Fidan Hacıyeva “Xınayaxdı gecəsi” filminin təqdimatını keçirib

Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva Musiqi Mərkəzində bu sənət ocağının tələbələrinin konserti və özünün də rol aldığı "Xınayaxdı gecəsi" filminin təqdimatını keçirib. Musiqi Mərkəzinin tələbləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər. Konsertdən əvvəl jurnalistlərlə görüş keçirən sənətçi bildirib ki, dünyanın ən məşhur opera ifaçılarının, məsələn Bruno Balioni və digər sənətkarların öz musiqi mərkəzləri var: “Həmişə arzum olub ki, ikinci, üçüncü, dördüncü, beşinci Karmen olsun, ya da Müslüm Maqomayevlər, Bülbüllər yetişsin”.

 

Konsertdə Leyla Qürbətli, Orxan Cabbarov, Sevil Əsədullayeva, Elçin Əliyev,  Arzu Qurbanova, Nəzrin Həsənzadə, şotlandiyalı Bob Petri, Əli Abdullayev Ariz Nəbiyev çıxış edib.

 

F.Hacıyeva tələbələri üçün həm tələbkar müəllim, həm də onların uğurlarına sevinən bir anadır. Bunu hər an görmək mümkündür: Musiqi Mərkəzinin konsert zalında stolun üstündə tələbələrinin uğurlarını əks etdirən diplomlar, fəxri fərmanlar düzülüb. O, eyni zamanda, tələbələrinin hər ifasını ciddi olaraq izləyir. Budəfəki konsertdə də belə oldu. Fidan xanım nəinki onları dinlədi, əyləşdiyi yerdəcə tələbələri ilə birgə oxudu, onların keçirdiyi həyəcanlı anlara ecazkar ifası ilə qoşuldu. Nəzrin Həsənzadənin çıxışında isə ayağa qalxıb onunla birgə oxuyaraq tələbəsini dəstəklədi.

 

Bu gün Fidan Hacıyevanın tələbləri də ona sədaqətlidir. Konsertdən əvvəl Elçin Əliyev etiraf etdi ki, hər ifaçı sənətin sirlərini gənc nəslə öyrətməyə can atmır, gənclərə bəzən qısqanclıqla yanaşanlar da olur. Lakin F.Hacıyeva tələbələrindən heç nəyi əsirgəmir. E.Əliyev Musiqi Mərkəzinin gələcəkdə akademiya səviyyəsinə yüksələcəyinə, yeni-yeni istedadları üzə çıxaracağına inanır.

 

Tədbirdə F.Hacıyevanın çəkildiyi “Xınayaxdı gecəsi” filminin təqdimatı da keçirilib. Filmin rejissoru Nail Naiboğlu, ssenari müəllifi Nazilə Səfərlidir. Azərbaycan adət-ənənələrinin əks etdirildiyi bu film təkcə ölkəmizdə deyil, xaricdə də nümayiş olunacaq. Ekran əsərində F.Hacıyeva milli musiqi əsərlərimizi ingilis dilində ifa edir. Nazilə Səfərli isə “Arşın mal alan” operettasından “Gözəlim, yar gözəlim” mahnısını səsləndirib. İyirmi dəqiqəlik film adət-ənənələrimizi dolğun əks etdirir. Fidan Hacıyeva deyib ki, xınayaxdı mərasimi analoqu olmayan bir ənənədir: “Çalışdıq ki, hər bir detalı o filmdə göstərək. Dünyanın bir çox məşhur müğənniləri bizim naxışlardan istifadə edirlər. Çalışdıq ki, həmin naxışların, xonçaların xalqımıza məxsus olduğunu göstərək. Filmin ərsəyə gəlməsində bir çox işlər görüldü. Nazilə xanım öz ifası ilə istedadının yeni bir tərəfini üzə çıxardı. Bu layihəni Fransadakı Azərbaycan Evinə Mirvari Fətəliyevaya təqdim etmişik. O, bunu çox bəyənib və öz səhifəsində paylaşıb. Biz adət-ənənələrimizin təbliğini davam etdirəcəyik”.

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017