qəpik

 

Rəsm albomları - vərəq sayına görə, 70 qəpik, 3 manat arası

 

Karandaş 12 ədəd – 2 manat 50 qəpik

 

Karandaş 24 ədəd – 4 manat 50 qəpik

 

Su qabları - 4 manatdan başlayır

 

Termoslar – 6 manat

 

Çantalar 8 manatdan 15 manata qədər. Bu çantalar Çində istehsal olunub. Türkiyə və Ukraynada istehsal olunan çantalar isə bir az bahadır, yəni 17-27 manat civarında təklif olunur.

 

Məlumat üçün qeyd edək ki, məktəblilərin Təhsil Nazirliyi tərəfindən kitablarla pulsuz təmin olunması valideynlərə köməkdir. Amma bununla yanaşı iş dəftərlərini almaq da müəyyən vəsait tələb edir və həmin iş dəftərlərinin qiyməti də 3-5 manat arasındadır.

 

Bakı Tikiş Fabriki tərəfindən məktəbli formaları üçün standart qiymətlər təyin olunub.

Burada aşağı sinif şagirdləri üçün məktəbli forması 40 manat, yuxarı sinif şagirdləri üçün isə 46 manata satılır.

 

Apardığımız araşdırma zamanı məlum oldu ki, bir uşağın məktəbə yola salınması üçün lazım olan dərs vəsaitlərinə təxminən 150 manat tələb olunur. Amma bu hesaba məktəbli formaları daxil deyil. Həmin formaların qiymətini də əlavə edərək hesablasaq, bu il məktəbə uşaq göndərmək valideynlərə 200-250 manata başa gələcək.

 

 

 

 

 

 

 

LENT

20 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017