“Çölə çağırdılar, üzünə kimyəvi turşu atıb qaçdılar” - HƏYAT DRAMI

Bu çəkilişə gedib-gəldikdən sonra bir müddət nə kadrlara baxa, nə də həyat dramının ssenarisini yaza bildim. Çox təsirlənmişdim, bir neçə gün gözümün önündən getmədi bu ailənin dramı, ağrılı-acılı görüntülər. Ağır talelər yaşayan insanlar çox görmüşük əlbəttə, bu cür həyat dramları həmişə olub və olacaq. Bəzən talelər çox faciəli olur, deyirik həyatdır, insanın əlindən heç nə gəlmir, Allaha pənah aparırıq o an. Amma bir də var bütün bunların arxasında taleyin hökmü, həyatın gedişi, qismət yox, məhz bir adam dayansın, faciəyə azğınlaşmış biri səbəb olsun. Qəhrəmanımızın adı Fəryaddır. Kürdəmir rayonundandır. Cəmi 33 yaşındadır. 2016-cı ilin avqustunda özünün sevib-seçdiyi, uzun illər uğrunda hər cür fədakarlığa hazır olduğu Rufanə ilə ailə qurub. Rayonda özünə toy edib, gəlinini gətirib, qol açıb oynayıb öz toyunda, sevgilisinin əlindən tutub, gözlərinin içinə baxıb ona sevgisini, ailəsini ömrü boyu qoruyacağına söz verib. İndi Fəryad nəinki sevdiyi qadının gözlərinə, heç kimə və heç nəyə baxa bilmir, dünya işığına həsrətdir bu cavan oğlan. Düşmənçilik zəminində Fəryadı dünya işığından məhrum edənlərsə hələ də azadlıqdadırlar.

 

Nigarxanım Rəhimova Fəryadın anasıdır. Oğlunun başına gətirilənləri heç cür həzm edə bilmir qadın. Barışa bilmir oğlunun faciəsi ilə. Onun yenidən görməsi üçün hər şeyindən keçməyə hazırdır bu ana... Fəryadın ümidsizlik dolu fəryadını hər gün göz yaşları ilə seyr edir, bütün varlığını çulğayan bu dərdə çarə etmək üçün əlindən heç nə gəlmədiyinə görə özünü də qınayır: “Toy günü, avqustun 16-da biz gəlinimizi apardıq Kürdəmir restoranına toya. Toy qurtarana yaxın ordan oğluma bildirdilər ki, Bakıdan toyuna gələ bilməyən dostların pul salıblar. Sonra isə həmin zərfdən pul yox, söyüş, təhqirlə dolu məktub çıxdı. Toydan sonra baxdıq ki, bunu gətirən şəxs kimdir, həmin kameradakı adamın şəklini oğlum çıxardı və polis idarəsinə verdi. Və dedi ki, bu adam məni toy günü narahat edib. Həmin gündən etibarən o cür yazılardan ibarət məktublar atırdılar evə, həyətə, qapıya. Yazırdılar ki, sən gedib kənardan evlənmisən, mənim adıma da yazırdılar ki, sənin oğlunu öldürəcəyik. Onlar o şəkillə, o verdiyimiz məktublarla heç nə eləmədilər”.

 

Toydan sonra 5 ay bu cür narahatlıq, hədə-qorxu içində yaşayıb Fəryadla Rufanə. Hər gün həyətindən, darvazanın ağzından söyüş dolu məktublar tapıblar. Nəhayət, fevralın 3-də, axşam saat 10 radələrində küçədən “Fəryad, Fəryad”, - deyib onu səsləyiblər. Fəryad heç nədən xəbərsiz darvazanın ağzına çıxıb: “Darvazamız evdən 40-50 metr qabaqdadır. Bu da darvazanı açıb çıxıb və deyib mən sizi tanımıram. Çağıran deyib məni filankəs göndərib sənin yanına. Deyib işlə bağlıdır, gəl 1-2 dəqiqə söhbət edək. Fəryadın bir qolu işləmir, o təqaüd alır. Sonra kənardan bir nəfər gəlib Fəryaddan alışqan istəyib. Cibindən alışqanı çıxardıb vermək istəyəndə üzünə kimyəvi turşu atıb qaçdılar”. Həmin gündən, düz 8 aydır ki, bu iş Kürdəmir rayon Polis Şöbəsində və prokurorluğundadır. Oğlu dünya işığından məhrum edilən ana ürək yanğısı ilə deyir ki, toy günü pul qutusuna söyüş və təhqir dolu məktub atanın şəkli də, Fəryadı darvazaya çağıran insanların foto-robotu da hazırlanıb, amma ortada heç bir nəticə yoxdur. Sözügedən strukturlardan hər dəfə soruşulanda işlə bağlı yenilik olmadığı deyilir ailəyə. Anası deyir ki, oğlu heç kimlə düşmənçilik etməyib. Fəryadın üzünə atılan turşu onun bütün göz damarlarını yandırıb. Bunu kimin və hansı səbəblə törətməsini saatlarla, günlərlə, aylarla düşünmək, danışmaq, yazmaq olar əlbəttə. Ancaq hamısı nəticəsizdir. Bu gün bircə reallıq var – o da gənc, yenicə ata olmuş və körpəsini görməkdən məhrum edilmiş Fəryadın qaranlıq dünyası... Bunu törədənlər də, söyüş və təhqir dolu məktubları yazanlar da tapılacaq bir gün əlbəttə. Əgər ədalət var olan bir ölkənin vətəndaşlarıyıqsa, bu dəhşətli hadisəni törədənlər cəzalarını çəkəcəklər deyə düşünür bu ana... Bir ananı, bacını, yenicə ailə qurmuş gənc bir qızı gözüyaşlı qoyub, Fəryadı işıqlı dünyaya, körpəsi ilə xoşbəxt anlarını paylaşmağa həsrət qoyanlardı o insanlar. Nə Fəryad bunu həyatı boyu unudacaq, nə də onun körpəsi atasının əlindən alınan bu günləri yaddaşından siləcək böyüyəndə.    

 

Gənc yaşında həyat yoldaşını itirib bu ana. Oğlunu və qızını özü təkbaşına əzab-əziyyətlə böyüdüb. O, heç zaman ağlına belə gətirməyib ki, oğlu dünya işığından məhrum ola bilər. Övladlarının dünyasının hər zaman işıqlı olması üçün həyatını onlara sərf edib bu gözüyaşlı qadın. Balasının gözlərinin açılmasını, yenidən ona sevgi ilə, qayğıkeş və inamlı baxışlarla baxmasını istəyir ana.

 

Fəryadın üzünə kimyəvi turşu atıldıqdan sonra ailə əvvəl rayon xəstəxanasına gedib, Fəryad orda 10 gün qalıb. Sonra isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində iki ay yatıb. Ana oğlunun gözünün açılması üçün hələ ki, ümid var deyir. Əgər tez üstünə düşülsə. Azərbaycanda buynuz qişanın transplantasiyası edilmir deyə, ailə İran İslam Respublikasına üz tutub. Fəryad İranda zəruri olunan müayinələrdən keçib. Amma sonrakı prosesə ailənin maddi imkanı olmadığı üçün daha İrana gedə bilməyiblər. Fəryadın bir gözünün əməliyyatına 3000, ikinci gözün əməliyyatına isə 2000 dollar deyilib. Oğlunun görməsi üçün öz gözünü verməyə də razıdır ana. Yetər ki, Fəryad bu dərddən qurtulsun.

 

Nigarxanım imkanlı şəxslərdən xahiş edir ki, oğlunun gözünün açılması üçün onlara kömək etsinlər. Vaxtilə bu ailəni gördüyünüz bu oğul - Fəryad saxlayıb. Bu gün isə bu ana, oğul, gəlin və uşaq qohum-qardaşdan gələn çörəyə möhtacdır. Nigarxanım deyir, bu möhtaclıq xəcalətini hər gün çəkmək özü də bir dərddir.

 

Fəryadı danışmağa güclə məcbur etdik. İstədik bu günahsız oğlanın nə əziyyətlər çəkdiyini, necə incidildiyini özündən duya, hiss edəsiniz... Çox ağırdır onun yaşantıları. Dözülməzdir... Danışmaq istəmir, suallarımıza qısa cavab verir. Yaşadıqlarını xatırlamaq da ağırdır onun üçün. Çünki xatırladığı hər şey sonda onu gətirib həmin müdhiş günə, faciəsinə çıxardır. Çəkiliş müddətində Fəryad yalnız gözünü ovxaladı, əlini gözündən çəkmədi. 8 aydır bu dünyada rənglərdən yalnız "qara"nı görə bilir. O da rəng halında yox, boşluq, kimsəsizlik şəklində. Öz gözlərində qaranlıq bir quyuya düşüb Fəryad. Onu ordan işığa çıxartmaq üçün kimlər üçünsə qəpik-quruş sayılan 5-6 min dollar lazımdır.

 

Gözlərinin yenidən görməsini hər şeydən çox arzulayır Fəryad. Təkcə işıqlı dünyanı görmək üçün yox, həm də anasına və ailəsinə sahib çıxmaq üçün...  Həm də xoşbəxtliyini bitirən, həyatını alt-üst edən, onu dünya işığına məhrum qoyan insanların tapılmasını da istəyir Fəryad. Deyir bunun üçün nə lazımdırsa, etməyə hazırdır, yetər ki, müqəssirlərin kimliyini bilsin. Fəryad deyir ki, toy günü gətirib restoranda qutuya içi söyüşlə dolu zərf atanın şəklini hələ hadisə baş verməmişdən polisə təqdim ediblər. Deyir, polisə təqdim edib və deyib ki, onu narahat edirlər. Bəlkə də başına gələcək faciəni hiss edib Fəryad... Rayon polisi isə Fəryaddan ipucu istəyib və bir neçə aydan sonra həmin adamların əli ilə kimyəvi turşu atılıb gözlərinə. Fəryad deyir, əgər həmin günü səsə çıxmasaydı, bəlkə indi gözləri görərdi. Ondan həmin insanlara nə etmək istədiyini soruşduq. “Mən daha heç nə”, - dedi - olan oldu, amma qoy qanunla cəzalandırılsınlar ki, hər kəs cinayət etməzdən əvvəl cəzası barədə düşünə bilsin.

Övladını görmək istəyir Fəryad, hər şeydən çox körpəsinə baxmaq, onu üzdən tanımaq istəyir indi.

 

Bu gənc oğlan yaşadıqlarından dolayı ciddi psixoloji sarsıntı keçirməkdədir. Deyir toydan sonra kameraya baxıb söyüşlə dolu zərfi qutuya atan şəxsin şəklini çıxardıqdan sonra hər kəsə diqqətlə baxmağa və o adamı tapmağa cəhd edib. Fəryad, o adamı rayonun hər yerində axtarıb. Adamsa görünür bu axtarışlara son qoymaq üçün belə bir cinayət planlayıb həyata keçirdib. Fəryad belə deyir və əlavə edir ki, toy günü atılan məktubda çox dəhşətli sözlər yazılıbmış deyə onu nə harasa vermək, nə də kiməsə danışmaq olar. Həyatının xoşbəxt yaşamalı anında, körpəsi ilə zaman keçirməli bir dönəmdə Fəryad yenidən işıqlı dünyaya qayıtmaq arzusu ilə yaşayır.

 

Fəryadla Rufanə 6 il bir-birlərini seviblər. Ailələri məhz sevgi üzərində qurulub. İndi onların Əli adlı 3 aylıq bir körpəsi var. Fəryad deyir, oğlunun adını özü qoyub. Rufanə də başlarına gətirilən faciəyə baxmayaraq, Fəryadın əlini buraxmır. Onlar əl-ələ verib bu çətinliyin öhdəsindən gəlməyə çalışırlar. Fəryadın gözünün İranda əməliyyat olunması üçün lazımi vəsait tapılsa, onlar bu gözəl balanı xoşbəxt ailədə böyüdə biləcəklər. Yardım edən şəxs təkcə Fəryadın gözlərinə yox, həm də bu ailənin evinə, həyatına işıq bəxş etmiş olacaq. Tələb olunan vəsaiti tapmaq üçün ailə bizə üz tutub. Bizsə, əziz izləyicilər, imkanlı şəxslər, sizlərə üz tuturuq... 

 

Amma əlbəttə ki, bu həyat dramını təqdim etməkdə bir məqsədimiz də hüquq-mühafizə orqanları, müvafiq dövlət qurumlarını Kürdəmirdə törədilmiş və səbəbkarları cəzasız qalmış bir cinayətlə bağlı məlumatlandırmaqdır. Fəryadı bu vəziyyətə salanların tapılıb məsuliyyətə cəlb edilməsi və qanunla cəzalandırılması onun sınıq qəlbində bir ümid işığı yandırar.

 

Fəryadla anası Nigarxanım məhz bu çəkiliş üçün Kürdəmirdən Bakıya gəliblər. Onların "Həyat dramı"nı Fəryadın bacısı Cəmiləgildə çəkdik. Elə qardaşı üçün için-için yanan həmin bacı bizi tapdı və kömək istədi... Biz də bu gənc ata, bu ailə və çarəsiz ananın xatirinə sizlərə müraciət edirik. Fəryad yenidən dünyaya baxsın deyə imkanı olanlardan bu faciəyə laqeyd qalmamağa rica edirik...

 

Fəryadın gözünün açılması üçün yardım etmək istəyənlər üçün nömrələr:

Fəryadın bacısı Cəmilə 055 493 93 28

Yoldaşı Elnur 055 893 93 25

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017